Prezident Kitabxanasında
Cəmiyyət
271
13:28, Bu gün

Prezident Kitabxanasında "Zərifə Əliyeva" adlı çoxdilli virtual kitab sərgisi hazırlanıb

Prezident Kitabxanası Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanın həyatı və çoxşaxəli fəaliyyətindən bəhs edən "Zərifə Əliyeva" adlı çoxdilli virtual kitab sərgisi hazırlayıb.

Moderator.az xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, sərgidə akademikin zəngin elmi-pedaqoji irsi, tibb elminin inkişafına verdiyi töhfələr, ictimai fəaliyyəti, habelə vətənə və xalqa bağlılıq ruhunda keçən mənalı ömür yolu müxtəlif dillərdə nəşr olunmuş kitablar, elmi əsərlər və bioqrafik materiallar vasitəsilə əhatəli şəkildə təqdim edilib.

Bu nəşrlər Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatları, əldə etdiyi elmi nailiyyətləri, həkim kimi humanist prinsiplərə sədaqətini və çoxillik pedaqoji fəaliyyətini dolğun şəkildə işıqlandırır.

Həmçinin virtual sərgidə onun həyat və fəaliyyətinə həsr olunmuş xatirə-oçerklər, publisistik yazılar və tədqiqat əsərləri də yer alır. Bu materiallar yalnız bir alim obrazını deyil, eyni zamanda, yüksək mənəvi dəyərlərə malik, dövrünün görkəmli ziyalılarından birinin portretini tamamlayır.

Sərgi Prezident Kitabxanasının rəsmi veb-saytı vasitəsilə ictimaiyyətə açıqdır və geniş oxucu auditoriyası üçün mühüm elmi-informasiya mənbəyi funksiyasını daşıyır. Bu təşəbbüs Azərbaycan elminə və cəmiyyətinə dəyərli töhfələr vermiş şəxsiyyətlərin irsinin qorunması və tanıdılması istiqamətində Prezident Kitabxanasının ardıcıl və məqsədyönlü fəaliyyətinin davamıdır.

Sərgi ilə //www.preslib.az/az/virtual/books/SjZF8Vb link vasitəsilə tanış olmaq mümkündür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər