İsrailin “The Jerusalem Post” qəzetində Azərbaycanın tarixi qələbəsi – Zəfər Gününün 5-ci ildönümü münasibətilə bağlı məqalə dərc olunub.
Moderator.az xəbər verir ki, “Güc müdrikliyi: Azərbaycan hərbi qələbəni necə sülhə çevirdi” adlı məqalədə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın məruz qaldığı təcavüzdən başlayaraq, müasir tarixdə Azərbaycan diplomatiyasının regionda sülhə töhfə verməsinə qədər məsələlərə toxunulub.
Müəllif Roman Qureviç qeyd edib ki, Azərbaycan Qarabağı hərbi yolla azad edib, lakin həqiqi güc yalnız döyüş meydanında yox, həm də qələbədən sonra atılan addımlarla özünü göstərir.
Yazıda bildirilir ki, Azərbaycan müharibədən sonra ərazilərin bərpası, məcburi köçkünlərin geri qayıdışı, beynəlxalq əməkdaşlıq və humanitar layihələrin həyata keçirilməsi kimi addımlarla regionda sülh və sabitliyi möhkəmləndirməyə çalışır.
Müəllifinin fikrincə, Azərbaycanın diplomatiyası digər ölkələr üçün də nümunə ola bilər, yəni müharibədə qalib gəlməkdən daha vacib olan sülhü qorumaq və gələcəyi qurmaqdır.
Eyni zamanda, bu ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin görüşünə toxunulub və bu görüşün davamlı sülh istiqamətində ilk addım olduğu diqqətə çatdırılıb.
Müəllif Azərbaycanın tarixi qələbəsinin İsrail üçün də mühüm olduğuna işarə edib və qələbədən sonra Azərbaycanın İsraildə səfirlik açdığını xatırladıb.
“Noyabrın 8-də əldə olunan qələbə beynəlxalq hüququn, regionda sülh və stabilliyin bərpasına gətirib çıxardı. Azərbaycanın qələbəsi həm də bizim qələbəmizdir.
Azərbaycanın qələbəsi bizə xatırladır ki, gücün bütün həqiqi müdrikliyi fəthlərdə yox, cəsarət, qarşılıqlı hörmət və şəfqət hissində gizlənib”, - müəllif qeyd edib.