Öpüşümüz sulara səpələnmiş ulduzları da ehtirasa gətirmişdi...
5600
11 Jun 2016 | 02:11

Öpüşümüz sulara səpələnmiş ulduzları da ehtirasa gətirmişdi...












Tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq. 

Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk... 

Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz...

Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/140156.html


V Bölüm. Qaraçı qız
(Davamı)

Rəssamın yazdıqlarına məəttəl qalmışam. Elə bil bunları Rəssam yox, hansısa yazıçı yazıb. O, yazdıqlarını rəssam incəliyiylə təsvir etməyi bacarır. Dili də çıxışlarındakı dilə qəti bənzəmir, şirin, axıcıdı. Şəxsi tanışlığım olmasa da müsahibələrindən, rəsmi tədbirlərdə çıxışlarından onu quru, boz adam təsəvvür edirdim. Yaradıcı şəxsdən daha çox keçmiş dönəmlərin bürokrat partiya xadimi təsiri bağışlayırdı. Rəssamlar İttifaqının xarici əlaqələr üzrə katibi kimi əsasən sərgilərin, rəsmi tədbirlərin təşkilatçısı, BMT, YUNESKO, TÜRKSOY, başqa beynəlxalq təşkilatlarda təmsilçi kimi tanınırdı. Bəlkə də ittifaqa uzun illər rəhbərlik edən dünya şöhrətli qocaman rəssamın kölgəsində qalmışdı deyə başqa keyfiyyətləriylə ictimaiyyətə açılmayıb. Görünür, qoca rəssam onu yaxşı tanıyırmış. Demək olar, təşkilatın əksər işini ona həvalə etmişdi. 
Yazı ilə danışığın fərqi var. Danışıq canlı olduğundan adam öz fikrini çılpaq deyir, onu müxtəlif donlara bükməyə vaxtı çatmır. Düzdü, bunu bacaran adamlar nə qədər desəndi. Belələrini nəzərdə tutmuram, ümumi deyirəm. Danışıqda ağzından çıxan daha sənin deyil, onun redaktəsi müşkül olur. Amma yazı başqadı, yazıda düşünmək imkanın var, bəyənmədiyin fikri pozub təzədən yaza bilirsən. Burda da eləcə, onların yazıları ölçülü-biçilidi. Özü də səmimidi. Araları açılıb. Zarafatlarından qalmırlar. Bir xeyli adi gündəlik söhbətlərini çıxartdım. Məişət tipli söhbətlərin mətni yorucu edəcəyini düşündüm. Bəlkə də düz eləmirəm. Bilmirəm! Əsas bu mətnlərlə nə edəcəyimə qərar verməkdir. Hər şey bu andıra qalmış qərardan asılıdır. Lazım olarsa, çıxartığım yerləri qaytarıb yerinə qoymaq asandır. 
***


Rəssam: Şənbə gecəsi Səni çox incitdim. Deyəsən, vaxtsız zənglərim, mesajlarım çox oldu. Yəqin halımı duyub, üstündən keçərsən. O gün Aydan gəldiyini yazmışdın. Şənbə axşamı Aya baxırdım. Ayın əksi İssık-Kulun sularında xəfif mehdən tərpəşə durmuşdu. Nişanələrini axtarırdım. Tapdım da! Ay üzündə gözlərin, qaşların apaydın idi, sonra dodaqların da göründü. Ay Sən oldu. 
Uzaq sahilləri çəpərləmiş dağlaracan səpələnən ulduzlar səmada nur saçırdı. Bax, Sənin burdakı gözlərin kimi. Gecə qaranlığında ulduzlar işıqları sönmüş teatr zalından səhnəyə baxan tamaşaçıydılar sanki. Onlar da Sənin gözəlliyinə ağzıaçıq qalmışdılar. O gecə Ayın sulardakı əksi ruhumuzun görüş yeriydi ”“ su üstündə qurulmuş teatr səhnəsi kimi. Tanrı dağlarından əsən soyuq küləklər pıçıltıyla söylədiklərinin əks-sədasını öz qanadlarında gətirirdi. Sanki şaman duasıydı. Dodağından qopan kəlmələr nəfəsin kimi istiydi, küləklər soyuda bilmirdi. Nəfəsin nəfəsimə qarışmışdı. Sevişirdilər. Öpüşümüz sulara səpələnmiş ulduzları da ehtirasa gətirmişdi, gözləri dörd olmuşdu ”“ sayrışırdılar. O gecə bütün kəhkəşan bizim sevgi tamaşamıza durmuşdu. Dan yeri çırtlamamış Ay çəkiləndə, özüylə bizi də aparanda göy üzünün ulduz tamaşaçıları ayaq üstə bizə alqış yağdırırdı”¦ 
***
Rəssam: Burda olduğum günlərdə yanımdan heç ayrılmadın. Hər yanda vardın. Hər yer Sən idi. Bilmirəm bu hal Sənə nə qədər tanışdı. Bəlkə Sən də nə vaxtsa yaşamısan bunları. Duyğuları yazmaq mümkün deyil! Onun heç mində birini də olduğu kimi kimsə yaza bilməz! İnsan söz qarşısında acizdi, bəlkə də buna görə sözlə deyə bilmədiyini əli, hərəkəti, əməliylə göstərir. Vaxt gələcək insan qəlbinin, ruhunun da rentgen kimi şəklini çəkən aparat kəşf olunacaq. Bax o gün dünyanın bütün sevgiləri atəşfəşanlıq edəcək. Dilləri açılacaq! Dinmədən danışa bilmək insanın son kəşfi olacaq!
***
Rəssam: Təyyarədəyəm. Qəribədi, təyyarəmiz Bakının üstüylə uçur. Bakıya Bakıdan keçib gedirəm. Türk Hava Yollarında Bişkekə yol İstanbuldan keçir. Xəzərin şərq sahili, ucsuz-bucaqsız çöllər, səhralar göydən olmayan kimi gözəl görünür. Qumlu təpələr, qırış dərələr Ayın kosmosdan görünən səthinə bənzəyir. Qoca Şərqin tarixi kino lenti sayaq sürətlə keçir göz önündən. Dünyanı lərzəyə gətirən orduların aylarla keçdiyi yolu dəqiqələrdə keçirsən. İllüminatordan aşağıya, Türküstan çöllərinə tarix vərəqləyirmiş kimi baxırsan. Qəribə duyğulardı...
Şərq demiş, yadıma bir Şərq rəvayəti düşdü. Vaxtım boldu, mən yazım, sən oxu.
Bir gün varlı bir tacir dükanı qarşısında oturubmuş. Çarşablı bir qadın ona yaxınlaşıb əl açır. Tacir pul kisəsini çıxarıb qadına bir mis sikkə uzadır. Pulu dilənçinin ovcuna qoyanda çarşab qadının başından düşür, üzü görünür. Tacir gördüyü gözəlliyə heyran qalır. Ona əl açan Ay parçası bir qızmış. Qız cəld çarşabını başına çəkib çaparaq aralanır. Onların bir anda toqquşan baxışları tacirin ürəyinə vəlvələ salır, qığılcım alova dönür, vulkan kimi püskürür. O, itaətkar qul kimi qızın arxasına düşüb gedir. 
Belə bir gözəlin dilənməsində sirr olmamış deyil! Yol boyu ürəyində boy verən dəli ehtiras marağa qarışır. Bir xeyli küçə keçir, tin dönürlər. Sonunda qız böyük bir imarətə girir. Tacir marağından elə bil bu andaca çatlayacaqdı. Tərəddüd etmədən imarətin darvazasını döyür. 
Onu içəri alıb bir otağa gətirirlər. Çox keçmir, evin sahibi gəlir. Tacir görür ki, bu, çox varlı bir qaraçıdı. Salamdan sonra tacir başına gələni ev sahibinə danışır. O qızı xəbər alır, bu sirri açmasını xahiş edir. Öyrənir ki, o, ev sahibinin qızıdı. Tacir qızı almaq istədiyini, nə qədər lazımsa pul verəcəyini söyləyir. Ev sahibi razılaşmır. 
Ordan havalı ayrılan tacir özünə yer tapmır. Qızı başından çıxara bilmir. Ona dəli bir eşqlə aşiq olur. Səhəri yenə qızgilə gedir, o biri gün yenə. Amma varlı qaraçını razı salmaq mümkün olmur. 
Tacirin inadından dönmədiyini görən qaraçı axırda bir şərtlə qızı ona verə biləcəyini deyir: “Sabah obaşdan şəhər darvazası ağzına çıxarsan, bütün günü dilənərsən, gün boyu yığdığın pulu axşam gətirərsən, qızı sənə verərəm”. 
Tacir eşitdiklərinə inanmır: “Mən sənə kisə-kisə qızıl verərəm, qara qəpikləri neyləyirsən?” 
Qaraçı deyir: “Mənə sənin gətirəcəyin qara qəpiklər lazımdı”. 
Tacir yenə ordan kor-peşman ayrılır. Şəhər əhlinin tanıyıb ehtiram elədiyi bir adam indi küçəyə çıxıb necə dilənsin? 
Bütün gecəni yata bilmir...
Səhər tezdən şəhərin darvazaları açılanda üzü-başı bağlı tacir qala divarları dibində oturub şəhərə girən karvan əhlinə əl uzadırdı. Keçənlər bu qəribə dilənçinin ovcuna pul basırdılar. 
Axşam tacir diləndiyi pulları da götürüb qaraçının yanına gəlir, ona bir kisə qara qəpik uzadır. Qaraçı pulu alıb deyir: “Mən hardan bilim ki, sən bu pulları dilənmisən?” Tacir deyir: “Dilənmişəm! Bütün günü şəhər darvazasının ağzında oturmuşam”. 
Qaraçı onu sınayıcı baxışlarla süzür: “Yaxşı, baxarıq! De görüm, ovcuna ilk qəpik qoyulanda hansı duyğuları keçirdin? Nə oldu?” Tacir başını aşağı dikib dərin fikrə gedir. Sonra baxışlarını pud daşı kimi qaldırıb bu sözləri deyir: “İlk qəpiyi mənə elə mən yaşda bir tacir verdi. Pulu ovcuma basanda canımdan üşütmə keçdi. Gözüm qaraldı, bədənimi soyuq tər basdı. Alnımda sıralanmış tər dənələri üzümə axdı. Bir-iki dəfə də tərlədim, sonra daha belə olmadı”. 
Qaraçı qalxıb əlini tacirin çiyninə qoyur: 
- Düz deyirsən, pulları dilənmisən. Qızı verirəm! 
- Səni anlamıram. Qızı əvvəldən niyə vermədin ki, bu qara qəpiklərdimi onun dəyəri?
 -Yox, mənim qızımı heç bir qızıl pul əvəz eləməz. Onu yalnız dəlicəsinə sevən birinə verəcəyimi əhd eləmişdim. Mənə sənin qızılların lazım deyil. Mən səndə daha qiymətli olanı aldım. İnsanda ən dəyərli şey üzünün həyasıdır. Ovcuna pul basılan anda səndən çıxan o soyuq tər sənin şərm-həyan idi. Mən səndən onu aldım. 
Görürsənmi, əzizim, sevgi insanı haralara aparır, nələrə vadar eləyir...
***
Rəssam: Bakıya bu gecə çatdım. Göndərdiyin mahnını dinlədim. Tərifə dəyərmiş. Sözləri də, musiqisi də əladı. İfaçını tanımıram, ilk dəfə eşidirdim. Pis oxumur. Amma məncə, Röyada daha yaxşı alınardı. Bu mahnı zil yox, bəm səs üçündü. 
Qadın: Salam! Xoş gəldin, əzizim! Necə keçdi səfərin? Yazdıqlarından anladığım qədər maraqlı günlər yaşamısan. O gecə İssık-Kul sahilindən yazdığın mesajlar aləm idi. Məni əsla yormadın, sadəcə evdə idim, dərhal cavab yaza bilmirdim. Amma hər mesajından zövq aldım. Özümü Ayın sudakı əksində qurduğun səhnədə duydum, özü də sənin qolların arasında. Öpüşlərin ağlımı aparmışdı, bəlkə də suyun dərinliklərinə batırmışdı. O gecə bizə ağıl lazım deyildi ki”¦ Ölürəm də ağılsız anlar üçün. Mənə yaşatdığın o gecəyə görə sənə təşəkkür edirəm. Öpürəm!
Pritçana da söz ola bilməz. Soruşmuram sən də o tacir kimi edərdinmi deyə. Çünki cavabını bilirəm... Bəstəni dinlədiyin üçün də sağ ol. Bəyənməyinə sevindim. Zövqü dartışmazlar, amma məncə, bu mahnı yalnız onun ifasında yaxşı alınır. İlqar Muradovdu adı. Əsas nəfəsin həcmi deyil, idarə olunmasıdır: bir ciyər dolusu nəfəsi boşuna bağıra da bilərsən, Koroğlu nərəsi kimi, “Qarabağ şikəstəsi”, Şubertin “Ave Mariya”sını oxuya da. Mənə gəlincə isə bu mahnını həm oxuyuram, həm də çalıram. Amma bunların heç birini sənin üçün etməyəcəm. Səninlə görüşdə yalnız özümdən danışacam, bir də səni dinləyəcəm. Bilirəm ki, mənə sinə dolu deyəsi sözün var. Görüşərik, sağlıq olsa.
Rəssam: Dünənki telefon söhbətimiz ləzzət elədi. Türklər demiş, maləsəf, hər vaxtkı kimi az oldu. Yaman çox sualın varmış. Özü də cavabını bilmədiyim suallar: “Niyə məni həmsöhbət seçdin?”, “Məndən gözləntin nədir?”, “Niyə məhz mən?..” Mənim üçün də maraqlıdı. Ümumiyyətlə, cavabı bilinməyən suallar ya maraqlı olur, ya bezdirici. Məncə, Sənin suallarına birlikdə cavab tapmalıyıq. Əsas odur nəyi harada axtardığını biləsən. Yolunu, istiqamətini deyim Sənə... 
Bu sualların cavabı bizim indiyə qədərki yazışmalarımızdadı. Necə başlayıb, nədən başlayıb, hara gəldiyimizə nəzər salsan, cavab tapacaqsan. Mənim cavabım mesajlarımdadı. Bu gün zəng vurmaq istədim. Dünənki kimi yenə vaxtın olmaz deyə vurmadım. İndi çıxıram. Amma növbəti həftə ərzində, kəsəsi, ad gününədək görüşmək istəyirəm. Bilirəm “sıradan bir gündü” Sənin üçün. Amma doğum gününün, özü də 30 yaşın necə sıradan bir gün olduğunu başa düşmürəm. Hər halda həmin gün evdəkilərlə olacaqsan. Başqa gün olsun, “sıradan bir gündə” görüşək. Vədələşək. Vaxtı sən de!

Ardı var...
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər