Məlum olduğu kimi, erməni “Telegram” kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair yalan məlumatlar yer almaqdadır. Hansaı ki, bu informasiyalar Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən də təkzib edilib, ermənilərin beynəlxalq ictimaiyyəti bu kimi dezinformasiyalarla aldatmağa çalışdığı vuğulanıb.
Mövzu ilə bağlı saytımıza açıqlama verəm politoloq Azər Qasımov qeyd edib ki, bu kimi əsassız informasiyalarda məqsəd Azərbaycan və Rusiyanı üz-üzə qoymaq, iki dövlət arasındakı qarşılıqlı etimadı zəiflətməkdir:
“Azərbaycanın Ukrayna ilə əlaqəli münasibəti ilk növbədə Rusiyaya bəllidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Rusiyanın işğal addımlarını isə pisləyib, bunu qəbul etmədiyini dəfələrlə bəyan edib. Bu kontekstdən də çıxış edərək Ukraynaya daim humanitar məqsədli yardımlar edib. Bura ilk növbədə vacib qida, tibbi, gündəlik təlabat mallarından, generatorlar, yanacaqdan tutmuş, müharibədən əziyyət çəkmiş Ukraynalı uşaqların psixoloji reabilitasiyasına kömək kimi bir çox addımlar aiddir. Bu, hər kəsə, o cümlədən, Rusiyaya da bəllidir və bunu da sakit qarşılayıb.
Ermənistanın guya Azərbaycanın Ukraynaya silah-sursat göndərməsi ilə bağlı məlumatları isə dezinformasiya xarakteri daşıyır. Dünya dövlətlrindən Ukraynaya göndərilən silah-sursat kifayət qədərdir. Onların arasında Azərbaycanla əlaqəli hansısa faktın olmasının mümkünlüyü isə belə ola bilər ki, Azərbaycan bu gün bir çox hərbi sənaye məhsulları istehsal edir və onların bir hissəsini də satır. Bu məhsullardan əgər Ukraynaya gedib çıxan varsa, bu, ancaq dolayı yolla ola bilər. Həmin silah-sursatı alan ölkələrdən hansısa bunu edə bilər ki, buna da Azərbaycan cavabdehlik daşımır. Əslində belə bir xəbərin yayılmasını təsadüfi hesab etmirəm. Bu, geosiyasi oyunun tərkib hissəsidir.
Bu, düşünülmüş təxribatdır. Məqsəd isə Azərbaycan və Rusiya arasında gərginlik yaratmaq, Azərbaycanın daha çox məcbur qalıb Qərbyönlü siyasət yolu tutmasını təmin etməkdir. Amma Azərbaycan və Rusiya heç vaxt bu təxribatlara uymayıb. Hesab edirəm ki, indi də uymayacaq.
Rusiya onsuz da Ukraynaya az qala bütün dünyanın dəstək verdiyini qəbul edib və işini buna görə qurub. Rusiya heç vaxt təxribatlara uyub Azərbaycanla, dolayısı ilə Türkiyə ilə əlaqələrini korlamaz. Bu, Rusiyaya da lazım deyil”.
Seymur ƏLİYEV