“Xudu Məmmədov başda olmaqla ziyalıların ondan xahişi  Ermənistan qaçqınlarını Qarabağda yerləşdirmək olub…”
6140
22 Jan 2020 | 16:05

“Xudu Məmmədov başda olmaqla ziyalıların ondan xahişi  Ermənistan qaçqınlarını Qarabağda yerləşdirmək olub…”

Tanınmış ictimai xadim, sabiq deputat  Maksim Musayev  Moderator.az-a 1988-1990-cı illərdə Azərbaycan SSR-in rəhbəri olmuş Əbdürrəhman Vəzirovun 2018-ci ildə Moskvada rus dilində nəşr etdirdiyi “Parterin ilk sıralarında” adlı yeni kitabı ilə bağlı düşüncə və təhlillərindən ibarət geniş yazısını təqdim edib.  Ölkəmizin yaxın tarixinin öyrənilməsi baxımından aktuallığını nəzərə alaraq həmin materialı olduğu kimi dəyərli oxucularımızın müzakirəsinə buraxırıq:

“Vəzirov Moskvaya  Ermənistan qaçqınlarının sayını mövcud rəqəmdən 35-40 min nəfər azaldaraq deyib…”

Özünütərif səhifəsində Vəzirov o dövrdə  “Kirovabad” adlanan Gəncə barədə də yazır və göstərir ki, kriminal Kirovabadda çox işlər görüb. Bəlkə də. Ancaq üç il işlədiyi, havasını udduğu, suyundan içdiyi, Göy-Gölündə kef çəkdiyi şəhərə “kriminal” demək vicdansızlıqdır. Yadelli işğalçılarla daim qeyrətlə vuruşan, müstəqilliyimizin ilk günlərində dayaq nöqtəsi olan, Azərbaycan xalqının sevimli şəhərinə kriminal statusu yapışdıran hər kəsə gəncəlilərin çörəyi haram olmalıdır. Heç zaman Gəncədə kriminallar yaşamamışlar. Hətta keçmişdə orada bir müddət yaşayan, düşmənçilik etməkdən yorulmayan ermənilər Gəncə barədə bir kəlmə belə mənfi sözlər dillərinə gətirməmişlər… 
Vəzirov kitabında yazır ki, 1970-ci illərdə Azərbaycan rəhbərliyi mənə xeyli yüksək vəzifələr (Bakı, Sumqayit şəhərləri və Naxçivan vilayətinə birinci katib, Mərkəzi Komitədə şöbə müdiri, Azərbaycan Xalq Nəzarəti Komitəsinə sədr) təklif etsələr də, mən Kirovabadı seçdim. Niyə Kirovabadı? 50 il keçəndən sonra bu müqəddəs şəhəri kriminal adlandırırsan?..

Özündənrazı bir “qəhrəmanlığı “ da kitabında gözdən yayınmır. Novruzun bayram edilməsində təşəbbüskarlığını xatırladır. Halbuki, sovet dövrünün ən qanlı-qadalı-qadağalı illərində - 1967-ci ilin mart ayının 20-də  Bakıda Novruz bayramını ilk dəfə ləyaqətlə keçirən adət ənənələrimizə sədaqətli olan, xalq tərəfindən sevilən Şıxəli Qurbanov olub. 
1991-ci ildə isə (may ayında) Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun fərmanı və Parlament deputatlarının səsverməsilə Novruz Bayramı qeyri-iş günü elan edilibdir. 

Vəzirov kitabında daha sonra yazır ki(səh. 193), ilk gündən respublika ziyalıları və Xalq Cəbhəsi üzvləri mənə qarşı düşmənçiliyə başladılar. 1988-ci ilin iyun ayında Dağlıq Qarabağ tələbləri adı altında əleyhimə işlər apardılar. Vəzirov başa düşmürdü ki, açıq-aşkar erməniləri müdafiə etdiyini fəhlə də, ziyalı da görürdü, özünü mələk libasında göstərməyə cəhd etsə də alınmırdı… 

Narazılıq edir ki (səh.199), çətin günlər olanda adətən insanlar bir olur-birləşirlər, amma bu ənənə Azərbaycanda özünü göstərmədi. Heyfslənir ki, ermənilərə qarşı respublikada aqressiv münasibət oldu… 

Vəzirov yazır ki, mən birinci katib işlədiyim zaman aşağı səviyyəli (ziyalı və Xalq Cəbhəsi üzvlərini nəzərdə tutur) insanlarla görüşməli oldum. Görüşdən sonra məndə əminlik yarandı ki, onların vicdanları yoxdur, utanmadan yanımda mədəniyyətsiz sözlər danışırlar...Vəzifəsindən sui- istifadə edərək ermənilərin tərəfini saxlamasından narazı qalan respublikanın tanınmış şəxsləri həqiqətən də onunla bir neçə dəfə görüşmüşlər. Bəyənmədiyi və bir çoxunun adlarını çəkmədiyi vətənsevər-millətcanlıların kimlər olduğunu yazmır. Amma bizə məlumdur ki, onunla görüşənlər Xudu Məmmədov, Xəlil Rza, Mikayıl Mirzə, Vurğun Əyyub, Etibar Məmmədov, Firudin Cəlilov, Nemət Pənahlı və digərləri olmuşlar. Onların xahişləri Ermənistan qaçqınlarını Dağlıq Qarabağda yerləşdirmək olub. Vəzirov isə qışqıraraq, yumruğunu masaya vura-vura “Yox! Olmaz!” deyib. Azərbaycan və azərbaycanlıların mənafeyini qorumaq bəyəm vicdansızlıq və ya mədəniyyətsizlikdir?..

Vəzirov kitabda utanmadan bir ağ yalan da yazaraq göstərir ki, 1988-ci ildə Dağlıq Qarabağda 130 min erməni yaşayıb(səh. 211)

Halbuki, həmin ilin 1 yanvarına olan məlumata görə, Dağlıq Qarabağda azərbaycanlıların sayı 26 min 500 nəfər olubdur. Yəni, 130 min Dağlıq Qarabağın bütövlükdə əhalisi olub. Yaddaşsızlığı o həddə çatıbdır ki, azərbaycanlıları da erməni kimi qələmə alıb (1977-ci ildə isə Dağlıq Qarabağda 35.000 azərbaycanlı yaşamışdır). Bəs on minlərlə azərbaycanlıları Vəzirov niyə görməyib və yaxud görmək istəməyib? Vəzirovun ermənilərə itaətkar xidməti yəni azərbaycanlıların rəqəmlərdə belə gizlətməsi bir daha aydın özünü göstərdi…

Yeri gəlmişkən, bir acınacaqlı faktı da açmaq lazımdır və bu millətə xəyanətdir. Moskvanın göstərişi ilə Ermənistanda yaşayan azərbaycanlıların sayını öyrənməkdən ötrü Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini Musa Məmmədov və bu yazının müəllifi İrəvana ezam edildik(bu olduqca təhlükəli və gərgin günlər idi). Ermənistanın səlahiyyətli məmurları ilə birlikdə hər bir şəhər, rayon və kəndlər üzrə bir neçə gün təhlil apardıq. Məlum oldu ki, həmin dövrdə Ermənistanda yaşayan azərbaycanlıların sayı 207,3 min nəfərdi. Ermənilərin statistik orqanları azərbaycanlıların sayını mövcud vəziyyətdən xeyli aşağı göstərirdilər(mübahisələrimiz isə nəticə vermirdi). Azərbaycanlılar faktiki olaraq göstərilən rəqəmdən 35-40 mindən çox idi. 
Biz Bakıya qayıdıb arayış hazırlayarkən Vəzirov Musa müəllimə zəng edib, azərbaycanlıların sayını soruşanda acıqlandı və ona dedi: 
“...Mən Moskvaya  Ermənistan qaçqınlarının sayını 165 min nəfər deyəcəm, mövcud rəqəmi azaldın..”. 

Onun bu saxtakar əməlindən sonra hər ikimiz arayış yazmaqdan imtina elədik. Vəzirovun xəyanətkar təkidini Azərbaycan Respublikası Ali Sovetin iclaslarında bir neçə dəfə çıxışlarımızda səsləndirdik ki,  protokola-stenoqrama düşsün və tarixi sənədlərdə qalsın (hər ikimizdə deputat idik). Vəzirovun bu antimilli yaramazlığını unutmaq olarmı? Vəzirov kitabında yüz minlərlə azərbaycanlıların doğma yurdlarından qovulması (xeyli hissəsi onun vəzifədə olan dövrdə) barədə nə bir cümlə, nə bir kəlmə belə yazmamışlar.

(Davamı var) 

Link kopyalandı!
Son xəbərlər