Ötən gün Cəmil Həsənlinin BDU-da dərs deyən bacısı oğlunun işdən çıxarıldığı xəbəri mətbuatın gündəminə öz damğasını vurdu. Moderator.az xəbəri dəqiqləşdirmək üçün səbəbkarın özü ilə- Nəsimi Adiloğlu ilə əlaqə saxlayıb. N. Adiloğlu prorektorun onunla profilaktik söhbət aparsa da nəzərdə tutduqları üzrxahlıq etmədiyini bildirib:
“Dünən prorektor məni yanına çağırdı. Məndən öncə də prorektor kafedra müdirimi çağırıb dərslərimi almaq əmri vermişdi. Sonra mən prorektorla görüşdüm, onlar mənim hansısa səbəblərə görə rəhbərlikdən xahiş edib üzr itməyimi gözləyirdilər. Ən azından kafedra müdirinin danışıqlarından belə anladım. Prorektor mənə universitet ailəsinə zidd olan davranışlarımın olduğunu, universitetə baş aşağılığı gətirən söhbətlər etdiyimi dedi. Guya mən hökumət əleyhinə fikirlər səsləndirmişəm. Bir daha davranışlarımın təkrarlanmayacağı barədə söz verməyimi gözləyirdilər. Təbii ki, mən də bunların heç birini etmədim. Əslində mənə qarşı bu addımı çoxdan gözləyirdim. Hətta “prorektor səni çağırır” sözünü eşidəndə “hələ bir az gecikiblər” dedim. Yəni Cəmil Həsənlinin qohumu olmağımın burda başlıca faktor olduğu açıq-aşkar görünür.”
Məsələ ilə bağlı BDU-nun Tarix fakültəsinin dekanı Azad Rzayevsə mətbuata açıqlamasında Nəsimi Adiloğlunun (Rzayevin” işdən azad edilməsi xəbərinin yanlış olduğunu bildirib: "Fakültənin dekanı mənəm, müəllim işdən çıxarılır və mənim heç nədən xəbərim yoxdur? Ortada heç bir rəsmi sənəd, şikayət yoxdur. Ona görə də heç bir işdən çıxarılmadan söhbət gedə bilməz.”
Xəyal Əzizov