Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Siyasət
214
20:15, Bu gün

Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub.

Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov elan olunmuş atəşkəsi alqışlayıb. Atəşkəsin təmin olunmasının gərginliyin azaldılması, danışıqların uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından əhəmiyyəti vurğulanıb.

Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə də dost və qardaş Pakistanın rolu təqdir olunub.

Nazir Ceyhun Bayramov atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edərək, vəziyyətin diplomatik yollarla həllinin önəmini diqqətə çatdırıb, İslamabadda aparılacaq danışıqların nəticəyönümlü və məhsuldar olacağına ümidvar olduğunu bildirib.

Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğu Ceyhun Bayramov tərəfindən vurğulanıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

19:40

İran və Azərbaycanın xarici işlər nazirləri Abbas Əraqçi və Ceyhun Bayramov arasında telefon danışığı olub.

Moderator.az xəbər verir ki, bu barədə Əraqçinin teleqram kanalında bildirilib.

"Abbas Əraqçi və Ceyhun Bayramov regiondakı son vəziyyət barədə danışıqlar aparıb, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər", - paylaşımda bildirilib.

Qeyd olunub ki, söhbətin detalları daha sonra açıqlanacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər