Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar. Görüş zamanı generallar ön xətdəki hərbçilərimizin xidmət şəraiti ilə tanış olub, dövlətimizin orduya olan diqqət və qayğısından bəhs edib. Baş prokuror Kamran Əliyev hərbi qulluqda fərqlənən hərbçilərə qiymətli hədiyyələr verib.
Xatırladaq ki, xeyli müddətdir ki, istər Müdafiə Nazirliyinin, istər Prezident Administrasiyasının, istərsə də digər qurumların ali yetkililərinin ön xəttə səfərləri mütəmadi hal almaqdadır.
Bu səfərlər dövlətimizin orduya diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirilə bilərmi? Bu cür səfərlər hərbçilərə mənəvi baxımdan stimul vermək, onlarla həmrəylik sərgiləmək, əsgərlərin mənəvi və psixoloji əhval-ruhiyyəsini daim yüksək tutmaq baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bu cür səfərlərin bir çox baxımdan mühüm önəm kəsb etdiyini vurğuladı:
“Təbii ki, bu kimi səfərlər bir daha dövlətimizin, ölkə prezidentinin ordumuza, əsgərlərimizə olan diqqət və qayğısını əks etdirir. Bu, həm də xalqımızın orduya olan münasibətidir. Baş prokurorun ön xəttə səfəri də bu baxımdan mühüm önəm kəsb edir. Ali baş komandanımız başda olmaqla, orduya belə diqqətin göstərilməsi, ali vəzifəli, ali rütbəli şəxslərin vaxtaşırı hərbi hissələrə baş çəkməsi, əsgərlərimizin yanında olması, vətəndaşlarımızın orduya olan sevgi dolu münasibəti belə bir məşhur şüarı yada salır: “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!”
Azərbycan xalqının uzun illərdir ki, gözlədiyi bir gün var. Bu da Qələbə günüdür. Biz uzun illərdir ki, bu günü, bu xəbəri gözləyirik. Hərbi hissələrə edilən səfərlər də, keçirilən görüşlər də, hərbi büdcənin ildən-ilə artırılması da, ehtiyatdakı hərbi vəzifəlilərin təlimlərə cəlb edilməsi də - bri sözlə, hər şey qələbə üçündür. Dövlətimiz hər şeyi məhz işğaldakı torpaqların azad edilməsi məqsədi ilə edir. Məqsəd düşmən üzərində qələbə çalmaq, xalqımızı, dostlarımızı sevindirməkdir.
Hesab edirəm ki, ali rütbəli şəxslərin ön xəttə səfərləri də cənab prezidentimizdən götürülən nümunədir, onun tapşırığı ilə həyata keçirilir və bu səfərlər alqışlanmalıdır. Hər bir Azərbaycan vətəndaşı ordumuzu sevməli, onun daha da möhkəmlənməsi üçün əlindən gələni etməlidir”.
Seymur ƏLİYEV