Vahid Əhmədov: “Erməni yalanına dəstək verənlər Azərbaycanla dostluğa ümid etməməlidir”
Prezident İlham Əliyevin bu gün ölkəmizə səfər edəcək Belçikanın xarici işlər naziri Hadca Labibi qəbul etməyəcəyi bildirilir. Məlumata görə, buna səbəb Belçika XİN rəhbərinin açıq ermənipərəst siyasət yürütməsi, erməni yalanına dəstək verməsidir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov dövlət başçısının bu addımını təqdir edib və digər ermənipərəst dövlətləri bundan nəticə çıxarmağa səsləyib:
“Prezident İlham Əliyevin bu mövqeyi Belçikanın ermənipərəst siaysətinə ən layiqli cavabdır və hesab edirəm ki, digər ermənipərəst dövlətlər də bundan nəticə çıxarmalıdır. Ümumiyyətlə, erməni yalanına dəstək verən, bu yalanların əsirinə çevrilən heç bir dövlət Azərbaycanla dostluğa ümid etməməlidir.
Azərbaycan hər zaman beynəlxalq müstəvidə baş verən istənilən məsələ ilə bağlı dürsüt və birmənalı mövqe ortaya qoyub. Ölkəmizin mövqeyi hər zaman ədalətli və obyektiv olması ilə diqqət çəkib. Azərbaycan da dünya dövlətlərindən özünə münasibətdə məhz belə bir mövqe gözləyir. Lakin Belçikanın XİN rəhbəri istər Ermənistana səfərdən öncə, istərsə də səfər əsnasında həqiqətə zidd olan, tarixi gerçəkliklə üst-üstə düşməyən, diplomatik əxlaqla uyuşmayan absurd fikirlər səsləndirib ki, bu da Azərbaycanın haqlı narazılığına səbəb olmaqdadır. Buna görə də Prezidentr İlham Əliyevin Belçika XİN rəhbərini qəbul etməməsi tamamilə doğrudur və bu mövqe Belçikanın ermənipərəst siyasətinə bir cavabdır.
Azərbaycan hər zaman ona olan dost və ədalətli münasibəti yüksək qiymətləndirib, bunu heç vaxt yaddan çıxarmayıb. 44 günlük Vətən müharibəsində ölkəmizin haqq işini dəstəkləyən, Azərbaycana mənəvi, siyasi, diplomatik dəstək verən dövlətlərin demək olar ki, hamısı Qarabağdakı abadlıq-quruculuq işində iştirak edir. Bu fakt onu göstərir ki, Azərbaycan dostluqda sadiqdir və ona hər mənada etibar etmək olar.
Ümid edirəm ki, Belçika dövləti, habelə onun xarici işlər naziri baş verənlərdən nəticə çıxaracaq, Azərbaycana münasibətdə daha obyektiv mövqe tutmağın zəruriliyini dərk edəcəklər”.
Seymur ƏLİYEV