Azərbaycan polisi bu gündən etibarən 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Moderator.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
DİN-dən verilən məlumatda bildirilir ki, artıq bu gündən etibarən Daxili İşlər Nazirliyinin (DİN) bütün orqan və hissələri oktyabr ayının 13-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü isə ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
DİN ümumiyyətlə oktyabrın 9-da ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsinə dair xüsusi tədbirlər planı hazırlayıb və həmin plan əsasında fəaliyyətini davam etdirəcək.
Seçki günü polis əməkdaşları öz xidməti vəzifələrini seçki məntəqəsindən ən azı 100 metr aralı məsafədə yerinə yetirəcəklər. Seçkiyə aid materialların (protokolların, bülletenlərin) mühafizəsi təmin ediləcək. Çünki Seçki Məcəlləsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polisin səsvermə zamanı seçki məntəqəsində olması qadağandır.
Tədbirlər planına əsasən mümkün təxribat . terror və gözlənə biləcək istənilən hadisənin vaxtında qarşısını almaq məqsədi ilə xüsusi qərargah yaradılıb. Bu planın tərkib hissəsi olaraq strateji yerlərdə;- xüsusən də su, hava, dəmiryol nəqliyyatında, avtovağzallarda, limanlarda, diplomatik nümayəndəliklərdə, Bakı Metropolitenində, böyük su tutarlarında, maddi sərvətlər, qiymətli əşyalar və pul vəsaitləri saxlanılan, habelə həyat əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri gücləndirilib.