Bizi sosial şəbəkələrdən izləyin:
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Yadigar Türkel tutduğu vəzifədən azad olunduqdan sonra iki böyük şöbənin müdirinin də vəzifələrindən kənarlaşdırılması günün sensasiyası hesab oluna bilər.
Belə ki, bu gün Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin əmri ilə institutun “Siyasi nəzəriyyələr” şöbəsinin müdiri, professor Rəna Mirzəzadə və “Dinşünaslıq və mədəniyyətin fəlsəfəsi problemləri” şöbəsinin müdiri Sakit Hüseynov tutduğu vəzifədən azad olunub. Rəna Mirzəzadənin yerinə Afaq Rüstəmov, Sakit Hüseynovun yerinə isə Aydın Əlizadə təyin olunub.
Saytımıza daxil olan məlumatda bildirilir ki, Aleksandr Şepetyevin 2016-cı ildə çapdan çıxmış “Azərbaycan türklərinin hüququ olan Qafqazdakı mübahisəli ərazilər haqqında məruzə” kitabına Yadigar Türkelin yazdığı ön sözdə mərhum prezident Heydər Əliyev tənqid olunub. Bu faktı İnstitutun direktoru İlham Məmmədzadə də müsahibələrinin birində səsləndirmişdi. Yadigar Türkel Rəna Mirzəzadənin şöbəsinin əməkdaşı olduğundan onun Yadigar Türkelin əməlindən xəbəri olub.
Mənbə iddia edir ki, Sakit Hüseynov isə Elmin İnkişafı Fondundan aldığı qrant layihəsi çərçivəsində heç bir iş görmədiyindən əməlləri direktorun qəzəbinə tuş gəlib. Məlumatlı mənbə bildirir ki, İlham Məmmədzadə yaxşı alim və elm təşkilatçısı olmasına baxmayaraq bilərəkdənmi, ya bilməyərəkdənmi institutda kreslosunun altına xeyli saat mexanizmli “mina” yığıb. Bunlardan biri də fəlsəfə və sosiologiya elminə heç bir aidiyyatı olmayan Xaliq Əhmədzadədir. Bu şəxs institutun darısqal məkanında iki otağı zəbt edib. İlham Məmmədzadə isə bu təhlükəli “minanı” hələlik ört-basdır etməklə məşğuldur.