“Seçki dövrü bitib, seçim mərhələsi başlayıb”
Siyasət
1449
01 Nov 2024 | 19:05

“Seçki dövrü bitib, seçim mərhələsi başlayıb”

Bir nəfər yazıb soruşur: “Axır vaxtlar Gürcüstandan niyə çox yazırsınız? Orda seçki çoxdan bitib...”
 
Əsl məramı bilməsəm də, hər halda maraqlı sualdır. Adam oxuyub, üstəlik, fikrini yazıb. Deməli, oxucudur. Hər bir oxucunun hər cür sualına isə cavab verməyə borcluyuq. Çünki hər oxuyan adam yazan adam üçün bir nemətdir.
 
“Niyə Gürcüstandan çox yazırıq?!” sualına cavab əslində oxucunun sonrakı fikrinin ikinci (yazılmamış) hissəsindədir. Oxucu yazır ki, Gürcüstanda seçki bitib. Amma əslində əsl fikir burda bitmir.
 
Doğrudur, seçki dövrü bitib. Amma seçim mərhələsi başlayıb. Bu isə ən azı seçkinin özü qədər önəmlidir.
 
Yox, Gürcüstan heç də göründüyü (yaxud qəsdən göstərildiyi kimi), Vaşinqton-Brüssel cütlüyü ilə Moskva-Pekin tandemi arasında seçim etmir. Bu, təhrif olunmuş təsəvvürdür. Gürcü xalqı heç də Avropanın təlqin etdiyi “demoktatik cənnət”lə Avrasiyanın “təklif etdiyi” avtokrat-totalitar “cəhənnəm” arasındakı seçim qarşısında qalmayıb. Bu, proseslərin çox sadə, hətta bəsit izahıdır.
 
Gürcüstan özü ilə özgə arasında seçim etməyə məcbur qoyulub. Məsələnin əsl məğzi budur.
 
Bir var ölkənin varını, yoxunu, sərvətini, iqtisadiyyatını, siyasətini... əlindən almaq istəsinlər (ki, bu da çox ağır tələblər və talanlardır). Bir də var, ölkənin mahiyyətini əlindən alsınlar, mənəvi sütunlarını yıxmağa çalışsınlar.
 
Mən bu yazımda cari siyasi hadisələrə, siyasi subyektlərə çox da yer verməyəcəm. Əsl mətləbim budur: Gürcüstanı Avropa qazanına atıb qaynatmaq, cəmiyyəti əzib ümumi kütləyə ədviyyat olaraq qarışdırmaq istəyirlər. Gürcü xalqı Avropa mətbəxinə dadlandırıcı inqredient, xörək sousu, ya da süfrə süsü kimi lazımdır.
 
Avropa İttifaqı Gürcüstanı Avropada istəyir, amma özü kimi Avropalı olaraq, xas gürcü identiki kimi yox. Avropalılar gürcülərə azadlıq vəd edir, ancaq özlərinin istədiyi, işarələdiyi sərhədlər içində azadlıq. Hüdudsuzluq kimi görünən, amma əslində hüdudsuz hüquqsuzluq “azadlığı”dır, bu.
 
Bir sözlə, gürcünü Avropa ailəsinə özü kimi yox, Avropa gürcüsü kimi qəbul etmək istəyir o Qərb.
 
Daha aydın olsun deyə, misallar çəkim. Baxın, Avropa İttifaqı Gürcüstanın üzvlüyə hazırlıq səviyyəsi ilə bağlı hesabat açıqlayıb. Orda əslində ümumən götürəndə müsbət qiymətləndirmə var; Gürcüstan hökuməti də hesabatı belə dəyərləndirib. Brüssel Gürcüstanı 12 punkt üzrə tam hazır, 13 punkt üzrə qismən hazır hesab edib. Xeyli punkt üzrə isə irəliləyiş təsbit olunur.
 
Amma və lakin! Əsas vurğu başqa məsələlər üzərinə qoyulub. Avropalı və Amerikalı siyasətçilər dönə-dönə, açıq-açıq anlatmağa çalışır ki, Gürcüstanda səsvermə hətta ideal, tam qüsursuz keçirilmiş olsa belə, nəticəni qəbul etməyəcəklər. Çünki hökumət onların (Qərbin) “qırmızı” qoşa xəttini tapdalayıb. O xətlərdən biri xarici şəffaflığın artırılması (yəni xarici agentlərin ölkə siyasətinə təsirinin məhdudlaşdırılması) haqqında qanundur, o birisi isə ailə dəyərlərinin qorunması haqqında qanundur.
 
Gürcülər kimə səs verib, niyə səs verib, necə səs verib, bütün bunlar Avroatlantik güc mərkəzlərini o qədər də maraqlandırmır, ən əsas, ən həssas nöqtələr bu iki qanun üzərindədir. Qərb gürcülərə deyir: “Biz Gürcüstanı bu hökumətlə də qəbul edərik, o şərtlə ki, həmin iki qanun ləğv edilsin; Amerikanın və Avropanın Gürcüstan siyasətini və cəmiyyətini (mənəviyyatını) tam nəzarəti və idarəsi altına almağına yol verilsin. Əks halda inqilab yolu ilə olsa belə, başqa bir hökuməti gətirib, o şərtləri Gürcüstana qəbul etdirəcəyik”.
 
Başqa sözlə, Gürcüstan xarici təsiri şəffaflaşdırmaq (oxu: məhdudlaşdırmaq) istəyirsə, şəffaflaşdırmasın (məhdudlaşdırmasın). Gürcüstan ailə dəyərlərini qorumaq istəyirsə, qorumasın. Öz Konstitusion suverenliyindən və öz mənəvi prinsiplərindən əl çəksin. Avropanın hazırkı qərarverənləri Avropa İttifaqının sıralarında öz milli-mənəvi dəyərləri olan bir xalq, ölkə istəmir. Kişinin kişi ilə “evlənə” biləcəyi, qadının qadına “ərə gedə” biləcəyi bir Gürcüstan istəyirlər. LGBT bayrağının dövlət bayrağı ilə yanaşı asıla biləcəyi bir Gürcüstan istəyirlər.
 
Yadınızdadırsa, prezident İlham Əliyev Azərbaycanın məhz bu cür eybəcər nüanslara, dəyərsiz “dəyərlər”ə görə, Avropaya inteqrasiyadan imtina etdiyini Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki məşhur çıxışında konkret faktlarla, tutarlı arqumentlərlə əsaslandırmışdı. Azərbaycan dövlət başçısı bu gün Gürcüstanın başına gələnləri beş il bundan əvvəl düzgün proqnozlaşdırmış və açıqlamışdı.
 
Gürcüstanda (Gürcüstanla) baş verənlər bu proqnozların doğru olduğunu ortaya qoyur. Haqqında danışdığımız qanunları ləğv etdirmək istəyən xarici qüvvələrin tələbi çox haqsız və amansızdır: ölkənin əsas yükgötürən siyasi-hüquqi divarlarını vurub uçurmağa, cəmiyyətin mənəvi sütunlarını söküb-dağıtmağa imkan verilsin, şərait yaradılsın. Budur mahiyyət.
 
Bəs bu imkanları kim yaratsın? Əlbəttə, hökumət. O xarici mərkəzlər üçün fərqi yoxdur ki, Gürcüstanda hökumət seçki yolu ilə seçiləcək, ya inqilab yolu ilə küçədən gələcək. Qərb siyasətinin “qırğı”ları üçün əsas məqsəd əvvəlcə o iki qanunu ləğv etdirməkdir. Sonrası corab söküyü kimi gələcək. Hesablama belədir ki, bu qanunların “geri oxunması” ölkədə “domino effekti” yaradar. Birinci qanun Gürcüstanda oyuncaq rejim qurmağa, ikinci qanun isə zombi ordusu yaratmağa imkan vermir.
 
Əgər, deyildiyi kimi, “qlobal müharibə partiyası” Gürcüstanı Rusiyaya qarşı döyüş meydanına çevirmək istəyirsə (ki, istəyir də), deməli, ona bu ölkədə istədiyi qərarları qəbul etdirə biləcəyi bir nominal hakimiyyət, öz düşmənlərinin üzərinə göndərəcəyi silahlı əsgər gücü lazımdır. Həmin o “qlobal müharibə partiyası” belə düşünür: məsələn, Rusiyaya müharibə elanını niyə bir Avropa İttifaqı, NATO üzvü olan ölkə etsin?! Qoy Ukrayna dövləti etsin, Gürcüstan etsin. Niyə bu müharibədə Amerikalı və Kanadalı, alman və fransız, ingilis və italyan ölsün ki?! Qoy Ukraynalı ölsün, gürcü ölsün, lazım gəlsə, moldovan və sair ölsün.
 
Məsələ, bax, budur. Gürcüstanda hökumət də bunu görür, müxalifət də bunu bilir. Hamı yaxşı anlayır ki, “qlobal müharibə partiyası”nın Gürcüstandan istədiyi şey Gürcüstanın Avropa İttifaqına üzvlüyündən də qiymətlidir. Sadəcə, hökumət bu qiymətli nəsnəni özündə qoruyub saxlamaqla Avropa İttifaqına getmək istəyir, müxalifət isə o dəyəri Qərbin təsir agentinə (təzyiq alətinə) çevrilmiş prezident Zurabişvilinin “siyasi dəllallığı” ilə mümkün qədər baha satmağa çalışır.
 
Bax, bu üzdən, müharibə marağı ilə sülh məramının ön cəbhəsi hazırda Gürcüstan və Moldovadır. Eləcə də, Ermənistandır. Məlum xarici dövlətlər və təşkilatlar Ermənistanda revanşizmi buna görə reanimasiya edirlər. Ermənistanı buna görə silahlandırırlar. Qərb platformalarında İrəvan rəsmilərini buna görə sığallayıb-tumarlayırlar.
 
Ukrayna öz zamanında bu qəddar tələyə düşüb; aldadıcı beynəlxalq “tumardan” öz bədbəxt nəsibini artıqlaması ilə alıb və almaqda davam edir. İndi Moldovanı da o yönə sürükləyirlər; ölkə “Ukraynalaşmaq” yoluna referendumla bir addım atdı. İkinci addım Mayya Sandunun yenidən prezident seçilməsi olacaq. Gürcüstan isə dirəniş göstərir.
 
Ölkədə iki cəbhə formalaşıb: bir cinah Gürcüstanı Avropa İttifaqına müstəqil, suveren, bütöv dövlət kimi aparmağa çalışan hökumət, o birisi isə aldadıcı Avropa şüarı altında nə yolla olursa-olsun, Avropanın hər cür şərtini qəbul edərək hakimiyyətə gəlmək istəyən müxalifətdir (hətta bu, cəmiyyətin parçalanması və qarşıdurma bahasına olsa belə).
 
Burda məsələ partiyalar arasında siyasi mübarizə platformasından çıxıb, faktik olaraq, milli müstəqillik mübarizəsi müstəvisinə keçib. Hökumət və xalq suveren Gürcüstanın, siyasi müstəqilliyin tərəfindədir, Prezident və müxalifət isə “demokratik” Qərb müstəmləkəçiliyinin.
 
Bizim üçün proseslərin önəmini bir daha vurğulayıram: Gürcüstandakı bu mübarizədə kimin qalib gələcəyi Qafqazın geosiyasi xəritəsinə ciddi dəyişikliklər gətirəcək. Hazırkı Gürcüstan təkcə ölkənin özünü yox, bütövlükdə bölgəni hansı risklərin gözlədiyini açıq və dəqiq göstərən “siyasi laboratoriya”dır.
 
Musavat.com
Link kopyalandı!
Son xəbərlər