ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
Siyasət
368
17:29, Bu gün

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

 
Partiya Bəşər Əsədin mühakimə olunmasına çağırış etdi... 
 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
 
Moderator.az xəbər verir ki, toplantı iştirakçıları Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ötən həftə ərzində cərəyan edən hadisələrə bir daha münasibət bildirib. Qeyd edilib ki, bu ölkədə baş verən hakimiyyət dəyişikliyi Suriya xalqının diktatura rejiminə qarşı fədakarcasına, ardıcıl olaraq apardığı mübarizə və göstərilən beynəlxalq təzyiqlər vasitəsilə həyata keçirilib. Partiya yetkililəri Bəşər Əsədin öz xalqına qarşı törətdiyi bəşəri cinayətlərə görə həm özünün, həm də bu vaxta qədər onun ayaqda qalmasına, qanlı rejiminin davam etməsinə stimul verən Rusiya və İranın beynəlxalq məsuliyyət daşıdığını diqqətə çatdırıb və Əsədin Beynəlxalq Tribunal önünə çıxarılmasının, ən layiqli qaydada cəzalandırılmasının vacibliyini bildirib. İdarə Heyəti Suriya xalqının azadlıq mübarizəsində qardaş Türkiyənin sərgilədiyi rolu, Əsəd rejiminin bəlalarından qaçan milyonlarla insana sığınacaq verməsini və hakimiyyət dəyişikliyindən sonra Suriyanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində yeni dövlət quruluşuna hərtərəfli yardımlar göstərməsini təqdir edib və Azərbaycan hakimiyyətini də bu humanist addımlara qoşulmağa çağırıb.
 
İdarə Heyəti Ukrayna ilə Rusiya arasında davam edən və getdikcə hər iki tərəfdən on minlərlə dinc insanı qurbanına çevirən qanlı müharibənin ortaya qoyduğu acı mənzərədən bir daha narahat olduğunu bildirib və dünya dövlətlərini bu müharibənin beynəlxalq hüquq çərçivəsində həllini tapması üçün həmrəylik göstərməyə çağırıb. Partiya yetkililəri həmçinin Rusiya Təhlükəsizlik Şurasının müavini Medvedevin Vahid Rusiya patiyasının qurultayında Rusiyanın nəinki Ukraynanın, digər qonşu dövlətlərin əraziləri hesabına Rusiyanın ərazisində yeni regionların yaranmasının mümkünlüyü ilə bağlı səsləndirdiyi imperialist, təcavüzkar iddialı sərsəm bəyanatını qətiyyətlə pisləyib və bu cür cəhdlərin postsovet məkanına daxil olan bütün ölkələr üçün təhdid olduğunu bildirib.
 
İdarə Heyəti qonşu Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra seçki saxtakarlığına qarşı başlayan xalq hərəkatını, Rusiya yönümlü hakimiyyətə onların günlərlə dirəniş göstərməsini təqdir edib və baş verən hadisələrin dinc başa çatmasına, sonda gürcü xalqının azad iradəsinin qalib gəlməsinə əminliyini ifadə edib və gürcü müxaliflərlə bu məsələdə həmrəy olduğunu bildirib.
 
İdarə Heyəti Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının vacibliyini bir daha diqqətə çəkib və iki ölkə arasında vasitəçisiz olaraq baş tutacaq sülh sazişinin Cənubi Qafqazda indiyə qədər regionda böyük təsir gücünə malik dövlətlərin əngəllədiyi iqtisadi, sosial, kommunikasiya layihələrinin həyata keçməsinə stimul olacağına əminliyini ifadə edib.
 
İdarə Heyəti son həbslər də daxil olmaqla ölkədə müxtəlif adlar altında həbs olunan jurnalistlərin və aktiv siyasilərin həbsdə saxlanılmasından dolayı ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməsindən ciddi naraht olduğunu bir daha diqqətə çatdırıb və dövlət başçısını qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəyliyi gününə töhfə olaraq humanizm nümayiş etdirməyə, dayanaqlı barışın, həmrəyliyin və milli birliyin təminatı olan əfv fərmanı imzalamağa çağırıb.
 
Link kopyalandı!
Son xəbərlər