Müsahibə
5997
27 Aug 2020 | 14:06

"Mənim Dağlıq Qarabağın prokuroru olmağıma Moskva icazə vermədi...”

 Moderator.az-ın rus versiyası 1987-1990-cı illərdə Sumqayıt şəhər prokurorunun(o dövrdə bu vəzifədə şəhid Baş Prokuror İsmət Qayıbov  idi) müavini işləmiş, uzun illər Respublika Baş Prokurorluğunda mühüm vəzifələrdə çalışmış Anatoli Vasilyeviç Koçerıqinlə söhbəti davam etdirir. İstefada olan rus prokuror bu dəfə 1988-ci ilin fevralındakı  Sumqayıt hadisələri ərəfəsində və sonra baş verən olaylar, bir prokurorluq əməkdaşı kimi obyektiv tədqiqat apardığına görə erməni daşnaklarının hədəfinə gəlməsi və s. haqda maraqlı epizodlardan bəhs edir. 
 


-Sumqayıtda hadisələrin başlaması ilə ermənilər şəhəri tərk etməyə başladılar. Bəziləri Ermənistana getdilər, amma sonra geri qayıtdılar. Həyat sürətlə normala dönürdü ...

Bir gün, necə oldusa, Gülnara adlı bir qadın (soyadı və atasının adı erməni) qəbuluma gəldi. İrəvana qohumlarını ziyarət etmək üçün getdiyini, orada şəhərin mərkəzində üzərində başsağlığı sözlərinin yazıldığı və Sumqayıtda öldürülən ermənilərin sayının göstərildiyi   (guya 3200 nəfər) taxtadan hazırlanmış lövhəni öz gözləri ilə gördüyümü söylədi. Erməni qadın bunun həqiqətlə heç bir əlaqəsi olmayan bir uydurma olduğuna dair sözlərimi inamsızlıqla dinlədi. Sonra ona dəftərimdəki qeydləri, Sumqayıtdakı hadisələrin qurbanlarıyla bağlı ətraflı və etibarlı məlumatları oxumağı xahiş etdim. Mənə elə gəldi ki,  Gülnara dediklərimə inanmağa başladı ...

Bundan əlavə, Gülnara adının dəyişdirilməsi ilə bağlı məsləhət istədi. İrəvanda dərhal bunu etməsinin tövsiyə olunduğunu izah etdi. Özünə yeni erməni adı götürməsə,  böyük problemlər yaşayacağı haqda xəbərdarlıq aldığını bildirdi. Ona qədər mən bilmirdim ki,  Qarabağ zonasında yaşayan və  ermənilərlə dostluq edən azərbaycanlı ailələri  övladlarına erməni adları qoyurmuş və əksinə ...

Gülnara adlı erməni qadınla söhbətdən sonra başa düşdüm ki,  yalan söz-söhbətlərin zəhəri insanların ruhuna necə asanlıqla nüfuz edir, onları təcrübəli təxribatçıların və müxtəlif növ siyasi fırıldaqçıların əlində alət  edir ...
...Həmin gün Sumqayıt Şəhər Prokurorluğunda partiya iclası keçirildi. Baş müstəntiq V. Galkin və SSRİ Prokurorluğunun mərkəzi aparatının digər rəhbər işçiləri Sumqayıtda olanda bizim partiya tədbirlərində iştirak edirdilər...

İclas bitdikdən sonra SSRİ Prokurorluğunun İstintaq İdarəsinin rəis müavini Nenaşevə erməni Gülnara ilə söhbət, guya Sumqayıtda  3200  nəfər erməni ölməsi  barədə İrəvanda təbliğ olunan dezinformasiya  haqda məlumat verdim. O, cavab verdi ki, Moskvanın bundan xəbəri var və bəhs edilən “xatirə” lövhəsinin sökülməsi üçün müvafiq təlimatlar verilib. Ancaq, necə deyərlər, artıq bir qaşıq qətran bal çəlləyinə tökülmüşdü ...

Daha sonra “KQB” işçilərindən biri mənə Rostov-Donda Sumqayıt hadisələrindən bəhs edən bir filmin çəkildiyini və ermənilərin xeyrinə montaj edildiyini söylədi. Guya orada mənim də adım çəkilib, görüntülərim verilib. Bilmirəm, belə bir film olubmu? Bunu mənə göstərmədilər...
Ancaq Litvanın bir müxalifət qəzetində Sumqayıt olayları haqqında bir məqalə oxudum. Bunu mənə  o zaman Azərbaycan SSR prokurorunun birinci müavini olan mərhum Murad Babayev verdi. Məqalə açıq, çirkin yalanlarla dolu idi.  Mənə də qara yaxmışdılar Əlbəttə ki, vəzifələrimin icrası ilə əlaqədar olaraq mən  hamının gözü qarşısında idim və həqiqətə uyğun məlumatlar yayırdım. Görünür, bu, kimisə qəzəbləndirir, kiməsə sərf etmirdi...

Buna görə  baş prokuror İlyas İsmayılov mənə  Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru olmağı təklif edəndə razılığımı verdim. Lakin Moskva bəzi erməni qüvvələrinin narazılığını əsas gətirərək namizədliyimi dəstəkləmədi ...

(Davamı var)

Sultan Laçın 

Link kopyalandı!
Son xəbərlər