Türkiyəli deputat:
1748
08 Dec 2024 | 14:15

Türkiyəli deputat: "Füzulidə iki mənzərəni eyni anda görürük"

"Füzulidə iki mənzərəni eyni anda görürük. Bir yanda Azərbaycanın qurub yaratdığını müşahidə edirik, digər tərəfdə isə erməni vəhşiliyinin şahidi oluruq".
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Beynəlxalq Parlament Konfransı iştirakçılarının bu gün Qarabağa baş tutan səfəri zamanı Türkiyədən gələn Milliyyətçi Hərəkat Partiyasının üzvü, deputat Filiz Kılıç bildirib.
 
"Durduğumuz yerdən iki ayrı mənzərəni görürük. Bu mənzərəni görəndə çox kədərlənirəm. Sol tərəfində Füzuli şəhərinin köhnə qalıqlarını görürəm və içim, həqiqətən, çox kədərli hisslərlə dolur. Bu görüntüyə məyus olmamaq əldə deyil. Ermənilərin törətdikləri zülmü görürəm. Öldürülən günahsız insanları, dağıtdıqları yaşayış evlərini görürük. Sağ tərəfimizdə də Azərbaycan dövlətinin böyük əmək sərf edərək qurub yaratdığı, daha modern və müasir Füzulini görürəm. Sağ tərəfə baxdıqca görülən işlərdən nə qədər qürur duyuruqsa, sol tərəfimizdə gördüyümüz mənzərəni böyük ürəkağrısı ilə izləyirik", - deputat deyib.
 
F.Kılıç bundan əvvəl də Qarabağda olduğunu və xoş təəssüratla ayrıldığını da ifadə edib:
 
"Mən bundan öncə TÜRKPA heyəti ilə Şuşa və Xankəndidə də olmuşam. Şuşada bir gecə qaldıq, burada gördüklərimiz adamı valeh edirdi. Əsas da burada olan insanlara görüşdük. Öz yurduna köçən insanların sevincinin şahidi olduq, onların göz yaşlarına şərik olduq. Xankəndi və Şuşada səsvermədə iştirak edən şəxslərin qürur və sevinc hissinin şahidi olduq".
 
O, Azərbaycan dövlətinin Qarabağın tezliklə bərpa olunması və əhalinin öz yurdlarına köçmələrini tam təmin edəcəyinə əminliyini də vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər