Tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin
Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq.
Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk...
Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz...
“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram. Üçüncü dünyanı biz özümüz yaradırıq”
Karl Popper
III Bölüm. Kədərin göz yaşı
(Davamı)
Qadın: Dünən sağollaşmadan çıxdım, bağışla! Bilirsən, yüz il izzətsiz danışmaqdansa bir gün hörmətli susmağı üstün bilirəm. Sənə olan hisslərimdən danışmayacam, özün bunları analiz edərsən. Bilirəm ki, hər şeyi öz istədiyin kimi qavrayacaqsan. Sən qadınların fikrinə qulaq asıb bildiyini edən kişilərdənsən, amma atdığın hər addımda qadını düşünəcəksən, onu anlamağa çalışacaqsan. Bəlkə bu üzdən sənə marağım böyükdür. Kim bilir? ...Səni mənim üçün başqalarından fərqləndirən məşhur rəssam olmağın deyil, məhz səni öyrənmək, duymaq istəyimdi. Bəzən qədim bir qaladan tapılan mücrüyə bənzədirəm səni. Qapağını qaldırmağa ürək eləmədiyim mücrüyə. İçində zinət də ola bilər, çürümüş yarpaqlar da. Amma fal açmağı sevmədiyim üçün çalışıram səni özüm öyrənim. Lazım olmasa, mücrünü açmayım, bəlkə başqasına qismət olar deyə götürdüyüm yerə qoyum.
Rəssam: Bilirsən, mənim də “mücrü” adamlarla təmasdan xoşum gəlir. “Mücrü” olduğunu bildiyindən ona dəyər verirsən, hətta içindəkini görməsən, bilməsən də. Belə mücrünü yavaş-yavaş açmaq ayaq altındakı minanı ustufca zərərsizləşdirmək kimidi, yaşam ehtirası ölümlə həyat arasındakı o qısa zamanda daha aydın duyulur, həyatın dəyərini anladır. İçində nə olur olsun, təki əlindəki Pandora mücrüsü olmasın... Məni yenə heyran qoyursan. Sənə yüngülcə toxundum, təmasdan qığılcım qopdu sanki. Bu təması qorumaq üçün zamanı dayandırardım. Mikelancelo ilahi təması “Adəmin yaranması” əsərində dondurduğu kimi. Göndərirəm o rəsmin linkini, bax!
Qadın: Zamanın anları narın qum dənələri kimidir. Bir qum dənəsi bir andır. Birinə qum saatındakı zaman yetmir, başqasına bir qum dənəsi ”“ bir an belə bəsdir. O, bu qum dənəsindən özünə saray tikəcək, bir ana bütöv bir ömrü sığdıracaq. İstəsə bir ana sığan ömrü həmişəlik donduracaq, zamanı durduracaq. Özümü bunların heç birinə aid etmirəm. Sadəcə, hər anın dəyərini bilməyə çalışıram. Yetər ki, zaman məndən yana qaçmasa belə içində olum. Təklik Allaha xasdır. Mən istəsəm belə, tək qala bilmirəm. Bir də təkliyi xoşlamıram, sənin o gün bəhs etdiyin Rilke demiş: “Tənhalıq yağışla doludur”... Həyat paylaşdıqca gözəldir. Paylaşmaq üçün biri vardı. Onu qəlbimin ən qaranlıq köşəsində saxlamışam. O, özü bu otağı seçib. Mən də onun seçimiylə razılaşmışam.
Rəssam: Tənhalıqdan yazırsan. O da cürbəcür olur. Biri var tənhalığı özün seçirsən, çıxıb gedirsən, hamını tərk edirsən. Biri də var hamı səni tərk edir, tək qalırsan ”“ bu, daha dəhşətlidi. ...Bilmirəm niyə, amma deyəsən, səni “qəlbinin qaranlıq köşəsində” gizlətdiyinə qısqanmağa başlayıram axı! Sənin yerini tutacaq birisi yoxdu, məni əhatə edənlərdən çox fərqlisən. Demək istədiklərimin kəsərini azaldıram güclə. Amma daha artığına layiqsən. İmkan vermə qısqanım. Zəhləm gedir bu duyğudan. Bəzən ona zəiflik də deyirlər, mən bu fikri paylaşmıram. Heç vaxt qısqanmamışam, yəqin indi də olmaz.
Qadın: Adam bəzən tək qalmaq istəyir. Hərdən fikirləşirəm, elə bir imkan ola, özünü də qoyub gedəsən, palto kimi çıxarıb asılqanın qarmağına keçirib gedəsən. Özünü tərk edəsən. Təəssüf, olmur belə şeylər. ...Qısqanclıq! O, tonqal tək əvvəl səni istisinə çəkər, sonra ağuşuna alıb yandırar. Üstünə su töksələr belə sönməzsən. Buna imkan vermə! ...Bir vaxt taleyimə üsyan edib, ona qarşı çıxdım. Məni ağır, çox ağır cəzalandırdı. Ancaq peşman deyiləm. Üsyan cəzadan şirindirsə, peşmanlığa yer yoxdur. Qısqandığın isə buna layiq deyil. Tanısan qısqanmayacaqsan. Gecən xeyrə qalsın!
Rəssam: Qucaqlayıb bağrıma basmaq, alnından öpmək istədim”¦
***
Rəssam: Səni təbrik edirəm! Bayram hədiyyən var, sürpriz eləmək istəyirdim.
Qadın: Salam! Çox sağ ol, amma mən bu bayramı qəbul etmirəm. “8 mart” solçu bir hərəkata bağlıdır. Paris fahişələrinin öz hüquqları üçün küçələrə çıxdığı gündür, Roza Lüksemburqun təklifi bəhanədir. Ondan mənə nə? Qadınların bir gün yox, həmişə sevilməsini istəyirəm. Qadını bir gün yox, hər gün sevən kişilərə ehtiramım var.
Rəssam: Ta bu sözdən sonra nə sürpriz?!.
Qadın: Amma hədiyyəni görmək maraqlı olardı.
Rəssam: O daha sürpriz deyil.
Qadın: Yenə incidin...
Rəssam: Yox!
Qadın: ...
***
Rəssam: Bu gün bir neçə dəfə Sənin nömrəni yığmaq istədim.
Qadın: Nömrəmi yığmaq istədin, bəs niyə yığmadın? Məni eşidincə nə deyəcəyini bilmədiyin üçünmü? Yaxud “Mən nə edirəm” sualına hələ də cavab axtarırsan?
Rəssam: Səni eşidincə boğazımın quruyacağından qorxdum...
Qadın: Hımm”¦ Sən dedin, mən də inandım.
Rəssam: Bəs nə!
Qadın: Boğazın işi asandır, təki dil qurumasın”¦
Rəssam: Burda dilə heç ehtiyac da yoxdu. Biz ki danışmırıq, yazışırıq. Odu ki, barmaq qurumasın!
Qadın: Ürək”¦ Qəlb”¦ Ruh ”¦ qurumasın!
Rəssam: Onda yaz, danış mənimlə. Səninlə ünsiyyət mənə rahatlıq verir.
Qadın: Sən mənim üçün hələ də bağlı mücrüsən. Əsdirib, o üz-bu üzünü çevirib, rentgen şüası ilə içindəkinə baxmaq mənə düşməz. Mən səni seyr edirəm. Bəzən parlayırsan, bəzən də qapqara bir sirr olursan. Bilirsən, sirli mücrünü qaranlıq sükutda açanda yaxşıdır; bilinməyən, duyulmayan, görünməyən ...
Rəssam: Yəni bu müddətdə heç duyulmadımmı? O mücrüdən səs olub çıxardım, işıq olub sızardım, su olub süzülərdim, ətir olub qoxuyardım, təki Sən məni duyasan. Əgər Sənin mücründə bunların heç olmasa biri yoxsa, məni bağışla, mən orada deyiləm, mücrün boşdu.
Qadın: Mücrüm boş deyil, əsla. Sadəcə, işığından kor, ətrindən bihuş olmaqdan, suyuna qarışıb itməkdən çəkinirəm. Bəlkə də o üzdən bu mücrünü açmağa ehtiyatlanıram. Mənim mücrümü boş gördünsə, demək, məni heç tanımadın. Sənə uğur diləməkdən başqa bir şey qalmadı mənə bu gecə. Salamat qal.
Rəssam: Sən öz mücrünə inanmırsan. Su stəkanda ya var, ya yoxdu. Onu yarıboş, ya da yarıdolu adlandırmaq əhəmiyyətsizdi. Boş olana mücrü yox, qutu deyərdim. Mücrünü mücrü eləyən içindəkidi. Özünə inan. İnansan, mücrün boş çıxmaz.
Qadın: ...
Növbəti gün ilk dəfə aralarında intim söhbət oldu. Söhbətin axarı məni də özüylə apardı. Başqalarının intim yazışmasını oxumaq elə onların sevişmə səhnəsinə baxmaq kimi bir şeydi. Özüm də hiss eləmədən voyerizmə keçmişdim, yəni sekslə məşğul olanları gizlincə izləməkdən həzz alan birinə oxşayırdım, amma qəribədi, ayıb hissim yox idi. Özümü Rəssamın yerində zənn edirdim. Fantaziyalarım onun elədiklərindən də qabağa qaçırdı. Qadının fotolardan süzülən təbəssümü, məlahəti məni də tilsimləmişdi. Rəssamın Qadına bağlanma səbəbini indi anladım. Ondakı adamı maqnit tək özünə çəkib sehrləmək gücünü bütün qəlbimlə duydum.
***
Rəssam: Bu şəkli nə vaxt çəkdirmisən?
Qadın: Bir həftə olar, işdə uşaqlar xəbərim olmadan çəkib. Bəyəndinmi?
Rəssam: Əladı! Neçə vaxtdı Səndən bir şey soruşmaq istəyirəm, amma bilmirəm necə soruşum.
Qadın: Oooo! Dünyaları bir-birinə qatan, göydə mələklərlə, yerdə “əcinnə”lərlə əlləşən, hamısına dil çatdıran adam məndən söz soruşmağın yolunu bilmir?
Rəssam: Məndən nə gözlədiyini yaza bilərsən? Təbii ki, həmişəki kimi açıq, səmimi”¦
Qadın: Səndən heç nə gözləmirəm. Səni olduğun kimi görüb qəbul etmişəm, bu da mənim bəsimdir.
Rəssam: Məni necə görürsən? Görürsənmi?
Qadın: Səni “görməsəm”, heç kəlmə də kəsməzdim. Mən kabusla, xəyalla danışmıram.
Rəssam: Deyəsən, heç vaxt Sənə “Gözəlsən!” yazmamışam axı. Nəsə yadıma gəlmir. Niyə, bilmirəm. İncimə, deyəsən axı həqiqətən həm də gözəlsən. Mən indiyədək Sənin yalnız daxilini görməyə çalışmışam. Elə bil üzünü indi görürəm. Şok oldum. Barıtı bu qədər eləmə birdən-birə. Bu şəkillərin hardaydı belə...
Qadın: Bunlar yenidir. İndi qoyuram bura, bir-bir. Necədi? İndi görürsən məni? İndiyədək görməmişdin, eləmi? Səni dəli edim, sən də bax...
Rəssam: Bu gecə ağlımı almaq istəyirsən? Yox, Sənlik bir şey yoxdu, o özü çıxıb gedib Sənin yanına. Özüylə ruhumu da aparıb. Onları duyursanmı? Gör necə sarılıblar Sənə”¦ Ruhumu nəfəsinlə çəkirsən içinə, ağlım da arxasınca sürünür, qorxuram yarı yolda qala”¦
Qadın: Qoy qalsın! Mənə o yox, ruhun lazımdır!!!
Rəssam: Onu nəfəsinlə necə isitdiyini duyuram! Ruhumun son dəfə nə vaxt belə dincəldiyini xatırlamıram.
Qadın: Onu öz ruhumla görüşdürdüm.
Rəssam: Hə”¦ hə...
Qadın: Sarıldılar bir-birinə. Öpüşürlər, sifətlər bir-birinə qarışır, cizgilər itir. İndi ağız alında, qulaq burundadır.
Rəssam: Görürəm, duyuram”¦ Sənin ruhunun dodağı mənim ruhumun gözü üstədi...
Qadın: Dodaqların sinəmdə gül ləçəyi tək açılır...
Rəssam: Sinəndəki bir cüt zirvə sərtləşib bərkisə də üz-gözümə qu tükü sığalı çəkir. Zirvələrin ucu ox təki gözümə batsa da gözüm dincəlir, uyuyur... Qollarımı belinə dolayıb Səni özümə qandallayıram. Başım qoşa zirvən arasındadı, ayaqların ayağıma dolanıb. Ruhum Sənə qovuşur, bir canda birləşirik. Bilirsən, Səni ruhuma da qısqanıram.
Qadın: Çıx get! Göndərdim özünə ruhunu. Mənim qısqanclardan xoşum gəlmir... Bir də belə yazma! Doğrudan elə bildim yanımdasan...
Rəssam: Monitordan atılımmı qucağına?
Qadın: Ruhuna baxma, sən ağırsan, saxlaya bilmərəm.
Rəssam: Səni görmək istəyirəm! Elə bu an...
Qadın: İndi? Elə evdəkilər də onu deyir.
Rəssam: Səni hər gün bir nəfəs daha artıq arzulayıram. Sən getdikcə gözəlləşirsən. Bu, kompliment deyil. Mən kompliment deməyi bacarmıram.
Qadın: Bir gün bir qadın kişisinə deyir ki, uzun illəri bir yerdə yola saldıq, ancaq sən heç vaxt məni tərifləyib kompliment demədin. Kişi gülümsəyib qadına deyir: “Komplimenti yalnız çirkin qadınlara deyərlər. Sən gözəl olduğundan buna ehtiyac duymadım”. Belə tez alışma! Tez alışan, tez də sönər... İnşallah görüşərik. Amma hələ yox. Sabah Şəkiyə gedirəm. Dönəndə görüşərik... Səndən zövq alıram. Sıradan biri deyilsən. Bəlkə də ailəli insanla bu qədər yaxınlaşmağım səhvimdir, amma olsun. Özümü sənlə rahat, güvəndə hiss edirəm”¦ Çıxıram. Gecən xeyrə qalsın. Görüşərik, sağlıq olsa.
Rəssam: Mən də Sənlə rahat oluram. Hüzur tapıram. Başımı dizlərinə qoyacaq qədər doğmasan. Ayılıb yenə görəcək, sevinəcək qədər xoşbəxtəm. Mütləq görüşək. İlk görüşə də elə bu şəkildəki ağ paltarı geyinərsən. Ağ paltarlı qız! Yuxun şirin olsun, qəddar Qadın! Get yat!
Qadın: Əsla! Öpdüm!
Ardı var...