Dul qadını sevmək “second hand”dən palto alıb geyinmək kimidir...
12784
09 Jun 2016 | 01:05

Dul qadını sevmək “second hand”dən palto alıb geyinmək kimidir...



















Tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq. 

Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk... 

Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz...

Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/139904.html


IV Bölüm. Tanrının görünən tərəfi
(Davamı)

Rəssam: Neçə gündü zəngini, mesajını hava-su kimi gözləyirəm. Sənsə burdakı şəklinlə donmusan, daş bütə dönmüsən. Mən sənin daş bütünlə can çəkdim bu bir həftəni. Sənin bütün də səsin qədər doğmadı. Ağappaq səs, bir də bu daş büt mənə uzun müddət bəsdi. Öz yoluma davam eləməyə. Sənlə, ya sənsiz”¦ Bugünkü telefon söhbətimiz çox sərt alındı. Günahkar axtarmaq fikrim yoxdu. Amma mənim üçün çəkilən xətti basdığımın fərqindəyəm. Bunun günah olub-olmadığını bilmirəm. Heç vaxt sərhədləri yarmaqdan çəkinməmişəm. Bu, bir hobbi deyil, bu, sərhədlərə olan nifrətimdəndi. Xüsusilə mənim iç dünyama aid sərhədə dözümüm yoxdu. Əlbəttə, bu sərhədi keçəndə gül-çiçəyə umud etməsəm də, top-tüfəngi də arzulamıram. Hər nədirsə xoşdu, Səndən atılan hər şeyə şadam; istər gül olsun, istər güllə. Onu dəqiq tutmusan ki, mənim orta çaplı hissim yoxdu ”“ ya yüz faiz varam, ya yüz faiz yox. Səni tam başa düşürəm, çox gözəl anlayıram”¦ Qorxma, Səni incitməyəcəm”¦ Bir gün qəfil gəldiyim kimi, qəfil də gedəcəm...
Qadın: Salam, mənim əzizim. Məktubunu oxudum, bölüşdüklərin səni mənə daha da yaxınlaşdırdı, doğmalaşdırdı. Bu yazdıqlarında bir nisgil var, sanki sənə məxsus bir əşyanı, yox, adi əşya deyil, sənə məxsus bir qiymətsiz yadigarı alırdılar əlindən. Uzağa baxırdın, amma hər şey o qədər dumanlı idi ki, orda baş verənləri ayırd edə bilmirdin, sanki buludların arasında ucalan dağı görmək istəyirsən, havalar qızmır, qar ərimir, bulud çəkilmir, sən isə yenə ümidini itirmirsən. “Oraya mütləq gələcəm, bir vaxtlar getdiyim kimi” deyib, kənardan öz vaxtını gözləyirsən. Zaman insanı necə də dəyişir! Səninlə tanışlığımdan bu günə çox dəyişmişəm, məni dəyişdirən sənsən, mənə olanlara sənin bucağından baxa bilməyimdi. 
Bilirsən, mənə ən doğma olanları itirdim, birini Allahım aldı, o biriləri özləri çıxıb getdi, sonucda mənə acı xəyallar qaldı.
Ta heç kəsə bağlanmayacağıma söz vermişəm, daha bir ayrılığa dayana bilmərəm. Kiminsə qəlbinə girib sonra “əlvida” deməyin anlamı yoxdur... Qəlbim o qədər kövrək olub ki, xatirələri qovuram. Bəzən mənə elə gəlir ki, artıq göz yaşım qalmayıb, amma o yadıma düşəndə gözüm bir çeşmə olur. Bu səbəbdən hisslərimi çox uzaqda gizlətmişəm. Sənə verə biləcəyimdən artığını məndən istəmə! Məni üzərsən, gül kimi solaram! 
Rəssam: Yazdıqlarının, yaşadıqlarının eskizini sanki özüm çəkmişəm. Böyük sevgi yaşayan kimiyəm. Bilirsən, sevgi həyat dramının ilk və son səhnəsidi. Mən o səhnəni, Sənin sevginin şəklini çəkəcəm, mütləq çəkəcəm. Amma bu təəssüfü anlamıram. O böyük sevgi ər ola bilməz gedəsən, arvad ola bilməz alasan. Böyük sevgi həmişəyaşıl ağac deyil. Daimi olan şeyin adı sevgi yox, vərdişdi, məsuliyyətdi. Tanrı Sənə hər kəsə vermədiyini verib. Sən onu dadmısan. Daha nə istəyirsən?! “O” dediyin sənlə daim qalsaydı, daha “O” olmazdı! Səni duyuram, Sənə sevinirəm. Həqiqətən Sən mənim təsəvvürümdəkisənsə, Yaradana inamım bir baş da artır. O, mümkünsüzü mümkün edəndi. ...Səni hiss edirəm, içinə girib gəzirəm hərdən, ürəyin nə boydadı, hansı havanı udursan, bilirəm. Boyun, çəkin də bəllidi sanki. Sən qoynumda gizlədəcək qədərsən. İnsan bağrına əzizini sıxar. ”¦Sənin için ümmandı. Mən burada qalmaq istəyirəm, fərqi yoxdu, istər balıq, istərsə də yosun kimi.
Qadın: Balıq olsun, ya yosun, fərq etməz, əsas odur ki, öz dənizində olasan. Başqası sənin deyil. Qadın da eləcə, kişi də həmçinin. Başqası elə başqasınındır. Dul qadını sevmək “second hand”dən palto alıb geyinmək kimidir. Beynini belə şeylərlə yorma, gecdir, yataq! Röyalarda görüşək! Gecən xeyrə qalsın!
Rəssam: Ehtiras sevgi çırağının yağıdı! Sevgi üçün bakirə, subay, dul, qoca, cavan yoxdu. Sevgi bütün mövcud olanları təzələyə bilən enerjidi, onun reinkarnasiya qabiliyyəti var. Sevgi ağ varaqdı, təzə sətirdi, doğuluşdu. Onun “second hand”i olmur. ...Sənin də gecən xeyrə qalsın!
***
Rəssam: Bu gecə çatdaydım, dedim bəlkə görərəm Səni. Görmədim. Amma əvəzində yenə nəsə kəşf elədim. Budəfəki kəşfim Sənin barmaqlarındı. Yeni qoyduğun şəkildəki nazik, uzun barmaqların. Kim nə deyir, desin, nazik, uzun barmaqlar gözlərdən sonra qadın gözəlliyinin ikinci əsas şərtidi. Barmaqların mübarək!
Qadın: Sözlərin məni valeh elədi. Məni hər gün yenidən kəşf edirsən, bunun üçün nə deyim sənə... Təşəkkür etməyəcəm, sadəcə olaraq “xoşuma gəlir” deyəcəm. Bilirsən, uşaq vaxtı həkim olmaq istəyirdim. Sonralar alınmayanda qərara gəldim ki, həkim oğlanla ailə quracam, amma həyat yoldaşım həkim olmadı. İndi deyirəm ki, qızım olacaq və mən onu göz həkimi edəcəm. Barmaqlarıma gəlincə isə, uzunluğu piano çalanda işimə yarayır. Bir də pis adamların gözünə soxmaq olar.
Rəssam: Ax, bu qızım barmaqları,
Barmaqlarıma dəymədi.
Ürəyim ağrıyan gecə
Gəlib qapımı döymədi. 
“Verə biləcəyimdən artığını istəmə” yazmısan, əməl eləyəcəm. Mən də nəfsim və istəyimdən artıq götürmürəm. Amma bunların ölçü meyarı nədi, bilmirəm. Ritorik danışmıram, həqiqətən əməl etməyə çalışacam, çalışıram da. ...Hər gün səni kəşf edirəm, dönə-dönə. Sən də Da Vinçinin “Mona Liza”sı tək yüz illər boyu kəşf olunub qurtarmayacaqsan, deyəsən. Səni hər gün yenidən tapmaq uşaq sevinci yaşamaq qədər gözəldi. Yorulmaram. ...Sənin qızın olacaqmış. Bu, böyük bir sürprizdi. Sən nə qədər sirlisən, ay qız! Yaz mənə, açıl mənə.
Qadın: Çox gözəl şeirdir. Mənə aldırdığın kitabda oxumuşdum... İnsanları sınamıram, onlara etibar etmək istəyirəm. ...Qızımın olmasını arzulamışam, amma bu nə zaman olacaq, olacaqmı? Bilmirəm! Əvvəl gərək onun atası ola... İstənilən halda bilirəm ki, nə vaxtsa olacaq... Qəlbimdən çox şeyləri atmışam. Xəyallarımın dalınca düşməmək üçün uzaqlara getdim. Getdim, bu böyük şəhəri onlara bağışladım. Getdim, onları burdakı küləklərlə baş-başa qoydum. Heç burda da qalmadılar. Acı xatirələrlə dolu şəhəri mənə qaytarıb getdilər...

Rəssam: Nə yazacağımı bilmirəm. Başım dumanlıdı. Anlamaq, duymaq üçün yazışmalarımıza bir də baxdım, dedim, bəlkə suallara cavab taparam. Amma əksinə, duman daha da qatılaşdı. Sən əvvəl daha aydın idin. Son günlər başa düşmədiklərimin sayı artır. Görünür, dərk etmək qabiliyyətim korşalıb, ya gözümü pərdə tutub. Bilmirəm. Ola bilər, “mənə açıl” deməkdə yanılıram, fikirləşirəm ki, haqqında nə qədər çox bilsəm, Sənə bir o qədər yaxın olaram. Sən bütün vücudunla, bütün keçmişinlə tamsan, bütövsən, elə beləcə də doğmasan. Səndən eşitdiyim hər şeyi qəbul edə biləcəyimi düşünürəm. Görünür, hələ çox şeyi dərk və qəbul edəcək qədər kamil deyiləm. Bəlkə də bunun başqa səbəbi var, bilmirəm. ...Sən qəzəblisən. Qəzəbli başda ağıl olmaz. Keçmişlə yaşamazlar. Amma Sən nəinki yaşayırsan, keçmişlə döyüşmək istəyirsən. Dünyada hələ kimsə onunla döyüşü qazanmayıb. Döyüşü gələcəklə apararlar. Sənin “inamlıyam” sözündə inamsızlıq duyuram. İnsan inamsız yaşaya bilməz. O isə yalnız gələcəkdədi. Gələcək ona görə sevilir ki, ağzıbağlı mücrüdü. Hər bir insan həyatının dönüş anında özü-özünə hesabat verir. Qırx, əlli yaşı keçəndə məndə də belə oldu. “Əllinin” sual-cavabı daha ağır idi. Amma bütün hallarda məni bu məşəqqətli suallardan gələcəyə olan (bəlkə də mənasız) inam xilas eləyib. Nəsihətə qulaq asmaqdan, kiməsə nəsihət verməkdən zəhləm gedir. Deyəsən, müdrik görkəm alıb sənə nəsihət verirəm bayaqdan. Boş şeylərdi, fikir vermə. Ciddi işlərlə məşğul ol! ...Bilirəm doğum günün yaxınlaşır. Aparıcı müsabiqəsində sənin haqqında informasiyada oxumuşdum. Yaxşısı budu, ad günündə mənimçün çalacağın musiqini, onu dinləyəcəyim günü təyin elə! Pianosu olan yer seçək. 
Qadın: Bilirsən, həyatımdakı insanları ”“ istər dostlar, istər ailə üzvlərim ”“ spartalılara bənzədirəm. Eynən 300 spartalı kimi bir-birinə dəstək durmağı bacaranlar. Hamının bir amalı var, qalxanı ilə biri digərinin kürəyini düşmən zərbəsindən qorumaqdan qürur duyur. Budur ətrafım. Orada çox adam yoxdur, amma olana şükür edirəm. “Gələcək” yazırsan”¦ İnsan öz gələcəyinin quludur. Əsas zaman deyil, insandır. İnsan zamanın mövcudluğunu təsdiq edən sübutdur. İnsansız zaman yoxdur! Folknerin qəhrəmanı kimi düşünənlərdənəm ”“ “Sabah elə bu gündür!” Keçmiş tanıyıb bildiyim, gələcək qorxduğumdur. Doğum gününə gəlincə, mənim üçün sıradan bir gündür. Mən ildə bir gün deyil, hər gün böyüyürəm!
Rəssam: Hara gedirik vuruşmağa, silahdaş? Məni də spartalıların sırasına alarsanmı? Məktublarına baxıram, sanki bir yox, bir neçə adam yazır bunları. Ya da bir adamın çox müxtəlif ovqatlarında yazılıb. Bəzən ayırd eləyə bilmirəm bunların hansıyla danışıram. Ətrafındakıları spartalılara bənzətməyin inandırıcı gəlmədi mənə. Məncə, əksinədi, sənə zərbələr elə ətrafındakılardan dəyib.
Qadın: Özünü psixoloq kimi aparma! Ondansa de görüm məni necə görmək istəyirsən? Sənə hansı halımda maraqlıyam?
Rəssam: Əvvəlki nikbin, umudlu qızı axtarıram. Son vaxtlar kədərli və umudsuzsan.
Qadın: Əsla yox! Ümid optimistlərin anasıdır! Əminəm ki, hər şey yaxşı olacaq... Bilirsən, mən bilmirəm səninlə görüşəndə nədən danışacağıq!
Rəssam: Sənin kimi ağıllı bir qadının söhbət üçün mövzusu yoxdu? Bəlkə obyekt maraqlı deyil? Pianoda nə çalırsan? Sevimli musiqin hansıdı? Biz heç danışmaya da bilərik. Sən çalarsan, mən dinləyərəm, bu da olar söhbət. Sükutun səsi!
Qadın: Son vaxtlar blyuzu sevirəm. Amerikanın qullar işləyən pambıq tarlalarında yaranıb. Qullar və arzular. İlk baxışda təzadlı səslənə bilər, amma belə deyil. O, qovuşuq kimidir, gecəylə gündüzün təmas xətti, alatorandır sanki. Qovuşuqda doğuş var, doğuşda həyat. Arzusuna qovuşmaq istəyən qul bununla yenidən doğulacağına inanır elə bil... Pianonu da özüm üçün çalıram. Səninlə görüşəndə çalmayacam, çünki mən səni dinləməyə gələcəm. Səni eşitmək istəyirəm. Sənə baxmaq istəyirəm, mənim üçün çox maraqlısan, sirlisən, davranışın, fikirlərin. Mənə elə gəlir ki, heç də göründüyün kimi deyilsən.
Rəssam: Bilmirəm kimin sözüdü, deyir: “Kişilər qoyun kimidi, elə bilirlər, gördükləri ot yediklərindən dadlıdı”. Bu deyimi dəyişib başqa anlamlar üçün də istifadə etmək olar, məsələn: “İnsan onu sevənləri öz sevdiklərinə qurban etməyə hazırdır”. Bu, əvvəl-əvvəl şirin olsa da, sonda faciədi, morfi məstliyi və morfi faciəsi kimi. 
***
Rəssam: Dünən axşam telefonun bağlı idi. Zəng eləmişdim. Bu axşam ”İbrus”da maraqlı tamaşa var. Deyəcəkdim gəl birlikdə baxaq. Amma Sən bu məktubu oxuyanda artıq tamaşa bitmiş olacaq yəqin. Güman edirəm, ilk görüş və ilk söhbət üçün bu, bir aralıq mövzusu olar. Sən axı nədən danışacağımızı bilmirsən...
Qadın: Salam! Qubadan qayıdırıq. Tədbir uzandı bir az. Amma tamaşaya çatacam.
Rəssam: “İbrus” teatrında Rüstəm İbrahimbəyovun “O və onlar” tamaşasının premyerası oldu. Tək getdim. Fəxrəddin Manafov, Mehriban Zəki rollarını usta oynadılar. Belə tamaşadan sonra teatrı sevməmək olmur! Görsəydin Səni necə həyəcanla gözlədim ötən axşam ”“ ürəyin ağrıyardı, qıymazdın mənə, ayaqyalın qaçardın! Elə inanmışdım ki gələcəyinə. Bütün tamaşa boyu gözüm qapıda qaldı.
Qadın: Çatmışdım, əzizim. Maşını Nərimanovun heykəli yanında saxlatdım. Burdan teatra kəsə yolla, pilləkənlə də düşmək olur. Amma düşmədim, eləcə oturdum heykəlin yanındakı skamyada. Bəlkə də tamaşa bitənəcən oturdum, düz iki saat. Eləcə, tək-tənha oturdum orda. Gəlmədim, gələ bilmədim. Sən Allah bağışla, gərək gələcəyimi yazmayaydım... Bilirsən, sənlə danışanda rahat oluram. Mənə elə gəlir ki, məni təəccübləndirmək istəyirsən, heç kəsə deyə bilmədiyini, heç bir yerdə yazmadığını mənlə paylaşmaq istəyirsən. Bunları sevə-sevə dinləməyə hazıram. Səndən zövq alıram. Sən başqasan. Ürəyin gəncdir. Göründüyündən də sadəsən. Gözlərin çox görüb, amma gördüklərini dilin az deyir. Məncə, sən demək istədiklərini tablolara danışırsan. Sənin tablolarını görmək istəyirəm. ...Məni sözlərinlə deyil, davranışınla da göylərə qaldırmısan. Hərdən o qədər müəmmalısan, bəzən isə elə bilirəm, uzun illərdir tanıyıram səni. Bəlkə məni özün o qədər yüksəyə qaldırırsan ki, səni yuxarıdan daha aydın görüm... Mənim üçün çox dəyərlisən. Səni itirmək faciə olar.
Rəssam: Səndən ötrü çox darıxıram!!! Mənim bu sözlərim səni ucalda bilər, amma məni alçaltmaz Sənin yanında... Səmimiyyətinə heyranam. Dəfələrlə sənə hirslənmişəm, bəzən lap ağ eləmişəm. Bütün hirsim Sənin səmimiyyətinin qarşısında mum kimi əriyir. Sən həqiqətən də tapıntısan... Mənlik bir iş yoxdu, özün ucalmısan mənim dünyamın ucalıqlarına. ...Sən axı nə vaxt tablolara baxmaq istədin, mən qoymadım?
Qadın: Sərt davranış əslində kövrək ürəyin təzahürüdür. Ərk edib demisənsə, demək, məni əzizin sanmısan. Ondan böyük dəyər olarmı? Bizi ucaldan bizim əməllərimizdi. Ağlına gəlməyən ucalıqdasan. Oradan yerə enmək ehtimalın yoxdur. Ən azı ona görə ki, mən səni olduğun ucalıqda seyr etməkdən hədsiz zövq alıram.
Rəssam: Görüşümüzə hələ çoxmu var, Səncə? Bəlkə heç tələsməyək, necə ki, Sən tələsmirsən. Lap ilin sonunda, yeni il qabağı görüşərik. O vaxta qədər də bir-birimizi daha yuxarılara qaldırarıq. Yerə kosmosdan baxarıq. Nə fikirləşirsən? Bilirsən Yer kosmosdan necə doğma görünür? Çünki sən qalxdıqca o kiçilir. Hər şeyin balacası doğma olur axı! Məncə, kosmosdan Yerə baxmaq qədər maraqlı, həyəcanlı seyr ola bilməz. Sənin indi qoyduğun şəklinə tamaşa eləmək buna aid deyil, bu, başqa zövqdü!!! Yerə ucsuz-bucaqsız kəhkəşandan, milyonlarla ulduzun arasından baxanda burdakı pisliklər ”“ tanrılıq iddiaları, satqınlıqlar, yaltaqlıqlar ”“ necə də cılız görünür!
Qadın: Кosmosu istəmirəm, bəlkə də özüm Aydan gəlmişəm deyə... Yer kürəsini bəyənirəm. Mən də o fikirdəyəm ki, Allahın əlamətləri göydəki yox, yerdəki dünyadadır. O gün bəhs etdiyimiz Koelo öz “Kimyagər”ində dediyi kimi: “Dünya sadəcə Tanrının görünən tərəfidir”. Ona görə burada qalmaq fikrim var. Burdan sənə baxmaq daha maraqlıdır”¦ Hansı şəklimi daha çox bəyəndin yenilərin içərisində? Həyatda heç də şəkildəki kimi deyiləm. Deyirlər daha sirliyəm. “Bakalım” sən necə tapacaqsan məni.
Rəssam: Açığı, çətinlik çəkirəm seçməyə. Sən bunların hamısı ilə bütövsən, tamsan. Birində barmaqlar, o birində qamət, digərində baxışlar, bir başqasında dodaqlar. Deyəsən, dodaqlarının gözəlliyindən yazmamışdım heç. İndiki şəklini hələ dəyişmə. Qoy barmaqlarınla “oynayım” bir az da. ...Sabah Qırğızıstana gedirəm. İssık-Kul sahilində bir konfransa qatılacam. Türk xalqları rəssamlarının sərgisini də planladıq bəlkə. Üç günə qayıdıram. Sonra görüşə bilərik ”“ əlbəttə, istəsən. Hansı günü istəsən, görüşərik.
Qadın: Bu vaxt oralar soyuq olar. Özündən muğayat ol! Zamanı tələsdirməyə, onun əvəzinə nələrsə etməyə qalxma! Vaxt öz vaxtında gəlir həmişə... Görüşərik, sağlıq olsa. Salamat qayıt!
Rəssam: Sən də salamat qal! Ordan ”“ “Tanrının görünən tərəfindən” sənə zəng vuracam.

Ardı var...
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər