Oktyabrın 2-də Yardımlı rayonunun Bilnə kəndində Vətən Müharibəsi şəhidi Əli Nuru oğlu Rzalının anım günü qeyd olunub.
Tədbirdə Yardımlı ictimaiyyəti ilə yanaşı, qonşu rayonlardan-Lerik, Masallı, Biləsuvar rayonlarından ziyarətçilər, həmçinin şəhid valideynləri iştirak ediblər.
Xüsusi Təyinatlı Qoşunların əsgəri olan 19 yaşlı Əli Rzalı 27 sentyabr 2020-ci il tarixində erməni faşizminə qarşı döyüşlərə qatılıb, döyüşlərin 5-ci günü Kəlbəcər istiqamətində, Murovdağ yüksəkliyində, “Koroğlu” postunda qəhrəmanlıqla şəhid olub.
Anım mərasimində iştirak edənlər qəhrəman şəhidimizin keçdiyi həyat yolundan bəhs ediblər, ruhuna böyük ehtiram göstəriblər.
Şəhidimizin atası Nuru Rzalı özünün ən yaxın dostu, sirdaşı olan Əli haqqında xatirələrini bölüşərək, onun müqəddəs ruhu qarşısında hər gün hesabat verdiyini söyləyib. N.Rzalı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü ifadə edib. Əli Rzalının keçdiyi döyüş yolu dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, şəhidimiz Prezidentin sərəncamları ilə “Cəsur döyüşçü”, “Şücaətə görə”, Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Anım mərasimində şəhidimizin babası Əlhüseyn Paşayev, şəhid Cavid Sahratovun atası Əlikömək Sahratov, şəhid Amal Qarayevin atası Ədalət müəllim, rayon ziyalısı Güloğlan İmanov çıxış etdilər, ürək sözlərini çatdırıblar. Tədbirdə şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səslənib. Şəhid Əli Rzalının dayısı Elşad Paşasoy qəhrəmanımızın bir il əvvəl uğrunda can verdiyi ünvandan - Murovdağdan gətirdiyi müqəddəs torpağı qəhrəmanımızın məzarı üzərinə qoyaraq, şəhidimizə ehtiramını ifadə edib. Rayonun böyük nüfuz sahibi olan din xadimi Kərbəlayi Firidun Qurani-Kərim oxuyub, Əliyə, bütün şəhidlərimizə rəhmət diləyib. Din xadiminin şair Sakit İlkinin Əliyə həsr etdiyi şeiri səsləndirməsi də hamını təsirləndirib.
Qeyd edək ki, bir gün əvvəl də şəhid Əli Rzalının xatirəsinə tədbir keçirilmişdi. Belə ki, həmin gün Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə, Yardımlı rayonunun müxtəlif idarə və müəssisə təşkilatlarının rəhbər heyəti və əməkdaşlarının, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəhbərliyi, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə Əli Rzalının məzarı ziyarət olunub. İcra başçısı A.Əsgərov və deputat Musa Qasımlı çıxış edərək Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlığından danışıblar. Şəhidin atası Nuru Rzalı və şəhidin babası Əlihüseyn müəllim çıxış edərək yağmurlu hava olmasına baxmayaraq, tədbirə qatılan hər kəsə öz minnətdarlıqlarını bildiriblər. Tədbir şəhidin adına Bilnə kənd sakini, zəhmətkeş və xeyriyyəçi insan Şahin Paşanın təşəbbüsü və maddi dəstəyi ilə tikilmiş Əli bulağının açılışından sonra sona çatıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Musavat.com