“Gənc Liderlər Təhsil Təlim və İnkişaf” İctimai Birliyi yeni layihənin icrasına başlayıb. QHT.az xəbər verir ki, “Y.E.T.Ə.R”- Azərbaycanda qadın və qızların hüquqlarının və səsinin təbliği və səfərbər edilməsi” layihəsi 4 ay ərzində icra ediləcək. Layihənin məqsədi Azərbaycanda genderə həssas innovativ texnologiya yönümlü alətlər vasitəsilə qadınların hüquqlarını, gender bərabərliyini təşviq etmək və qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaqdır. Layihə Azərbaycanın Gəncə və Qazax rayonlarını əhatə edəcək.
Layihə çərçivəsində aktiv qadınlar və yerli QHT və dövlət nümayəndələrindən ibarət ən azı 15 nəfərdən ibarət olan 2 qrupla “iş yerində gizli ayrı-seçkiliyə dair” fokus qrup müzakirəsi təşkil ediləcək. Müzakirələr zamanı ayrı-seçkilik əleyhinə Avropa hüququnun məzmunu, Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası, Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Xartiyası, BMT-nin insan hüquqları üzrə sazişlərində nəzərdə tutulan hüquqların reallaşmasında qarşılaşılan problemlər müəyyənləşdiriləcək.
Qeyd edək ki, layihənin nəticəsi olaraq iş yerində gizli gender ayrı-seçkiliyinin qarşısının alınması üçün məlumat və vasitələrin mübadiləsi üçün fokus qrupları ilə iki məlumat sessiyasının təşkili nəzərdə tutulur.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Pərvanə Fərhadqızı