Bizi sosial şəbəkələrdən izləyin:
Jurnalistlərin əldə etdikləri gəlirlərin 75%-i hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək.
Moderator.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək.
Qeyd edilib ki, 01.01.2024-cü il tarixdən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin qüvvədə olan redaksiyasına əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75%-i gəlir vergisindən azad edilib. Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vardır ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər. Həmin şəxslər fərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən də istifadə edə bilmirlər. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarların illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikrosahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiq edilməsinin təmini məqsədilə həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) gəlir vergisindən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.
Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.