Kosmosdan kommersiya məqsədləri üçün aktiv istifadə münaqişə riskini artırır. Bu arada kosmosa kommersiya uçuşları başlamazdan çox əvvəl qəbul edilmiş köhnə qaydalar qüvvədədir. Nəticədə kosmosda yaranan istənilən münaqişəli vəziyyətlər özəl müəssisələrin deyil, dövlətlərin məsuliyyətinə çevrilir.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın “Das Erste” telekanalının saytı yazır. Kosmik fəzada getdikcə daha da sıxlıq yaranır: daha çox ölkə getdikcə kosmosda öz kommersiya layihələrini həyata keçirir. Bu da öz növbəsində münaqişə riskini artırır. Oktyabr ayında Çin hökuməti “SpaceX” şirkətini iki peykinin Çin kosmik stansiyasına xəsarət yetirməkdə ittiham etdi. Kosmik hüquq üzrə ekspert Henri Hertsfeldin fikrincə, əgər toqquşmalar həqiqətən baş veribsə, o zaman mövcud qanunvericiliyə görə, bu məsələdə “SpaceX” şirkəti yox, ABŞ hökuməti özü məsuliyyət daşıyır.
Nəşrin yazdığı kimi, kosmik hüquq çərçivəsində 1967-ci il tarixli beynəlxalq müqavilə hələ də qüvvədədir. “Das Erste” qeyd edir ki, eyni zamanda o vaxt kosmosa kommersiya xarakterli uçuşlar barədə söhbət belə getmirdi. Kosmosda fəaliyyət göstərən oyunçular yeni qaydalar istəmədiyindən köhnə qanunvericilik hələ də qüvvədədir. Bununla belə, NASA əməkdaşı Tomas Tsurbuçenin fikrincə, qanunvericilikdə dəyişikliklər qaçılmazdır: “Kosmosda nə qədər çox kommersiya komponenti peyda olarsa və nə qədər çox investisiyalar qoyularsa, kosmik fəzada bir o qədər çox sıxlıq yaranar. Bu baxımdan təkcə davranış qaydalarının deyil, həm də yeni qanunların qəbulu çox vacibdir”.
“Das Erste” yazır ki, kosmosda mümkün münaqişələr heç də uzaq deyil. Artıq dörd dövlət (ABŞ, Çin, Rusiya və Yaponiya) Ayda baza tikmək planlarını açıqlayıb. Burada söhbət nadir metalların, suyun çıxarılmasından və ya kosmosun dərinliklərinə uçuşlar üçün əlverişli mövqenin inkişaf etdirilməsindən gedir.
Nəşr yazır ki, “Ay yarışını” tənzimləmək üçün hazırlanacaq yeni qanunların kosmosun kommersiya məqsədli tədqiqinə mane olacağından qorxular var. Ona görə də BMT qanunvericilik təşəbbüsləri ilə hələ ki, tələsmir. Ayrı-ayrı ölkələrə gəlincə, məsələn, ABŞ-da yeni qanunlar qəbul edilir, lakin onlar yalnız Amerika vətəndaşları və Amerika müəssisələri üçün keçərlidir.
Miraslan