“Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
2003-cü ildə keçirilən prezident seçkilərində xalıqn etimadını qazanaraq ölkə rəhbəri seçilmiş Prezident İlham Əliyevin həmin il oktyabrın 31-də keçirilən andiçmə mərasimində cəsarətlə, qətiyyətlə dediyi bu sözlərə o vaxt şübhə ilə yanaşanlar, inanmayanlar var idi. Axı həmin dövrdə işğalçı Ermənistana havadarlıq edən ölkələrin, beynəlxalq təşkilatların sayı çox idi. Həm də Azərbaycana hər addımbaşı təzyiqlər göstərilirdi, ölkəmiz informasiya blokadasına alınmışdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi həmin dövrü xatırladaraq bildirib ki, o illər Azərbaycanın ən çətin, ən mürəkkəb dövrü kimi yaddaşlarda qalıb. Belə çətin və mürəkkəb bir zamanda işğal altında olan torpaqlarımızın azad edilməsi çoxlarına qəribə gəlirdi. Ancaq bu qətiyyətli sözləri Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, müdrik şəxsiyyətin davamçısı Prezident İlham Əliyev deyirdi. Həm də o zaman xalqda İlham Əliyevə ümid, inam yaranmışdı. Bu inamı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciəti yaratmışdı: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu müraciət Ulu Öndə Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısının Azərbaycanın dünyanın inlkişaf edən dövlətləri sırasına qoşulacağına, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoyacağına əminlik yaratmışdı. Həm də ölkə Prezidenti seçilmiş İlham Əliyev bu vədləri verərkən əlini “Qurani-Kərim”in və Konstitusiyanın üzərinə qoyaraq and içmişdi. İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə söz verərək demişdir: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz Heydər Əliyevə müraciət edərək deyirəm: əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.
Həmin gündən ölkəmizdə start götürən genişmiqyaslı islahatlar, bütün sahələrdə tərdicən irəliləyişlərin özünü büruzə verməsi, beynəlxalq aləmə sürətli inteqrasiya Azərbaycanın yüksəlişindən, işğal altında olan ərazilərimizin azad ediləcəyndən, məcburi köçkün soydaşlarımızın doğma ata-baba yurdlarına qayıdacaqlarından xəbər verirdi. Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli etika nümunəsi təqdim etdi. Dövlətimizin başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Gənclərin potensialının gerçəkləşməsi, onların vətənpərvər, savadlı kadr kimi yetişməsi, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin prioriteti hesab edildi. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artdı.
Ç.Qənizadə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarının xalqın qalib ruhunun güzgüsü olduğunu diqqətə çatdıraraq deyib ki, iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin məntiqi nəticəsidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir: “Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyi, xalqı qarşısında misilsiz, unudulmaz xidmətlərini saymaqla qurtaran deyil. Ancaq ən vacib və əbədiyaşar xidmətlərdən biri, mən deyərdim ki, ən undulmazı Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsidir. Bu gün dünya ictimaiyyəti də şahiddir ki, Qarabağ Azərbaycandır! Hazırda bütöv Qarabağda Azərbaycan bayrağı dalğalanır. Ermənistanın 200 illik işğal siyasətinə Prezident İlham Əliyev 20 illik prezidentlik fəaliyyəti dövründə birdəfəlik son qoydu. Artıq Ermənistanın ictimai-siyasi xadimləri, ziyalıları, o cümlədən Xankəndidə yaşamış ermənilər də bu ərazilərin Azərbaycana məxsus olduğunu etiraf edirlər. Bu tarixi Qələbə Azərbaycanı dünyada Qalib, Ermənistanı isə məğlub ölkə kimi tanıdıb. Məhz buna görə də 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirildi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir”.
Ç.Qənizadə deyib ki, məhz Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərin müəllifidir. Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən dövlətimizin başçısının beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan İƏT-in ən aktiv və nüfuzlu üzvlərindən biridir. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi respublikamızın beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Qürurla deyə bilərik ki, artıq Azərbaycan “kosmosu fəth edir”.
Tanınmış hüquqşünas şanlı Zəfəri reallığa çevirmiş effektiv ordu quruculuğndan da söhbət açaraq deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan yenilməz ordumuz dünyanın 50 ən güclülərindən biridir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini getdikcə artırdı. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Bu tarixi Qələbə Azərbaycanın dünya birliyindəki mövqeyini daha da artırdı.
“Prezident İlham Əliyevin sözü və əməli birdir. 21 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Otuz ildən sonra keçmiş məcburi köçkün soydaşlarımız böyük coşqu ilə doğma ata-baba yurdlarına qayıdırlar. Prezident İlham Əliyev bununla da adını Azərbaycanın tarixinə Qarabağın xilaskarı kimi əbədi həkk etdi” – deyə Ç.Qənizadə bildirib.