Bugünlərdə sosial şəbəkələrdə yayılan xəbərlərdə iki terror təşkilatı ”“ “Meşə qardaşları” və “Ceyşullah”ın Azərbaycanda “iqtidara qarşı hərbi əməliyyatlara start verəcəyi” və “cihad edəcəyi” ilə bağlı informasiyalar yer almaqdadır. Məlum informasiyaların adıçəkilən islam qruplaşmalarına məxsus olub-olmadığı dəqiq bəlli olmasa da, yayılan xəbərlərin ictimaiyyətdə ciddi narahatlıq doğruduğu birmənalıdır.
Bununla bağlı Moderator.az-a açıqlama verən milli təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu cür hədələrin bütün hallarda ciddiyə alınmasının vacibliyinə diqqət çəkdi:
“Təşkilatından asılı olmayaraq istənilən hədə ciddiyə alınmalıdır. “Meşə qardaşları” və “Ceyşullah” dünyada terror təşkilatları kimi tanınmaqdadır. “Meşə qardaşları” Azərbaycan ərazisində kiçikmiqyaslı olsa da terror aktlarına cəhd edib. Bu hadisələr ictimaiyyətə bəllidir. Bu baxımdan həqiqətən də məlum açıqlamalar sözügedən təşkilatlara məxsusdursa, o zaman bu məsələlər ciddiyə alınmalıdır”.
İ.İsmayılın qənaətincə, adıçəkilən təşkilatların Azərbaycanda cihad həyata keçirməsi bütün hallarda istisnadır:
“Reallıq bundan ibarətdir ki, bu təşkilatların Azərbaycanda cihad elan etməsi qeyri-mümkündür. Bu, onların səviyyəsini aşan bir addımdır. Onlar din adı altında müəyyən terror hadisələri törədə bilərlər. Məqsəd Azrbaycanda qarışıqlıq yaratmaqdan ibarətdir. Bu, həmin təşkilatları maliyyələşdirən daha iri qurumların da fitvası ola bilər. Bu təşkilatların Azərbaycan cəmiyyətində ciddi dəstəyi yoxdur. Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə də xüsusi xidmət orqanı kimi MTN bu cür təşkilatlarla bağlı əməliyyat şəraitinə ciddi nəzarət edir, bu təşkilatların həyata keçirmək istədikləri terror aktlarının qarşısını uğurla alır”.
Ekspertin qənaətincə, məlum informasiyalar daha çox hədə-qorxu məqsədi daşısa da hər ehtimala qarşı prosesləri diqqətlə izləmək vacibdir:
“Bu açıqlamaları xox gəlmək kimi də dəyərləndirmək olar. Çünki terror hadisəsi həyata keçirmək istəyən kimsə əvvəlcədən elan etmir ki, biz terror edəcəyik. Bu hadisələr adətən qəfildən və qəddarcasına olur. Bu baxımdan məlum informasiyanın uydurma, reallqıdan uzaq olması ehtimalı böyükdür. Lakin bu da bir həqiqətdir ki, terrorla bağlı hər bir informasiyanın ciddiyə alınması vacibdir və bu, terrorizmə qarşı mübarizənin vacib şərtlərindən biridir”.
Seymur Əliyev