Musabəyovdan Peskova cavab: Üzrxahlıqla keçən məsələ deyil
Siyasət
1715
28 Dec 2024 | 15:48

Musabəyovdan Peskova cavab: Üzrxahlıqla keçən məsələ deyil

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Aktau yaxınlığında baş verən təyyarə qəzasını istintaqın yekunlarına qədər şərh etməyəcəyini açıqlayıb. Jurnalistin təyyarənin Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu deyən azərbaycanlı deputat Rasim Musabəyovun buna görə Moskvanın üzr istəməsi tələbinə də Kreml təmsilçisi “dediklərimə əlavə edəcəyim heç nə yoxdur” cavabını verib.
 
Milli Məclisin deputatı Rasim Musabəyov Teleqraf.com-a açıqlamasında onların mövqe bildirməkdən yayındıqlarını söyləyib.
 
“Çünki kimlərisə cəzalandırmaq lazımdır. Bu, elə belə bir şey deyil. Rusiyanın bu qəzada 7 vətəndaşı həlak olub. Buna cavab verməli olacaqlar”, - deyə o əlavə edib.
 
Millət vəkilinə görə, bu, adi üzrxahlıqla keçən bir məsələ deyil: “Burada cinayət tərkibi var. Ən azı səhlənkarlıq nəticəsində olsa belə bu hadisə törədilib. Bu, ortaya çıxmalıdır. Kimin nəzarətində olan zenit qurğularından istifadə edildiyi aydınlaşmalıdır. Böyük ehtimalla Çeçenistan prezidenti Ramzan Kadırovun nəzarətində olan zenit qurğularından söhbət gedir. Kadırov isə Rusiyada xüsusi imtiyazlara malik bir şəxsdir. Ona görə də tələsmirlər, susurlar. Gözləyirlər ki, Rusiya prezidenti Vladimir Putin bir qərara gəlsin və ondan sonra hansısa komanda versin, bunlar da həmin komandaya əməl etsinlər”.
 
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycam Hava Yolları"na (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb. Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər, o cümlədən 3 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
 
Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər