Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.
AMB-nin məlumatına görə, bu, Şahin Mahmudzadədir.
Yeni təyinatla sədrin müşavirlərinin sayı üçə çatıb.
Ş.Mahmudzadə 1992-ci ildə Bakıda anadan olub, 2015-ci ildə Ankara Universitetini maliyyə ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini maliyyə ixtisası üzrə magistr dərəcələri ilə bitirib, 2013-cü ildə “Erasmus” proqramı çərçivəsində Belçikanın KU Leuven Universitetində iqtisadiyyat və idarəetmə ixtisası üzrə bir illik təhsil alıb, həmçinin “Chartered Financial Analyst” (CFA) sertifikatına yiyələnib.
O, əmək fəaliyyətinə 2016-cı ildə AMB-nin Pul Siyasəti Departamentində başlayıb, 2018-ci ildən “Paşa Həyat Sığorta” ASC-nin Risklərin İdarəedilməsi Departamentinin Kredit Bazar və Likvidlik Risklərinin İdarəedilməsi Şöbəsinin baş mütəxəssisi, 2020-ci ildə şöbənin müdiri, 2021-ci ildən isə departamentin direktoru işləyib, bu aydan isə AMB-nin komandasına qoşulub.