Ədalət Partiyası ölkəmizdə səhiyyənin vəziyyəti və əhalinin sağlamlığının qorunması ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:
Ədalət Partiyası Azərbaycan xalqının rifahının
yüksəlməsi yolunda olan obyektiv və subyektiv problemlərin həlli üçün
çalışaraq, cəmiyyətimizi narahat edən sosial və iqtisadi məsələlərin həlli
yollarını axtarır, şüarbazlıq və tənqid xatirinə tənqiddən uzaq olaraq,
reallığı nəzərə alaraq göstərilən sahələrdə vəziyyətin mütəmadi şəkildə müsbətə
doğru dəyişməsinin nə cür əldə olunması üsullarını aramqdadır.
İlk olaraq, partiyamız Azərbaycan xalqının ən
ağrılı problemlərindən biri olan sağlamlıq məsələlərinin həllini nədə gördüyünü
bəyan edir. Bu gün vətəndaşlarımızın sağlamlığını təmin edəcək sistemin
qüsurları göz qabağındadır: keyfiyyətsiz tibb təhsili səhiyyə sistemində
səriştəsiz həkimlər göndərir, səriştəsiz həkimlər düzgün diaqnostika və müalicə
apara bilmədiyinə görə, xəstələr digər üsullara əl atmalı olurlar. Son illər
tibb müəssisələlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə milyonlarla
vəsait sərf olunur, yeni müasir diaqnostika mərkəzləri tikilir, diaqnostika və
müalicə avadanlığı alınır, lakin bir çox halda, səriştəli mütəxəssis
çatışmadığından, bu avadanlıq ya yarı gücünə, ya ümumiyyətlə istifadə olunmur.
Beləliklə, dövlətin bu sahəyə qoyduğu sərmayənin faydalı iş əmsalı kritik
dərəcədə aşağıdır. Bundan başqa, təyin olunan dərmanların qiyməti çox bahadır.
Bütün bunların nəticəsində əhalinin böyük bir
hissəsi lazımi tibbi yardım və müalicə ala bilmir, bir çoxları imkansızlıq və
çarəsizlikdən özünu müalicəyə əl atır, bəziləri uzun illər qaytara bilmədiyi
borca düşür, bəziləri elə həmin xəstəliyə dözə-dözə ölümünü gözləyir,
bəzilərində isə vaxtında müalicə edə bilmədiyi xəstəliyi xroniki formaya keçib
ömrünün sonunu tezləşdirir. İmkanlı və vəzifəli təbəqənin nümayəndələri, hətta
Səhiyyə sisteminin yüksək çinli məmurları rəhbərlik etdikləri struktura etibar
etmədiklərinə görə, özlərinin və yaxınlarının müalicəsi üçün xarici ölkələrə üz
tutur.
Səhiyyəmizin ümumi səviyyəsinin qənaətbəxş olmaması
ilə yanaşı, bu gün orta statistik azərbaycanlı üçün tibbi müalicənin hazırkı
məsrəfləri ən ciddi problem sayılır. Bu problem dünyanın əksər ölkələrinin
səhiyyə sahəsində geniş tətbiq olunan İCBARİ
TİBBİ SIÄžORTA SİSTEMİ vasitəsilə həll oluna bilər. Səhiyyənin ümumi
səviyyəsinin qaldırılması uzunmüddətli strateji məsələdir və onun həlli üçün
kifayət qədər uzun müddət tələb olunur. Məhz tibbi sığorta, səhiyyənin keyfiyyəti
səviyyəsinə birbaşa az təsir etsə belə, əhali üçün çox əlverişlidir. İstər
xəstəxanada, istərsə də xəstəxanadan kənar müalicə alanda xəstə pul ödəmir.
Bəzi xüsusiləşmiş xəstəxanalarda isə tələb olunan məbləğin cüzi bir hissəsi
ödənilir.
Təəssüf ki, Azərbaycanda bu sistemə keçid hələ də
ləngiyir, halbuki sistemin ölkəmizdə tətbiqi üçün lazım olan bütün hüquqi
əsaslar var. Hələ 1999-cu ildə ölkəmizdə "Tibbi sığorta haqqında"
qanun qəbul olunub. Eyni zamanda "Tibbi sığorta haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 30 dekabr 1999-cu il tarixli fərmanı da var. Bundan başqa,
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin
maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi
Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı" da
hazırlanıb. Bu sənəd isə Nazirlər Kabinetinin 11 avqust 2008-ci il
tarixli qərarı ilə təsdiq olunub. Bundan sonra artıq Nazirlər Kabineti yanında
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.
Dünya təcrübəsinə
görə tibbi sığortanın tətbiqi səhiyyə sektorundakı çoxsaylı problemlərin
həllini zəruriləşdirir. Azərbaycan səhiyyəsinin də ciddi problemlərdən -
pasiyent-həkim münasibətlərindəki bəzi ziddiyyətlər, yüksək səviyyəli mütəxəssis
azlığı, həkimlərin sosial qayğıları və digər çatışmazlıqlardan sığortalanmadığı
bir ərəfədə icbari tibbi sığortanın tətbiqinin zəruriliyi ortaya çıxır.
Maraqlısı odur ki, ölkədəki səhiyyə müəssisələrindəki şərait, həm də iqtisadi
potensial "Tibbi sığorta haqqında" qanunun icrasını tam mümkün
edir.
Bəs hələ 14 il əvvəl qəbul edilən "Tibbi
sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqinə nə mane
olur?
Nə qədər
ki, dövlət və özəl təşkilatlarda işçilərlə işəgötürənlər arasındakı münasibətlər,
ələlxüsus “qara maaş” məsələsi var, nə qədər ki özəl sektorda sahibkarlar
yoxlayan təşkilatlara mütəmadi olaraq qeyri-qanuni haqq ödəyir, bu məsələ öz
həllini tapmayacaq! Onu da nəzərə alaq ki, iqtisadiyyatımızın ən azı üçdə biri
kölgə sektoruna aiddir - bu kəsim də heç vaxt rəsmi münasibətlər tələb edən
icbari sığortaya müraciət etməz. Rəsmən çalışan heç bir sahibkar da rəsmi
vergiləri və sosial ayırmaları, üstəgəl qeyri-rəsmi “rüsumları” ödədikdən sonra
sığorta şirkətlərinə öz işçilərinin icbari sığortası üçün pul ödəmək həvəsində
olmayacaq. Əks halda sahibkarlar qısa müddətə müflis olarlar.
Yəni, yeni yaradılmış Agentlik nə vaxtsa tam gücü
ilə işləməyə başlasa belə, əsas icbari sığorta yükü yenə də işəgötürənlərin
payına düşür və onların əlavə məsrəflərdən boyun qaçırması iqtisadi cəhətdən
başadüşüləndir. Bu problem icbari tibbi sığortanın geniş tətbiqi yolunda əsas
maneə olduğundan, elə ilk növbədə həll olunmalı, yoxlayan təşkilatlar
korrupsiya əməllərindən əl çəkməli, sahibkarlar üçün əlavə stimullar
yaradılmalı, hətta vergi yükünün azaldılması məsələlərinə yenidən baxılmalıdır.
Şərait yaratmaq lazımdır ki, insanlarımız səhiyyə
sistemində müalicə üçün əziyyət çəkməsinlər. Bunun da yeganə yolu tibbi
sığortanın tezliklə və tam miqyasda tətbiq edilməsidir!
Ədalət Partiyası
Bakı, 28 yanvar 2014-cü il