"Judo Club-2012" Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi klub birinciliyi keçirib. Yarışın açılış mərasimində əvvəlcə Ulu Öndərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən klubun icraçı direktoru Hafis Hacıyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. Qeyd edilib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərib. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahədə apardğı məqsədyönlü siyasət nəticəsində isə indi Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları parlaq qələbələrindən danışan Hafis Hacıyev, həmçinin, başa çatmaqda olan ilin “Judo Club 2012”nin yetirmələri üçün də uğurlu olduğunu deyib. O, klubun idmançılarının həm ölkədaxili yarışlarda, həm də beynəlxalq arenalarda ümidləri doğrultduğunu qeyd edib.
Sonra “Judo Club 2012”nin cüdo bölməsi üzrə məşqçisi, veteranlar arasında cüdo üzrə dünya və Avropa çempionatlarının qalib və mükafatçısı Zaur Paşayev turnir haqqında iştirakçılara məlumat verib, onun yeniyetmə idmançıların yarış təcrübələrinin artmasında böyük rol oynayacağını qeyd edib.
Mərasimdə çıxış edən veteranlar arasında dünya və Avropa çempionatının qalib və mükafatçısı Müşfiq Cəfərov idmançıları ədalətli mübarizəyə çağırıb. Veteran cüdoçu həmçinin klubun uğurları barəsində də danışıb. O, əldə olunmuş nailiyyətləri "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun məşqçilərə və idmançılara göstərdiyi diqqət və qayğının, onlar üçün yaradılmış şəraitin nəticəsi kimi dəyərləndirib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra yarışlara start verilib. İki gün davam edən birincilikdə 200-dən çox yeniyetmə idmançı qüvvəsini sınayıb. Birinciliyin ilk günündə 2008, 2009 və 2010-cu il təvəllüdlü idmançılar tatami üzərinə çıxıblar. İkinci yarış günündə isə 2006, 2007-ci il təvəllüdlü cüdoçular həm fərdi, həm də komanda yarışlarında mübarizə aparıblar.
Komanda yarışlarının final mərhələsinə “Qardaşlar” komandası birinci yerə layiq görülüb. Həlledici görüşdə məğlub olan “Yenilməzlər” komandası isə gümüş medallara sahib çıxıb. Yarışda ilk üç yeri tutan idmançılar “Judo Club 2012”nin diplom və medalları ilə mükafatlandırılıblar. Qalib komandaya diplom və medallarla yanaşı, keçici kubok da təqdim olunub.
Tədbir iştirakçılarına, həmçinin üzərində Ulu Öndər Heydər Əliyevin rəsmi olan döş nişanı təqdim edilib.
Qaliblərə mükafatları cüdo və sambo üzrə SSRİ İdman ustası Asif Yusifov, SSRİ Spartakiadasının bürünc mükafatçısı İlham Cəfərov, veteranlar arasında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları Rəsul Səlimov, Müşfiq Cəfərov, Mübariz Cəfərov, Zaur Paşayev, İntiqam Ələkbərov, Məmməd Məmmədov və başqaları təqdim ediblər.(Koordinat.az)