“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
Siyasət
6285
29 Oct 2024 | 13:30

“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev

"Hörmətli sədr, həm sizin, həm də həmkarlarımın Avropa Parlamentinin COP29 ərəfəsi Azərbaycana qarşı yönələn təzyiqlərlə bağlı fəaliyyətinə, qəbul etdiyi qərara etiraz bildirməyinizi tam dəstəkləyirəm. Hesab edirəm ki, həm də Gürcüstanın daxili işlərinə müdaxilə qətiyyətlə pislənməli və yolverilməz hesab olunmalıdır".
 
Moderator.az xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.
 
Millət vəkili bildirib ki, Səməd Seyidov 4-cü maddəyə diqqət yetirdi:
 
"Əlbəttə, bu, çox təqdirəlayiqdir. Azərbaycan Türk Dövlətləri Təşkilatının yaranmasında müstəsna rol oynayıb. Azərbaycan türk dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafı üçün ciddi səylər göstərir. Bu, qeyd olunmalı və təqdir edilməlidir. Biz daha sıx hərbi əməkdaşlıq və iqtisadi inteqrasiya haqqında düşünməliyik. Əlbəttə, 4-cü maddədə qeyd olunsaydı ki, tərəflərdən birinə qarşı hücum, digərinə qarşı hücum kimi qiymətləndirilir, bu, çox yaxşı olardı. Biz bilirik ki, bir çox müttəfiq dövlətlər (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, NATO) bir-birinə qarşı bu qaydada fəaliyyət göstərir, təhlükəsizliklərinə təhlükə yarandıqda bir-birini müdafiə edirlər. Əlbəttə, bu, təkcə bizdən asılı olan məsələ deyil. Türk dövlətləri gələcəkdə ümumi təhlükəsizlik məsələsində daha yaxından iştirak etməlidirlər. Bundan başqa 7-ci maddə də iqtisadi əməkdaşlığı nəzərdə tutur. Çox istəyərdim ki, əgər, Avropa dövlətləri və müxtəlif xalqlar bir-biri ilə sıx əməkdaşlıq edir, inteqrasiya olunub, Avropa İttifaqı modelində ittifaq yaradıblarsa, türk dövlətləri və xalqları da niyə bunu eləməsin. Kapitalın, işçi qüvvəsinin sərbəst hərəkət etdiyi bir ümumi bazarın yaradılması istiqamətində də danışıqlar aparmalıyıq. Belə olduğu təqdirdə hesab edirəm ki, bu hər bir türk dövlətinin sürətli inkişafına və onların təhlükəsizliyinə daha ciddi yardım göstərmiş olardı. Hesab edirəm ki, bununla Türkiyə-Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə dair müqavilə son olmamalıdır, onun ardı gəlməlidir. Biz digər türk dövlətləri ilə də oxşar və bir-birinə daha ciddi dəstək nəzərdə tutan müqavilələr imzalamalıyıq".
 
Link kopyalandı!
Son xəbərlər