Dekabrın 17-də Türkiyə Radio və Televiziya Qurumu - TRT-nin farsca bölümünün fəaliyyətə başlaması İranda əməlli-başlı təşviş və narahatlıq doğurub. Bunu son iki gündə İran mediasında dərc olunan yazılardan və sosial şəbəkələrdəki paylaşımlardan aydın görmək olur.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"TRT Farsca"nın yayıma başlaması, xüsusən İrandakı şovinist və antitürk dairələrin yuxusuna haram qatıb, hərçənd, kanalın hədəf və məqsədləri barədə Türkiyə rəsmilərinin açıqlamaları bu cür reaksiyaya əsas vermir. Belə ki, kanalın açılış mərasimində çıxış edən TRT-nin baş direktoru Mehmet Zahid Sobacı həmin məqsədləri açıq şəkildə bildirərək deyib:
"TRT Farsca" vasitəsilə 130 milyondan çox farsdilli əhalinin yaşadığı İran, Əfqanıstan və Tacikistanı əhatə edən geniş coğrafiyaya müraciət edərək, bu bölgə ilə ortaq mədəni əlaqələrimizi gücləndirməyi hədəfləyirik. Bölgə ilə turizm, mədəniyyət, ticarət və təhsil sahələrində əlaqələrimizin inkişafına töhfə vermək niyyətindəyik. Türklərin və farsca danışılan coğrafiyadakı xalqların bir-birini daha yaxşı tanıması üçün etibarlı media qaynaqlarından faydalanması zəruridir. "TRT Farsca" xalqlar arasında əlaqələrin möhkəmlənməsində önəmli işlər görəcək. Eyni zamanda, "TRT Farsca" dövrümüzün ən böyük kommunikasiya xəstəliyi olan dezinformasiya ilə mübarizədə də mühüm rol oynayacaq".
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da yeni kanalın Türkiyə ilə İran arasında əlaqələrin güclənməsinə xidmət edən körpü olacağını, regional sabitliyə xidmət edəcəyini vurğulayıb.
Amma necə deyərlər, xain xoflu olar. İrandakı antitürk dairələr bu rəsmi bəyanatlara rəğmən, "TRT Farsca"nın fəaliyyətə başlamasının arxasında hansısa gizli niyyətlərin, İslam Respublikasına qarşı hansısa məxfi planların dayandığını iddia ediblər. Məsələn, nüfuzlu "Həmşəhri" qəzetinin bu mövzuda dərc etdiyi məqalənin başlığı özlüyündə hər şeyi deyir: "Ankaranın Tehrana qarşı qeyri-dost siyasəti davam edir: Türkiyənin yeni farsdilli kanalının arxasında nə dayanır? Ankara İrana qarşı getməklə nə etmək istəyir?"
Ətraflı - videoda: