FHN-in yaradılmasının ildönümü münasibətilə iclas keçirildi
508
16 Dec 2024 | 16:38

FHN-in yaradılmasının ildönümü münasibətilə iclas keçirildi

16 dekabr 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.

Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən iclas Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İclasda çıxış edən nazir Kəmaləddin Heydərov sona çatmaqda olan 2024-cü ilin ölkəmizin bütün sahələrdə daha da inkişafı, yeni-yeni və tarixi nailiyyətlərin əldə edilməsi ilə əlamətdar olduğunu vurğulayıb. O, müstəqillik tariximizdə ərazi bütövlüyü və suverenliyi tam bərpa olmuş Azərbaycanda keçirilən ilk Prezident seçkilərində xalqımızın yekdilliklə ən layiqli namizədinə - ölkəmizi hərtərəfli və davamlı inkişaf yolunda inamla idarə edən, 30 il işğal altında olan əzəli torpaqlarımızı azad edərək böyük Zəfərə imza atan, erməni separatizminə son qoyan cənab İlham Əliyevə səs verdiyini xatırladaraq, Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısının Azərbaycana hələ çox zəfərlər, qələbələr qazandıracağına əminliyini ifadə edib.

Nazir Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Bakıda keçirilməsinin əlamətdar tarixi hadisə olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qlobal tədbirə uğurla ev sahibliyi etdiyini və konfransın tarixi nailiyyətlərlə yadda qaldığını xatırladıb. Nazir vurğulayıb ki, bugünkü Azərbaycanın tarixi nailiyyətlərinin möhkəm təməlləri müdrik uzaqgörənliyi, zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və sonsuz Vətən sevgisi sayəsində ölkəmizi zamanın çox keşməkeşli sınaqlarından uğurla çıxaran Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə qoyulub.

Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin cari ildə də ölkə başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. Bu çərçivədə, Nazirlik tərəfindən COP29-la əlaqədar aidiyyəti təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təmin edildiyini bildirib. Qeyd edib ki, ilk gündən Nazirliyin bütün qüvvələri səfərbər olunaraq obyektlərin, o cümlədən tədbir keçirilən məkanların, otellərin, iaşə obyektlərinin, insanların kütləvi toplaşdığı yerlərin, istirahət və ticarət mərkəzlərinin, infrastruktur və strateji obyektlərin, habelə bu obyektlərin ətrafında yerləşən bina və tikililərin yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqləri keçirilərək, müvafiq tədbirlərin görülməsi təmin edilib. Bundan əlavə, bu obyektlərdə Nazirliyin qüvvə və vasitələri cəlb olunmaqla çoxsaylı təlimlər keçirilib, fövqəladə hallarla bağlı davranış qaydalarına dair geniş maarifləndirmə işləri aparılıb. Həmçinin, tədbir ərəfəsində və tədbir günlərində mümkün fövqəladə hallara çevik reaksiya verilməsinin təmin edilməsi məqsədilə Nazirliyin qüvvə və vasitələri tam hazır vəziyyətə gətirilərək gücləndirilmiş iş rejimində çalışıb. Qeyd olunanlarla yanaşı, Nazirlik tərəfindən Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında işğaldan azad olunmuş ərazilərimizdə çoxsaylı yaşayış məntəqələrinin yenidən qurulduğunu, “ağıllı kəndlər və şəhərlər”in salındığını xatırladan nazir, 2024-cü ildə də bu sahədə dövlətimiz tərəfindən böyük işlərin görüldüyünü vurğulayıb. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda xalqımızın tarixi, dini, mədəni irsinin müvəffəqiyyətlə bərpa olunduğunu bildirib.

Nazir deyib ki, Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş torpaqlarımızda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi sahəsində aidiyyəti üzrə müvafiq tədbirləri davam etdirir. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz həyata keçirilir. Ölkə başçısının diqqət və qayğısı sayəsində alınmış ən müasir minatəmizləyən robotlar və digər vasitələr tətbiq olunmaqla minatəmizləmə işləri sürətlə davam etdirilir. Həmçinin, Nazirliyin aidiyyəti qurumları tərəfindən işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğınların operativ söndürülməsi təmin edilib, aparılan yenidənqurma layihələri ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Çıxışına davam edən nazir K.Heydərov bu il də ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanıldığını, yanğın hadisələrinin qarşısının çevik alınaraq yayılıb ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini bildirib. Qeyd edib ki, 2024-cü ildə respublika üzrə il ərzində 13545, o cümlədən Bakı şəhərində 4472, işğaldan azad olunmuş ərazilərdə 357 yanğın hadisəsi qeydə alınıb ki, bu da orta hesabla hər gün 41 yanğına çıxış deməkdir. Yanğınlardan 16 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 79 dövlət və 425 özəl obyekt, 348 çoxmənzilli bina, 519 fərdi ev, 497 yardımçı tikili, 300 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 78 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1041 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

K.Heydərov qeyd edib ki, xüsusi riskli xilasetmə qrupları 976 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1095 nəfər zərərçəkmişi xilas edib, həmçinin 101 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb. Bununla bərabər, yanğınsöndürən-xilasedicilər tərəfindən 140 nəqliyyat və digər qəzalar zamanı 294 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 54 nəfərin cəsədi avtomobillərdən çıxarılıb.

2024-cü il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 71 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 90 nəfər olmaqla, cəmi 161 nəfər xilas edilib, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 52 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Nazirliyin aidiyyəti qurumlarının 662 nəfər şəxsi heyəti, habelə 117 ədəd nəqliyyat vasitəsi, 3 qayıq, 85 motopompa cəlb olunmaqla oktyabr ayında intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib, ümumilikdə 542 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, 2 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazir onu da bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, bu il Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatlarında fəal iştirak edib, müxtəlif bölgələrdə uçuşlar həyata keçirərək yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su töküb və qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib.

Qeyd edilib ki, cari il ərzində müxtəlif məsələlərlə, o cümlədən yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar telefon xəttinə ümumilikdə 2,1 milyona yaxın və ya orta hesabla hər gün 6 minə yaxın zəng daxil olub.

Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 70 mindən artıq obyektdə yanğın-tехniki müayinələr aparılıb, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılması üçün оbyеkt rəhbərlərinə və sahiblərinə 407 minə yaxın tələbi özündə əks etdirən tələbnamə məktubları vеrilib.

Bundan əlavə, təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 2890 obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2964 müəssisədə 37 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib, həmçinin 4800 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb. Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 256 nəzarət-yoxlama tədbiri, eyni zamanda radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 95 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 93 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 1977 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.

Çıxışının sonunda peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edən nazir Kəmaləddin Heydərov əmin olduğunu bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən, cənab Prezident İlham Əliyevin hər zaman diqqət və qayğısını hiss edən Fövqəladə Hallar Nazirliyinin kollektivi vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra da var gücü ilə çalışacaq, cənab Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını uğurla yerinə yetirəcəkdir.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş FHN-in əməkdaşlarına təltiflər təqdim olunub.

İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib, bir qrup əməkdaşa təltiflər təqdim edilib.

Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.

Link kopyalandı!
Son xəbərlər