Nağıllar aləminə bənzəyən Laçın:
538
15:44, Bu gün

Nağıllar aləminə bənzəyən Laçın: "Bəziləri düşünürdülər ki, buraya gələnlər ancaq yaşlılardır"

"Xoşbəxtliyin ən üstün səviyyəsi Laçında olmağımızdır. 23 yaşımda Laçından çıxmaq məcburiyyətində qalmışam və ailəli idim. Mən buradan ağlaya-ağlaya çıxmışdım. Amma bu 30 ildə heç ümidsiz olmadım. İnanırdım ki, qayıdacağıq. Qurban olum Allaha, ümidlərim doğruldu və biz qayıtdıq".
 
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Laçına qayıdan Nəcəfovlar ailəsinin başçısı İsgəndər bəy deyib.
 
O bildirib ki, hazırda usta kimi fəaliyyət göstərir.
 
"Laçındakı evlərin, demək olar, 90 faizində olmuşuq. Hansı evə giririk, deyirlər ki, şükür Allaha, evimizdə, torpağımızdayıq. Güclü Ordumuzun və müzəffər Ali Baş Komandanımızın sayəsində biz bunu bacardıq. 44 günlük müharibədə ordumuzun qüdrəti, səsi-sorağı dünyaya yayıldı", - o deyib.
 
Evin xanımı Könül Nəcəfova şəhərin hər qarışını gəzərək illərin həsrətinə son qoymağa çalışdığını vurğulayır:
 
"Laçında doğulub-böyüyüb, burada ailə qurmuşam. Buranı tərk edəndə qızım yaşyarımlıq idi. İndi onun uşaqları, nəvələrimlə buraya qayıtmışam. Laçını gəzərək illərin həsrətinə son qoymağa çalışıram. Hər daşına, nöqtəsinə diqqətlə baxıram, cansız əşyalar da sanki adamı çağıraraq, gəl məni də gör deyir. Biz buraya ilk köçdə gəlmişik. Atamla tərk edib, atamsız qayıtmışam. O, Laçın həsrəti ilə vəfat etdi. Amma indi ruhu şaddır. Çünki biz buradayıq. Hər gəzəndə onun ruhunu yanımda hiss edirəm".
 
İ.Nəcəfovun oğlu Emil Nəcəfli bu gün azad Laçında oğul böyüdür:
 
"Bəziləri düşünürdülər ki, Laçına gələnlər ancaq yaşlılardır, amma elə deyil, köçən nə qədər gənc ailələr var, onlardan biri də bizik. Çox xoşbəxtik ki, övladımızı öz ata yurdumuzda, Laçında böyüdürük və burada çalışırıq".
 
E.Nəcəflinin həyat yoldaşı Gilə Nəcəfli Laçın şəhər 2 nömrəli tam orta məktəbdə işləyir:
 
"Şagirdlərimizin sayı çoxdur. Laçın çox gözəldir, hər gəzəndə yeni bir yer kəşf edirəm. Çox şükür bu günlərə, burada yaşadığım üçün özümü çox xoşbəxt və qürurlu hiss edirəm".
 
Ətraflı - videoreportajda:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər