ANS Şirkətlər Qrupu telekanalın satılması və telekanalda aparılan ixtisarlar barədə məlumatlar verən mətbu orqanları məhkəməyə verəcək.
Moderator.az xəbər verir ki, bu barədə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev Movqe.az-a bildirib. M.Ağayev deyib ki, artıq dünəndən başlayaraq müxtəlif saytlarda ANS telekanalı barədə yalnış məlumatlar yer alır:
Qeyd edək ki, artıq dünəndən etibarən ANS telekanalının vergi borcuna görə satıldığı və TV-də baş verən ixtisarlar nəticəsində daha beş müxbir işdən çıxarıldığı barədə məlumatlar yayılıb. Xəbərlərə görə, telekanalın baş redaktoru Qənirə Ataşova vəzifədən azad edilib və daha bir departament ləğv edilib. "Axar.az"ın telekanal daxilindən əldə etdiyi səhih məlumata görə, televiziya rəhbərliyi yeni ildən etibarən "İç Xəbər" departamentinin müxbirləri - Xeybər Məmmədov, İsmayıl Fətəliyev, Əli Abuzərov, Xatirə Məmmədova, Nərgiz Tahirova ilə əməkdaşlığa xitam verib. İsmayıl Fətəliyevlə Nərgiz Tahirova - "İç xəbər", Xatirə Məmmədova - "Düzbucaq", Əli Abuzərov isə departamentin "İqtisadiyyat" üzrə müxbiri olub. Azərbaycanın ilk müstəqil televiziyasında ixtisarlar bununla bitmir. Məlumatda "Növbətçi" departamentinin ləğv edilib, "İç Xəbər"ə birləşdirildiyi deyilir. ANS-də ən gözlənilməz dəyişiklik isə televiziyada Baş redaktor vəzifəsini icra edən tanınmış aparıcı Qənirə Ataşovanın vəzifədən azad edilməsi olub. Əldə etdiyimiz məlumatda Qənirə Ataşovanı Murad Hüseynovun əvəz etdiyi deyilir. Bundan başqa, "Cinayət işi" verilişi Sərxan Kamallıdan alınaraq, yenidən Rəşad Məmmədova verilib. Məlumatda o da bildirilir ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova yenidən "İç Xəbər"ə aparıcı qismində qayıdıb. Xatırladaq ki, bundan əvvəl televiziyada müxbir vəzifəsində çalışan İsmayıl Fətəliyev, operatorlar Feyruz Ağayev və Taleh Mikayılov da işdən azad edilib.