Bizim reallıqda etdiklərimizə, siz xəyallarınızda belə yetişə bilməzsiniz...
Siyasət
388
12:29, Bu gün

Bizim reallıqda etdiklərimizə, siz xəyallarınızda belə yetişə bilməzsiniz...

Azərbaycan elə indidən COP29-un hədəflərinə çatması üçün ciddi, nəticəyə hesablanmış addımlar atır.
 
Birləşmiş Millətlər Təşkilatı kimi dünyanın ən böyük təsisatına üzv dövlətlərin iqlim dəyişikliyi problemlərinin müzakirəsi, onun həlli yollarını aydınlatmaq üçün məhz Bakını seçmələri qətiyyən təsadüfi hadisə deyil. Niyə? Fikrimcə, ilk növbədə Azərbaycan dünyada artıq beynəlxalq tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsi örnəyini göstərib. Bundan əvvəl Azərbaycan Avropa oyunlarını, Qoşulmama Hərəkatının tədbirlərini, böyük idman yarışlarını və saysız-hesabsız ümumbəşəri əhəmiyyətə malik tədbirləri çox böyük uğurlarla gerçəkləşdirib. Digər tərəfdən də hər nə qədər bu tədbir BMT-nin olsa da, Azərbaycan Respublikası onun məzmununa ciddi təsir göstərən kreativ təklifləri ilə onu mahiyyətcə və keyfiyyətcə daha da zənginləşdirir. Baxın, COP29-la bağlı əsas tədbirin keçirilməsinə sayılı günlər qalıb. Amma Bakıda baş tutan PreCOP tədbirlərində nə qədər ciddi mesajlar verilir, qərarlar qəbul olunur. Dünən başlayan Dünya Dini Liderlərinin Bakı sammiti də məhz bu mənada olduqca maraqlı anları ilə yadda qaldı. Planetimizdə bu qədər münaqişələrin, qan-qadanın olduğu zamanda belə yüksək səviyyəli yığıncaqların çox uğurla keçirilməsi və həmin platformalarda real və faydalı təkliflərin səsləndirilməsi bizim fərqliliyimizi də ortalığa qoyur.
 
COP.jpg (112 KB)
 
Diqqət edin, COP29-la bağlı yaradılmış Azərbaycan təşkilat komitəsi necə müvəffəqiyyətlə fəaliyyət göstərir!
 
İnsan heyran olur. Azərbaycanlı bacı-qardaşlarımızın bu qədər işgüzar, yüksək peşəkar keyfiyyətlərini görmək Türkiyə olaraq bizi çox qürurlandırır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi nəzarəti altında bu işlər sürətlə və keyfiyyətlə görülür. Biz I vitse-prezident Mehriban xanım Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev fondunun bu istiqamətdə atdığı addımları da fəxrlə müşahidə edirik. “Yaşıl dünya naminə” devizi altında keçirilən tədbirlərin uğurlu alınmasında fondun ciddi xidmətləri var və bu həqiqət danılmazdır. Azərbaycanda ətraf mühitin, təbiətin qorunması üçün çox işlər görülür, ölkə boyu keçirilən aksiyalarda minlərlə ağaclar əkilir, gözəl parklar, meşə tipli yaşıllıqlar salınır.
 
Bu işdə əməyi olan Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyini, nazir Muxtar Babyevi də təbrik edirəm. Azərbaycana gələn qonaqlar Bakıya daxil olarkən, hava limanından şəhərə gələrkən göz oxşayan yaşıllıqları, ölkə boyu artan meşələri görürlər. Ekoloji tarazlığın bərpası və ətraf mühitin hifz edilməsinə bu işlər gerçəkdən də böyük töhfələrdir. Mən həqiqətən də çox inanıram ki, dünya liderləri Bakıda toplaşaraq bəşəriyyətin faktiki olaraq üzləşdiyi ən böyük problem olan atmosferə buraxılan zəhərli istixana qazlarının miqdarının kəskin azaldılması üçün vacib qərarlar qəbul edəcəklər. Bu məsələdə hər bir dövlətin üzərinə böyük məsuliyyət düşür. Bu iş çox ciddi maliyyə vəsaiti tələb edir. Dünya birliyi iradə nümayiş etdirməlidir ki, ümumbəşəri problem nəhayət ki, öz həllini tapsın. Bunlar bizim gələcəyimiz naminə çox vacib təşəbbüslər və çağırışlardır.
 
COP SON.jpg (236 KB)
 
Yeri gəlmişkən, dünyada Azərbaycana qarşı COP29 ərəfəsində çox iyrənc və mahiyyətcə böhtan, hətta deyərdim ki, şantaj xarakterli kampaniyalar aparılır. Bunları edənlərə sadəcə ayıb olsun! Bu qədər insafsızcasına böyük nailiyyətləri və təşəbbüsləri olan dövləti hədəfə götürmək olarmı!? Bu qədərmi vicdanınızı itirmisiniz?! Mən əslində təəccüblənmirəm. Bizə bəslənən bu düşmənçilik hissləri əsla bizi sarsıtmır, tam əksinə, bizi daha da mətin edir. Azərbaycan xalqı hər mənada qəhrəman xalqdır. Heç şübhə etməyin, böyük keçmişi, zəngin mədəniyyəti, qədim tarixi və Türk dünyasında öz xüsusi yeri və çəkisi olan azərbaycanlılar öz dövlətlərini bundan sonra daha da böyüdəcək və gücləndirəcəklər. Zərrə qədər şübhəm yoxdur, Azərbaycan düşmənlərinin də bundan heç bir şübhəsi olmasın! Baxın, Türk dövlətləri bu gün də Bişkekdən dünyaya mesajlar verirlər. O mesajları da diqqətlə oxuyun və gün kimi aydın olan bir həqiqəti heç unutmayın, babalarımız necə deyiblər: Bizim reallıqda edəcəklərimizə siz xəyallarınızda belə yetişə bilməzsiniz!
 
Uğurlar olsun, Can Azərbaycan!
 
Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri,
“İMZA” İB-nin Türkiyə təmsilçisi   
 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər