Konkret şəxslərin hegemon olduğu BMT Təhlükəsizlik Şurasının dünyada sabitliyi təmin etməsi mümkün deyil. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda qatıldığı forumda Suriya və Misirdə baş verən hadisələrə münasibət bildirərkən deyib. Ərdoğan BMT-nin Suriya məsələsindəki mövqeyini pisləyib.
"Suriyada 1700 adam kimyəvi silahla
öldürüldü. BMT-nin Təhlükəsizlik Şurası hələ də bununla bağlı qərar verə
bilmir. 3 ilə yaxındır ki, 110 min adam bombalarla öldürülür. BMT-nin
Təhlükəsizlik Şurası bununla əlaqədar hələ qərar verə bilmir. BMT nəyə yarayır?
BMT sülh üçün yaradılmış bir təşkilatdır. 196 üzvü var. Hazırda öz vəzifəsinin
öhdəsindən gələ bilirmi? - təəssüf ki, gələ bilmir. Onda soruşmaq lazımdır, biz
BMT təşkilatını niyə yaratdıq? 5 daimi üzvünün dodaqları arasına kilidlənmiş
bir dünya ədalətli bir dünya ola bilməz", - deyə Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğan həmçinin Misirdə baş
verənlərə də münasibət bildirib. "Hardadır demokratiya? Hardadır xalqın
iradəsi? Hərbi çevrilişdən məmnun olduğunu ifadə edən Qərb ölkələri var. Əgər
demokratiyadan danışırıqsa, bu addımlar atılmamalıdır", - Türkiyənin baş
naziri belə deyib.