Martın 24- də "Real TV"- nin efirində Mirşahinin ideya müəllifi olduğu və artıq bir neçə ildir davamlı olaraq maraqlı, ictimai əhəmiyyətli və bəzən hətta taleyüklü hesab olunan mövzulara işıq saldığı "Mirşahinin vaxtı" proqramının daha bir buraxılışını izlədik. Dünənki buraxılış məhz taleyüklü adlandıra biləcəyimiz efirlərdən idi. Belə ki, tamaşaçıların çoxunun yaxşı tanıdığı, peşəkarlığına yaxından bələd olduqları Mirşahin Xankəndidən- Prezident İlham Əliyevin bir neçə gün əvvəl Novruz tonqalını qaladığı yerdən danışırdı.
O, efiri dövlət başçısının martın 20- də Xankəndidə Novruz tonqalını qalayarkən səsləndirdiyi fikirlər üzərində qurmuşdu.
Jurnalist proqramın elə ilk dəqiqələrində dedi ki, məkan təsadüfi seçilməyib: çünki bura müqəddəs yerdir. Özü də təkcə otuz il işğal altında olmuş və 2023- cü ildə keçirilən antiterror tədbirləri nəticəsində azadlığına qovuşan Xankəndinin özünə görə deyil, həm də oda- ocağa görə.
Mirşahin təxminən 40 dəqiqəlik efir ərzində yaxın keçmişi yada saldı: Azərbaycanın müstəqilliyinin ilk illərindən ta bu günə kimi olanları xatırlatdı. O, tarixi olduğu kimi, təhrifsiz danışır. Özünün dediyi kimi, çünki belə müqəddəs yerdə ancaq həqiqətləri danışmaq lazımdır. Aparıcı danışdıqca yada düşür ki, 90- cı illərin əvvələrində ölkədə vəziyyət kifayət qədər qarışıq idi. Hakimiyyət uğrunda açıq - aşkar mübarizə gedirdi. Xarici təhdidlər o zamankı siyasi elitanı düşündürmürdü. Ya da ən yaxşı halda az düşündürürdü. Elə buna görə də torpaqlarımız asanlıqla işğal olundu. Ermənilər daxildəki xaosdan istifadə etdilər. Beləliklə, işğal epoxası başlandı.
1993- cü ildə xalqın yekdil tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra isə vəziyyət dəyişdi. Xilaskarlıq missiyası başlandı. Ümumilli Lider, demək olar, bütün çıxışlarında, müsahibələrində Qarabağın nə vaxtsa azad olunacağına inamını ifadə edirdi. Hərbi - diplomatik hazırlıqlar gedirdi. Ordumuz güclənir, siyasi müstəvidə yeni, daha ciddi addımlar atılırdı. Hazırkı ölkə lideri, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev 2003- cü ildə hakimiyyətə gələndə müqəddəs missiyanın yerinə yetirilməsi üçün artıq müəyyən özül yaradılmışdı. İlham Əliyev isə İkinci Qarabağ müharibəsinə, yəni 2020- ci ilə qədər mövcud imkanları müasir geosiyasi reallıqlar uyğunlaşdırdı. Müstəqil və həm də reallığa uyğun xarici siyasət kursu müəyyənləşdirdi. Ordunu müasir standartlara uyğun komplektləşdirdi. Bütün bunların məntiqi nəticəsi olaraq İkinci Qarabağ müharibəsi cəmi 44 gün davam etdi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi. 44 günlük döyüşlər dünya hərb tarixinə düşdü.
Azərbaycan bundan sonra da dayanmadı. Yaratdığı yeni reallıqları öz xeyrinə inkişaf etdirdi. Bu gün rəsmi Bakı həm Şərq, həm də Qərb dünyası ilə əlaqələrini qoruya bilən nadir oyunçulardandır. Bu, indiki mürəkkəb beynəlxalq geosiyasi durumda çox vacib amildir.
Halbuki bir vaxtlar həm Şərq, həm də Qərb sadəcə Azərbaycandan istifadə etməyə, ölkəni Suriyaya, İraqa çevirməyə, təbii sərvətlərini mənimsəməyə çalışırdılar. Bu gün isə onlar Bakı ilə hesablaşır, maraqlarımızı nəzərə alırlar.
Bütün bunlar Mirşahinin dünənki efirində aydın şəkildə diqqətə çatdırılır. Özü də tarixi faktlar, arxiv sənədləri ilə.
Azərbaycanın müstəqil siyasətə və güclü iqtisadiyyata malik olması dövlətin qüdrətini hər gün artırır. Ölkə liderinin Xankəndidəki çıxışında dediyi kimi, bundan sonra hər kəs Azərbaycanla hesablaşmalıdır. Əlbəttə, bu, təkcə Ermənistana yox, həm də onun havadarlarına, İrəvandan maşa kimi istifadə etmək istəyənlərə mesaj idi.
Beləliklə, Prezident İlham Əliyev martın 18-də Qarabağdan çox mühüm mesajlar verdi. Mirşahin isə "Real TV"- nin efirində həmin mesajları ustalıqla təhlil etdi.
Kənan Novruzov