Çin hökumətinin Uyğurustanın mərkəzi Urumçi şəhərində özəl ticarət mərkəzlərini milliləşdirməsi siyasəti onlarla azərbaycanlı iş adamını müflislik həddinə çatdırıb.
Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, son bir ayda xeyli sayda ticarət mərkəzi boşaldılıb:
“Artıq bir aydan çoxdur ki, Urumçidə əsasən “gəlmələrin” çalışdığı nəhəng ticarət mərkəzlərinin milliləşdirilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Belə ki, Çin hökuməti uzun illərdir ki, bir növ azad iqtisadi zona qismində fəaliyyət göstərən ərazidəki ticarət mərkəzlərini dövlətin mülkiyyətinə keçirməyə qərar verib ki, bu da sahibkarlar ticari fəaliyyətinə zərbə vurub. Sahibkarların əlindən alınan ticarət mərkəzlərinin qarşılığında iş adamlarına cüzi kompensasiyalar verilib ki, bu da iş adamlarının zərərini təmin etmir. Artıq Urumçidə ciddi ticari əlaqələrə malik onlarla azərbaycanlının son proseslər fonunda iflasa uğradığı birmənalıdır. Rəsmi Pekinin “Urumçi əməliyyatı” isə davam edir. Bu isə hələlik proseslərdən kənarda qalan digər azərbaycanlı sahibkarların da biznes fəaliyyətinin təhlükədə olduğunu göstərir. Çox güman ki, Urumçidə baş verən proseslər qısa zamanda Azərbaycanın iqtisadi həyatında da özünü az və ya çox dərəcədə hiss etdirəcək. Ən azından ona görə ki, Azərbaycana ixrac edilən Çin məhsullarının böyük əksəriyyəti məhz Urumçidə fəaliyyət göstərən azərbaycanlı sahibkarların payına düşür və onların iflası bu sahədə də qısamüddətli də olsa ciddi durğunluq yaradacaq”.
Şamil