Əlcəzair xarici işlər və xaricdəki milli icmalar naziri Əhməd Attaf Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
C.Bayramov və Ə.Attaf hərtərəfli və konstruktiv ikitərəfli görüş keçirərək, iki ölkə arasındakı güclü dostluq əlaqələrini bir daha təsdiqləyiblər.
Tərəflər siyasi dialoq, energetika, ticarət, investisiyalar, təhsil və mədəniyyət daxil olmaqla geniş sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıb və əməkdaşlıq üçün yeni imkanların araşdırılmasında qarşılıqlı marağı vurğulayıblar.
Xüsusi diqqət Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində ümumi prinsiplər və qarşılıqlı dəstək əsasında koordinasiyanın gücləndirilməsinə yönəldilib.
Xatırladaq ki, C.Bayramov Əlcəzairdə səfərdədir.