Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Tovuz istiqamətində son erməni təxribatı məsələsinə toxunub.
Çıxışı zamanı Paşinyan guya Azərbaycanın Ermənistana hücumunun qarşısını aldığını bildirib.
Nikol, həmçinin Tovuz təxribatının Ermənistan ordusunun regionun ən intellektual və döyüşkən ordusu olduğunu “sübuta yetirdiyini” söyləyib.
İrəvanın son döyüşlərdən sonra mövqeyini gücləndirdiyini deyən Paşinyan 7 şərt irəli sürüb:
“Birincisi – Ermənistan və “Qarabağ”ın ümumi təhlükəsizlik sistemi gücləndirilməlidir. Bu baxımdan Ermənistan və “Qarabağ”ın sıx əməkdaşlığı vacibdir.
İkincisi - “qarabağ respublikası” danışıqların tamhüquqlu üzvü olmalıdır.
Üçüncüsü – Azərbaycan ictimai şəkildə güc tətbiqindən imtina etməli və antierməni ritorikasının dayandırmasıyla bağlı addımlar atmalıdır.
Dördüncüsü - danışıqlar mənalı olmalıdır. Azərbaycanın hərbi məqsədini danışıqlar masası ətrafında həll etmək istəyir ki, bu da bütün danışıqlar prosesini mənasız edir. Əgər Azərbaycan özünün maksimalist tələblərindən imtina edib, məhdudiyyətsiz kompromisə getməyə hazır olsa, danışıqların mənası olacaq.
Beşinci, “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə haqqını tanıma, Ermənistan və “Qarabağ”ın təhlükəsizliyi heç bir şəraitdə güzəşt predmeti ola bilməz. Konflikt zonasında yaşayan insanların problemləri danışıqlar gündəminin predmeti olmalıdır.
Altıncısı – karantinə qədər atəşkəs rejiminin saxlanılması üçün keçirilən monitorinq faktiki olaraq məhdudlaşdırılıb. Təcili olaraq daimi nəzarət mexanizmlərini özündə ehtiva edən beynəlxalq monitorinq sistemi ərsəyə gətirilməlidir. Bu cür monitorinq fəaliyyətlərini ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi həyata keçirməlidir.
Yeddincisi – sülhün əldə olunması üçün Ermənistan Minsk Qrupunun həmsədrləri ilə fəaliyyətini davam etdirəcək.
Biz Türkiyənin regionda destabilizasiya cəhdlərini rədd edirik”.
Göründüyü kimi, Tovuzda təxribata cəhd edən, Azərbaycanın guya UAZ-la hücuma keçdiyini iddia etdiyi üçün rüsvay olan və buna görə hətta KTMT-nin dəstəyini ala bilməyən Nikol Paşinyan yenə daxili auditoriyaya ünvanlı mesajlarla təzyiqlərdən qaçmaq, populistcəsinə öz reytinqini qorumaq yolunu tutub. (axar.az)