Bizi sosial şəbəkələrdən izləyin:
“Hörmətli həmkarlar, sizi 8 noyabr Zəfər Günü münasibətilə təbrik edirəm. Xalqımızı, Ali Baş Komandanı və Birinci vitse-prezident başda olmaqla Azərbaycan Silahlı Qüvvələrini bu möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Biz əslində işğalçı Ermənistana yox, dünya erməniliyinə, ədalət hissini itirmiş, vicdanlarını satmış, beynəlxalq hüquq normalarını ayaq altına atmış xristian həmrəyliyindən çıxış edən beynəlxalq güclərə qalib gəlmişik. Ona görə də qələbəmiz çox möhtəşəmdir”.
Moderator.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
Millət vəkili bildirib ki, illər keçdikcə xalqımız bu qələbənin möhtəşəmliyini daha dərindən görəcək, biləcək və qiymətləndirəcək: “Ona görə ki, biz, həqiqətən də az qala həlli çoxumuza mümkünsüz görünən bir problemi həmişəlik həll etmişik. Biz bu problemin həllini gələcək nəsillərə qoymadıq. Artıq Azərbaycanda gələcəkdə separatizmin yenidən alovlanmasının qarşısı alındı. Erməni separatçılarının kökü kəsildi. Azərbaycan düşmənlərdən təmizləndi, Azərbaycanın ən qədim və dilbər guşəsi Qarabağ işğaldan azad edildi.
Hörmətli sədr, hörmətli həmkarlar!
Mən, bir daha bu möhtəşəm qələbə münasibətilə hər birinizi təbrik edirəm. Hesab edirəm ki, hər keçən il zəfərdən zəfərə böyük islahatlar ili olacaq və xalqımız gələcəkdə heç bir sıxıntı ilə üzləşməyəcək. Biz, böyük çağırışlara cavab vermək üçün böyük islahatlar həyata keçirəcəyik. Sosial-iqtisadi çətinliklər heç vaxt mane olmayacq ki, bu qələbəni böyük ruh yüksəkliyi ilə qeyd edək.
Allah Azərbaycanı qorusun!”.