“Bu inqilab zamanı 25 minə qədər azərbaycanlı həlak olsa da, Azərbaycan xalqı heç bir şey qazanmadı...”
Elm və Təhsil
3232
21 Jun 2024 | 19:44

“Bu inqilab zamanı 25 minə qədər azərbaycanlı həlak olsa da, Azərbaycan xalqı heç bir şey qazanmadı...”

“Azərbaycanda milli proseslərə ayətulla Şəriətmədari başçılıq edirdi. Xomeyni və Şəriətmədari arasında ölkənin siyasi quruluşu  ilə bağlıl fikir ayrılığı var idi [17, s.86]. Xomeyni dini, Şəriətmədari  isə əsasən dünyəvi dövlətin qurulmasını təklif edirdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Cənubi Azərbaycan və İran İslam inqilabı...- XXXXV mövzu
 
«21 Azər» hərəkatı məğlub olduqdan sonra da Cənubi Azərbaycanda demokratik əhval-ruhiyyə yaşamaqda idi. Bu zaman Cənubi Azərbaycan Milli cəbhə lideri Məhəmməd Müsəddiq başda olmaqla antiimperialist, demokratikləşmə uğrunda mübarizədə fəal iştirak edirdi [6]. Təbriz bu hərəkatın mərkəzində dayanırdı. 
 
Məhəmməd Müsəddiq Qacarlar nəslinə mənsub idi, atası Mirzə Hidayətulla xan Qacarlardan idi, anası Malikə Tac Xanım Müzəffərəddin Şah Qacarın (1833-1907) bacısı idi. O, dayısı Müzəffərəddin Şahın qızı Zəhra Xanımla evlənmişdi [8; 2]. O, Fransa və İsveçrədə hüquq təhsili almış, 1920 –ci illərdən başlayaraq ictimai-siyasi həyatda fəal iştirak etmiş, Azərbaycanın valisi olmuş, Azərbaycanın mütərəqqi ziyalılarının rəğbətini qazanmışdı. M. Müsəddiq 1923-cü ildə Rza xanın hakimiyyətə gəlməsini müsbət qarşılamadı, ictimai-siyasi fəaliyyətini dayandırdı [20]. 1941-ci ildə Rza şah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra siyasi fəaliyyətini bərpa etdi, demokratik düşüncəli insanların içərisində hörmət qazandı. O, tezliklə İran parlamentinə deputat seçildi, Milli Cəbhə adlı siyasi təşkilat yaratdı, 1949-cu il parlament seçkilərində Milli Cəbhə qalib gəldi. Müsəddiq 1951-ci ildə baş nazir oldu və Məhəmməd Rza şahın siyasətinə qarşı çıxaraq ölkədə demokratikləşmə prosesini başladı, xarici dövlətlərin, ilk növbədə İngiltərənin ölkədə ağalığına son qoymağa çalışdı, bir sıra qərarların qəbul olunmasına, o cümlədən neft sənayesinin milliləşdirlməsinə cəhd etdi [1, s.139; 7, s.134]. Lakin o, şahın və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. İngiltərə ABŞ-la birlikdə onun hakimiyətdən uzaqlaşdırılması üçün  hərəkətə keçdi. M.Müsəddiq xalqın dəstəyinə arxlanaraq izdihamlı aksiyalar təşkil etdi, nəticədə Məhəmməd Rza şah ölkədən Bağdada, oradan da Romaya qaçdı. Lakin İngiltərə və ABŞ xüsusi xidmət orqanları əks tədbirlərə əl atdı, şah tərəfdarlarını küçələrə çıxarda bildilər. Hərbçilər 1953-cü ilin avqustunda qiyam təşkil edərək Müsəddiqi devirdi, həbs etdirdi [22]. Onun barəsində ölüm hökmü çıxarıldı. Şah ölkəyə qayıtdı, ölüm hökmünü ləğv etdi, onu üç illik həbs və ömürlük ev dustaqlığı ilə əvəz etdi. M.Müsəddiq 1967-ci ildə Tehran yaxınlığında öz malikanəsində vəfat etdi [7].
XX əsrin 60-cı illərinin əvvəli- 70-ci illərin ortalarında şah tərəfindən «Ağ inqilab» (dinc yolla həyata keçirildiyinə görə belə adlanırdı) adı altında həyata keçirilən islahatlar Cənubi Azərbaycanda da sosial ziddiyyətləri kəskinləşdirdi, [6] Azərbaycan kəndlilərinin iş dalınca digər vilayətlərə, xüsusən şəhərlərə axınını daha da gücləndirdi. Tehranda azərbaycanlıların sayı durmadan artmağa başladı. Azərbaycanlıların Tehran iqtisadiyyatına kapital qoyuluşu da artdı. Artıq İslam inqilabı ərəfəsindəTehranda yaşayan azərbaycanlıların sayı bir milyonu ötmüşdü [1, s.140].
 
XX əsrin 60-70-ci illərində Cənubi Azərbaycanda bir sıra sənaye obyektləri, o cümlədənTəbrizdə maşınqayırma, neft emalı, Sofianda sement zavodu yaradılsa da, o, inkişaf sürətinə görə İranın digər bölgələrindən çox geridə qalırdı. Üstəlik şah hakimiyyəti burada da milli ayrı-seçkilik, habelə farslaşdırma siyasətini yürütməkdə davam edirdi. Şahlığın «milli vəhdət» şüarı altında apardığı şovinist siyasət Cənubi Azərbaycanda milli assimilyasiyanı gücləndirirdi. “Ağ inqilab” deyilən islahatlar torpaq, təhsil, seçkilər və digər sahələri əhatə edirdi [19]. «Ağ inqilab» zamanı maarif sahəsində həyata keçirilən islahatlar da digər xalqları, o cümlədən azərbaycanlıları məqsədyönlü olaraq farslaşdırmaq işinə xidmət edirdi. Bu siyasət azərbaycanlılara qarşı fars şovinizminin yeni təzahürü idi. Onun nəticəsində Azərbaycan dili yasaq vəziyyətinə düşmüş, bu dildə bütün növ nəşrlər qadağan edilmişdi. Məktəblərdə təhsil ancaq fars dilində aparılırdı. Bütün bunların nəticəsi olaraq ölkədə ümummilli böhran şəraiti yaranmışdı. Ölkəni sosial partlayış gözləyirdi [4, s.56-57, 63-64].
 
1977-ci ilin oktyabr-noyabr aylarında Tehran Universiteti tələbələrinin həyəcanlı çıxışları bu partlayışın yaxınlaşdığından xəbər verirdi. Cənubi Azərbaycanda da belə vəziyyət yaranmışdı. Təbriz tələbələrinin ən böyük çıxışlarından biri «21 Azər» hərəkatının (1945-ci il 12 dekabr) ildönümü münasibətilə dekabrın 12-də oldu. Çıxış zamanı tələbələrlə polis arasında ciddi toqquşma baş verdi [9].
 
1978-ci ilin əvvəllərində İranın dini şəhəri olan Qumda şahlıq hakimiyyətinə qarşı çıxışlar Cənubi Azərbaycanda da inqilabi əhval-ruhiyyəni gücləndirdi. Başda ayətulla Seyid Məhəmməd Kazım Şəriətmədari olmaqla Qumdakı yüksək rütbəli azərbaycanlı din xadimlərindən 5 nəfərinin imzaladığı müraciətə cavab olaraq, 1978-ci il fevralın 18-də Təbrizdə əzəmətli nümayiş başladı. Nümayişdə 100 mindən çox adam iştirak edirdi. Nümayiş tezliklə şah rejiminə qarşı  üsyana çevrildi. O, hicri tarixlə 1356-cı il bəhmən  ayının 29-da (1978-ci il fevralın 18-də) baş verdiyindən Azərbaycan tarixinə “29 bəhmən üsyanı” kimi daxil oldu [17, s.81]. Təbrizdəki polisə və ordu hissələrinə etibar etməyən şah ertəsi gün başqa şəhərlərdən Təbrizə yeni hərbi qüvvələr gətirməli oldu. Üsyançılarla ordu hissələri arasında silahlı toqquşmalar baş verdi və axşamadək davam etdi. Toqquşmalar zamanı yüzlərlə ölən və yaralananlar oldu. Şəhərdə kütləvi həbslər və axtarışlar başlandı. Təbrizdəki üsyan öz əks-sədasını Cənubi   Azərbaycanın digər şəhərlərində və yaxın kəndlərində də tapdı.  Təbrizdəki “29 bəhmən üsyanı” İran inqilabının başlanğıc hadisəsi oldu [3]. Məhz bu hadisədən sonra şahlıq əleyhinə çıxışlar bütün ölkəni bürüdü. 
 
“29 bəhmən üsyanı”ndan 40 gün sonra, mart ayının 29-30-da İranın bir çox şəhərlərində, o cümlədən Tehranda, İsfahanda, Məşhəddə, Qumda, Təbrizdə, Zəncanda yenidən izdihamlı çıxışlar başladı. Təbrizdəki çıxış zamanı üsyançılar banklara, kinoteatrlara, dövlət idarələrinə basqınlar təşkil etdilər. Mart hadisələrinin qırxıncı günü (mayın 9- 10 –da) İranın 20-dən çox şəhərində yenidən kütləvi çıxışlar baş verdi [6]. Çıxışlar Qum və Təbriz şəhərlərində daha izdihamlı keçdi. Nümayişçilər küçələrə siyasi şüarlarla çıxdılar. Təbrizdə İmam Əlinin (Ə) qətli gününə - 24 avqusta həsr edilmiş nümayiş xüsusilə fərqləndi. O, İran inqilabının ilk mərhələlərində baş vermiş nümayişlərin ən izdihamlısı oldu. Nümayişdə yüzminlərlə adam iştirak etdi. İnqilab dövrü nümayişlərdə əhalinin əksər sosial təbəqələri və onlara yaxın olan qüvvələr, o cümlədən tələbələr aparıcı rol oynadılar.
 
1978-ci ilin payızına qədər inqilabi hərəkata əsasən Kazım Şəriətmədari rəhbərlik edirdi. Bu vaxt Xomeyni amili qabarıq şəkildə ortaya çıxdı. O, xaricdən hərəkata rəhbərlik etməyə başladı. Ayətulla Ruhulla Xomeyni hələ XX əsrin 60-cı illərindən şahlığın və İranda ABŞ nüfuzunun artması əleyhinə olan şəxs kimi məşhurlaşmışdı. Dəfələrlə həbs olunmuş və 1964-cü ildə Türkiyəyə sürgün edilmiş [13, s.49], sonra oradan İraqa, Nəcəf şəhərinə köçmüşdü [14, s.36]. O, 1978-ci il oktyabrın əvvəllərində İraq hökümətinin təkidi ilə oranı tərk edərək Parisə getməli olmuşdu [12, s.242]. O, burada İran milli cəbhəsinin başçısı Kərim Səncabi ilə görüşmüş, İranda Pəhləvi sülaləsinin hakimiyyətinin ləğv olunmasının zəruriliyi barədə birgə bəyanat imzalamışdılar [16, s.327-368]. Bəyanatın mətni İrana gətirilərək hərbi vəziyyət şəraitində yeganə leqal yığıncaq yeri olan məscidlərdə səsləndirilməklə əhaliyə çatdırılmışdı.
 
Nəhayət, 1979-cu il yanvarın 16-da rejimdən narazı olan xalqın təkidli tələbi və təzyiqi sayəsində 50 ildən çox İranda ağalıq edən Pəhləvi sülaləsinin nümayəndəsi Məhəmməd Rza şah ölkədən qaçmalı oldu (O, Misirə getdi, sonra bir sıra ölkələrdə oldu, ABŞ-da müalicə olundu, 1980-ci ildə 60 yaşında Qahirədə öldü, orada dəfn olundu). Bu, İranda monarxiya rejiminin ləğv edilməsində ilk qələbə idi. Xalq bu qələbəni  böyük təntənə ilə qarşıladı. Fevralın1-də ayətulla Xomeyni Parisdən Tehrana qayıtdı. Cənubi Azərbaycan əhalisi də  bu hadisəni izdihamlı nümayişlərlə qarşıladı [10]. 1979-cu il fevralın 11-də şahpərəst qüvvələrin müqavimətinə baxmayaraq, İranın paytaxtı inqilabçıların nəzarətinə keçdi. Təbrizdə isə  inqilabçılarla şahpərəst qüvvələr  arasında silahlı  qarşıdurma fevralın ortalarına kimi davam etdi. Fevralın 16-da Cənubi Azərbaycanda inqilab qələbə çaldı. 1979-cu il aprelin 1-də İran İslam Respublikasının yaradıldığı elan edildi [1, s.142]. 1978-1979-cu illər İran İslam inqilabı zamanı 25 min nəfərə qədər azərbaycanlı həlak oldu [11]. Buna baxmayaraq, əfsuslar olsun ki, Azərbaycan xalqı heç bir şey qazanmadı. Nə muxtariyyətə nail oldu, nə də milli-mənəvi dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək imkanı əldə etdi. Onun sosial-siyasi və mədəni durumu, demək olar ki, şahlıq rejimi dövründə olduğu kimi qaldı. Milli dilini və mədəniyyətini inkişaf etdirmək imkanlarından məhrum edildi. İran Respublikası əhalisinin təqribən yarısını təşkil edən azərbaycanlılar İslam bayrağı altında yeridilən fars şovinizmi siyasətinin təsiri altında qaldılar.
Monarxiyanın devrilməsi ilə yeni rejim Azərbaycanda yerli dilin işlədilməsi qadağasını ləğv etdi. Lakin Pəhləvi dövrünün “vahid iran milləti” ifadəsinin əvəzinə  “vahid müsəlman birliyi”  anlayışını ortaya gətirdilər. Bununla da yeni “vahidlik” vurğulanırdı [5]. Azərbaycanda ana dilində qəzet və jurnallar çıxmağa, kitablar nəşr olunmağa başladı, mədəni və siyasi birliklər yaradıldı. Azərbaycanda milli proseslərə ayətulla Şəriətmədari başçılıq edirdi. Xomeyni və Şəriətmədari arasında ölkənin siyasi quruluşu  ilə bağlıl fikir ayrılığı var idi [17, s.86]. Xomeyni dini, Şəriətmədari  isə əsasən dünyəvi dövlətin qurulmasını təklif edirdi [21, s.112-113]. Xomeyni öz istəklərinə uyğun konstitusiya layihələrini təklif etdi və istədiyinə nail oldu. 1979-cu ilin dekabrında yeni konstitusiya qəbul olundu. Konstitusiyada qeyd olundu ki, ali hakimiyyət Xomeyni və onun varislərinin şəxsində ruhanilərə aiddir, mülki hakimiyyəti isə prezident və digərləri həyata keçirir [18, s.355].
 
Şəriətmədari ruhani hakimyyəti ilə yanaşı, ölüm cəzası, camaatın gözü qarşısında adamların çubuqla döyülməsi, edamların həyata keçirilməsi, ziyalıların təqib olunması, ABŞ səfirliyində adamların girov götürülməsi və digər ifrat tədbirlərə qarşı çıxırdı. Xomeyni hakimiyyəti tezliklə sərt cəza tədbirlərinə keçdi, müxalif qurumları qadağan etdi, Şəriətmədari 1979-cu ilin dekabrında ev dustağı edildi. O, ömrünün sonuna qədər ev dustaqlığında qaldı və 1986-cı ildə vəfat etdi [15]. İnqilabın ilk aylarında elan olunmuş azadlıqlar, o cümlədən milli azadlıqlar ləğv edildi...
 
 Ədəbiyyat:
 
1. Bədəlova R.İ. İran dünya siyasətində. “Bakı Universitetinin Xəbərləri”, Sosial-siyasi elmlər seriyası, 2010, №2.
 
2. Çingizoğlu Ə. Neftin yiyəsini tanımayan baş nazir.- reyting.az/muellifler/enver- cingizoglu/34720-neftin-yiyesini-tanimayan-bash-nazir.html.
 
3. Hacıyeva M. 1978-1979-cu illər İran inqilabının birinci mərhələsi ərəfəsində və onun gedişində Cənubi Azərbaycanda Azadlıq hərəkatı. Sumqayıt Dövlət Universiteti. “Elmi Xəbərlər”. Sosial humanitar elmlər bölməsi. Cild 16, №3, 2020, s. 56-57.- anl.az/down/meqale/sdu_elm_xeber/2020/03/798624 (meqale).pdf.
 
4. Hacıyeva Y. İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər). Bakı, “Adiloğlu” nəşriyyatı, 2017.
 
5. İranda milli məsələnin qoyuluşu.- “Xalq cəbhəsi” qəzeti, 2018, 3 iyul, s. 14.
 
6. İran tarixi İkinci dünya müharibəsindən sonra.- melumatlar.az/blog/15960/iran-tarixi-ikinci-dunya-muharibesinden-sonra.
 
7. İsmayılov R, Axundova N. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (1945-2000), I kitab. Bakı, “Adiloğlu”, 2005.
 
8. Müsəddiq M. axtar.len.az/?q=Mehemmed_Musaddiq. 
 
9. 1978-79-cu illər İran inqilabı və Cənubi Azərbaycan, 15 dekabr 2011.- kayzen.az/blog/Azərbaycan tarixi/5576/1978-79-cu-illər-iran-inqilabı-və-cənubi-azərbaycan.html.
 
10. Ömərov V. Cənubi Azərbaycan islam inqilabı şəraitində.- “Səs” qəzeti, 2012, 5 dekabr, s. 14.
 
11. Süleymanoğlu F.- İslam inqilabı və ana dili problemi.- azerbaijan-news.az/posts/detail/islam-inqilabi-ve-ana-dili-problemi-1672180714.
 
12. Chehabi, H.E.Iranian Politics and Religious Modernizm: The Liberation Movement of Iran Under the Shah and Khomeini.- Cornell University Press, 1 edition (Janvary 1, 1990), 1990.
 
13. Hiro, Dilip. Iran Under the Ayatollahs (Routledge Revivals).- Routledge, 1 edition (Febrary 16, 2013).
 
14. Koya, Abdar Rahman. Imam Khomeni: life, Thought and Legacy.- Islamic Book Trust (June 1, 2010), 2009.
 
15. Mohammad Kazem Shariat-Madari.- britanica.com/biography/ Mohammad-Kazem-Shariat-Madari.
 
16. Nikezmezad Nikolas M. A choron olical surbey of the Iranian revolution.// Iranian Studies.- 1980, t. 13, №1-4.
 
17. Shaffer B. Borders and Brethren: Iran and the Challenge of Azerbaijani identity. Cambridge: Belfer Center for Science and international Affairs. Studies in international Security, 2002.
 
18. Васильев Л.С. История Востока, т.2. Москва, «Высшая школа», 1994.
 
19. Князев С., Комарова Е. Третий путь: как в Иране победила Исламская ревалюция, 9 января 2023 г.- russian.rt.com/science/article/ 1091242-islamskaya-revolyuciya-iran.
 
20. Мосаддык Мохаммад.- iran1979.ru/mosaddyk-moxammad/.
 
21. Трубецкой В.В.Особенности национальной ситуации в Исламской Республике Иран.// Национальный вопрос в странах Востока. Москва, «Наука», 1986.
 
22. ЦРУ причастен к организации переворота в Иране в 1953 г.- bbc.com/Russian/international/2013/08/130820_cia_iran_coup; 60-летие операции «Аякс».- svoboda.org/a/25079131.html.
 
 
Link kopyalandı!
Son xəbərlər