Moderator.az-a müraciət edən Fərman Abdullayev qardaşı oğlunun vəhabi təriqətinə bağlı şəxslər tərəfindən aldadılaraaq Suriyaya aparıldığını bildirib. F.Abdullayevin bildirdiyinə görə, qardaşı oğlu Türkiyədə təhsil almaq adı ilə Azərbaycanı tərk etsə də, daha sonra onun sorağı Suriyadan gəlib:
“Qardaşım oğlu 1996-cı il təvəllüdlü Abdullayev Rafail Qurban oğlu 2013-cü ilin iyun ayında Türkiyəyə oxumağa getmək adı ilə ailəsi ilə vidalaşsa da, çox keçmədən onun Suriyada olduğu bəlli olub.
Belə ki, 1988-ci il təvəllüdlü Xəyalov Ramin Zəkəriyyə oğlu adlı şəxs Rəfailin ailəsinə bir neçə sənəd verərək, onu imzalamağı xahiş edib. Adıçəkilən şəxs bildirib ki, bu sənədlər onların övladının Türkiyədə alacağı təhsillə bağlıdır. Məhz bu səbəbdən də həmin şəxsin dediklərinə inanan Rafailin atası oxumadan sənədləri imzalayıb. Bundan sonra Rafail 1988-ci il təvəllüdlü Balaqədəşov Cavid Zahid oğlu və Xəyalov Ramin Zəkəriyyə oğlu ilə birlikdə Türkiyəyə oxumaq adı altında ölkəni tərk edir. Əvvəlcə Rəfail Türkiyə kodlu telefon nömrəsindən vaxtaşırı atasına və ya mənə zəng vururdu. Cari ilin 17 fevralında isə mənə Balaqədəşov Cavid zəng vurdu və Rafailin yaxşı olduğunu bildirdi. Həmin vaxt mənə edilən zəngin kodunun Suriyaya məxsus olduğunu gördüm. Növbəti dəfə mənə zəng edən zaman kodun Suriyaya məxsus olduğunu, Suriyaya niyə, hansı səbəbdən getdiklərini soruşdum və bu zəngdən sonra onlarla əlaqəm tamamilə itdi. Yalnız bir həftə bundan əvvəl mənə Suriya kodu ilə bir nömrədən Rafaildən mesaj gəldi. Orada yazılmışdı: “Mən bu dünyanı istəmirəm. Mən cənnətə getmək istəyirəm. Bunun üçün də mən şəhid olmaq istəyirəm”. Mən bundan sonra bütün əlaqədar qurumlara müraciət etdim. Lakin təəssüflər olsun ki, mənim müraciətimə baxan olmadı. Hesab edirəm ki, hazırda Rafail böyük ehtimalla Türkiyə-Suriya sərhəddindədir və onlara təlimlər keçirlər. Çünki onun 18 yaşı hələ aprelin 2-də olacaq. yəqin ki, bir müddətdən sonra onlar döyüşə atılacaq.
Bu gün Azərbaycanı vəhabi təriqəti sanki girov götürüb. Uşaqlarımızı, övladlarımızı burnumuzun dibindən zorla alıb aparırlar. Dövlətin səlahiyyətli strukturlarından Suriyaya güclə aparılan balalarımızı ölkəmizə gətirmələrinə yardım etmələrini istəyirəm. Qoyun onları bizim dövlət cəzalandırsın. Amma gedib orada məhv olmasınlar. Bu, tək dövlət başçısının işi deyil. Bu eyni zamanda özbaşına və vəzifələrindən sui-istifadə edən məmurların işidir. Böyük ehtimalla zorla Suriyaya aparılanların başında elə onlar dayanır”.