Cazibədar və bir o qədər də məşhur Hollivud ulduzu, aktrisa və prodüser Şeron Stounun insanı düşünməyə vadar edən fikirlərindən ibarət “çələngi” Moderator.az oxucularına təqdim edirik.
Həyatda ən əhəmiyyətli şeylərdə şanslı deyiləm. Sağlamlıq və evlilik sarıdan bəxtim gətirmədi, amma özümü toparladım və sadəcə irəliləməyə qərar verdim.
Sakitcə qocalmağı xoşlayıram – bu mənim məqsədimdir. 2001-ci ildə ağır beyin qanaması keçirdim, buna görə sakitləşmənin alternativi mənə yaxşı məlumdur. Qan beynimə doqquz gün sızdı. Dözdüklərimdən sonra sağ qalmaq faizi çox az idi, amma mən birtəhər vəziyyətdən çıxdım. Sonra iki il gəzməyi, danışmağı və yenidən oxumağı öyrəndim. Bundan sonra qırışlarla bağlı hər hansı bir söhbət mənə gülünc görünür.
Uinston Çörçilin dediyi kimi, cəhənnəmdən keçməlisənsə, bacardığın qədər sürətlə get.
Yer üzündə heç vaxt tam sülh və əmin-amanlıq olmayacaq. Ancaq bunlar sənin başında ola bilər.
ABŞ-da eyni burunlu, eyni nəhəng dodaqları, kəsilmiş yanaqları və qar kimi ağ dişləri olan 400 min sarışın var. Kimsə onları cazibədar sayırmı?
Ava Qardner dünyanın ən gözəl qadınıdı. Niyə? O heç vaxt özünə heç nə etmədi. Qadına bənzəyirdi və heç vaxt qız kimi görünməyə çalışmırdı.
Uşaqlarınızın necə böyüdüyünə baxanda həyat və özünüz haqqında daha çox məlumat əldə edəcəksiniz.
58 yaşımda anladım ki, gözəllik daxildən gəlir. Gözəl olmaq üçün istədiyinizi etməlisiniz, özü də hər gün. Məsələn, mən rəqs etməyi sevirəm və yorulub əldən düşənə qədər rəqs edirəm.
Tərcümə və təqdim etdi: Miraslan