Türk Dövlətləri Təşkilatı (TDT) ortaq türk əlifbası qərarından sonra türk dünyasının ortaq xəritəsinin hazırlanması ilə bağlı razılığa gəlib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin Xəritəçəkmə İdarəsinin baş direktoru general-mayor Osman Alp məlumat verib.
Ankarada təşkilata üzv və müşahidəçi ölkələrin xəritəşünaslıq qurumlarının rəhbərləri və bu ölkələrin Türkiyədəki hərbi attaşelərinin iştirakı ilə TDT-nin Xəritəçəkmə Qurumunun 1-ci toplantısı keçirilib.
General Alp toplantıda imzalanan bəyannamə ilə bağlı aşağıdakı məlumatları verib:
“Bu bəyannamə ilə kartoqrafiya sahəsində texniki bilik və təcrübə mübadiləsi, təlim və məsləhətlərin verilməsi, birgə xəritə istehsalı üçün standartların yaradılması, rəqəmsal kartoqrafiya tətbiqləri üçün əməkdaşlıq və bu məsələlərlə bağlı texniki araşdırmaların aparılması razılaşdırılıb. Bu çərçivədə TDT ölkələrində öz sahələrində mütəxəssis olan texniki personaldan ibarət bir işçi qrupunun yaradılması qəbul edilib”.
Alp toplantıda TDT və türk dünyası xəritəsinin hazırlanması ilə bağlı razılığa gəlindiyini açıqlayıb:
“Ankarada keçirilən ilk görüşdə TDT ölkələri arasında kartoqrafiya sahəsində əməkdaşlığın ilk praktiki tətbiqi olaraq, Türk Dövlətləri Təşkilatı və türk dünyası xəritələrinin hazırlanması ilə bağlı konsensus əldə olunub”.
General bu kontekstdə türk dövlətlərinin ortaq tarixi keçmişlərinə diqqət çəkib:
“Türk dili kimi xəritənin də ölkələrimizi bir araya gətirəcəyini, birliyimizi, həmrəyliyimizi təmin etməyə mühüm töhfə verəcəyini düşünürük.
Ortaq türk dünya xəritəsi ortaya çıxanda o xəritəyə baxan bütün vətəndaşlarımız coğrafi baxımdan uzaq görünən türk dövlətlərinin əslində çox yaxın olduğunu anlayacaqlar. Görəcəklər ki, adət-ənənələrimiz oralarda da keçərlidir, oralardakı bəzi yaşam məsələləri eynilə bizdəki kimidir. Odur ki, simvol olaraq gördüyümüz xəritə əslində türk dövlətlərinin bir-birinə nə qədər yaxın olduqları, keçmişdə nə qədər birlikdə yaşadıqları və gələcəkdə niyə bir yerdə olmalarının lazım olduğu barədə fikir verəcək.
Türk birliyini hiss etdirməyin və göstərməyin ən həyəcanlı və asan yolu xəritədir. Fərqli mövzuları ehtiva edən ortaq türk dünyası xəritəlsi türk birliyinə bağlılıq hissini artıracaq, türk dövlətləri arasında artıq mövcud olan tarixi bağları və mədəni qarşılıqlı əlaqəni gücləndirəcək, türk dövlətlərinin yaxınlaşmasına önəmli töhfə verəcək. Ona görə də bu xəritənin hazırlanmasına böyük əhəmiyyət veririk.
İnanırıq ki, ortaq türk dünyası xəritəsi oxşar cəhətlərimizi və zəngin türk mədəniyyətini asanlıqla göstərəcək. Bu xəritə türk birliyi adına tarixi və mədəni bağları olan türk dövlətlərini bir araya gətirəcək əhəmiyyətli bir simvol olacaq. Birlikdə hazırlayacağımız xəritə bu dövlətlərin mənşəyinə, tarixinə və mədəniyyətinə işarə edəcək, türk dövlətlərinin tarix boyu qurduğu bağları əyani şəkildə görüb anlamağa imkan verəcək”. /Teleqraf.com/