Millət vəkilləri şəhid Denis Proninin ailəsini ziyarət edib
2671
18 Oct 2020 | 19:10

Millət vəkilləri şəhid Denis Proninin ailəsini ziyarət edib

Millət vəkilləri –Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və komitənin üzvü, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin şəhid Denis Proninin ailəsini ziyarət edib.

Millət vəkili Qənirə Paşayeva Denis Pronin kimi oğulların, onun gözəl ailəsinin timsalında Azərbaycanda yaşayan Vətənə bağlı bütün etnik topluluqların, xalqların varlığını işğalçı Ermənistanın anti-Azərbaycan təbliğatına ən parlaq və layiqli cavab kimi dəyərləndirib. Monoetnik Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycanın dinc yanaşı yaşamağın ən gözəl ocağı olduğunu bildirən Q.Paşayeva, dini, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı məhz Vətən amalının birləşdirdiyini vurğulayıb. O, multikultrizm, sivilizasiyalar, dinlərarası dialoq və barışığın XXI yüzillikdəki əsas məkanlarından olan ölkəmizin bu gözəlliyə qədim tarixdən etibarən malik olduğunu deyib.

Denis Proninin Azərbaycanın müdafiəsinə qalxan yeganə rus vətəndaşımız olmadığını bildirən Millət vəkili Mixail Zabelin, daha öncələr də, indi də həm şəhidlər, həm qazilər sırasında rus və digər xalqlara, fərqli dinigörüşə mənsub vətəndaşlarımızın olduğunu, bundan sonra da belə olacağını vurğulayıb.
Millət vəkilləri şəhidimizin körpə qızı Alinanı artıq yalnız Pronin ailəsinə mənsub olmadığını, bütün vətənsevər azərbaycanlılara əziz yadigar və əmanət olduğunu deyib.
Şəhidin həyat yoldaşı Aynur xanım Denis Proninin daha öncələr həqiqi hərbi xidmət keçdiyini, bu ilin 15 iyulunda general Polad Həşimovun şəhid olmasını eşitdikdən sonra, yenidən hərbi xidmətə getməklə bağlı qəti qərara gəldiyini deyib. “Generalın qisasını alacam!” söyləyən Denis, qeydiyyat ünvanına uyğun olaraq, Bakının Nizami rayon Səfərbərlik və hərbi çağırış idarəsinə üz tutub. Könüllü kimi döyüşməyə hazır olduğunu bildirən Denis Proninə təşəkkür edən idarə əməkdaşları, “gərək olsa, çağırarıq” deyiblər.
Nəhayət az sonra öz istəyini gerçəkləşdirən vətənpərvər Denis Pronin, yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. O, oktyabrın 8-də, ağır döyüşlərin birində, Füzuli istiqamətindəki döyüşlərdə başından yaralanıb. Döyüşçü dostları onu cəbhə xəttindən çıxarsa da, həyatını xilas etmək mümkün olmayıb.
Dəfnində iştirak edən döyüş yoldaşları onu çox şən, qorxu bilməz bir insan kimi xarakterizə edib. “Səngərdə deyib-gülür, lətifə danışır, “düşməni bu dəfə elə əzəcəyik, bir də bu torpaqlara tərəf baxmayacaq” deyirmiş...
Ruhu şad olsun!





Link kopyalandı!
Son xəbərlər