Arzu Nağıyevdən ABŞ-yə şillə kimi arqumentlər
1552
07 Oct 2024 | 14:00

Arzu Nağıyevdən ABŞ-yə şillə kimi arqumentlər

“Bir müddət öncə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri, ermənipərəst Ben Kardin onun dili ilə desək, qondarma qurum olan “artsax”ın guya etnik təmizlənməsini və Azərbaycanın Ermənistana qarşı davam edən təcavüzünü pisləyib”.
 
Moderator.az bildirir ki, bunu Musavat.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.
 
Komitə sədri bildirib ki, bu məsələlər ABŞ Konqresinin Helsinki Komissiyasında “Demokratiyaya dəstək və Ermənistanın Qərb gələcəyi” mövzusunda keçirilən dinləmələrdə müzakirə olunub:
 
“Kardin bildirib ki, Azərbaycan “Dağlıq Qarabağda” guya etnik təmizləmə aparmaqla yanaşı, Ermənistanın suveren ərazilərinə təcavüzü davam etdirərək “Ermənistanın suverenliyinin bir hissəsini zorla məhv etməyə” çalışır. Kardin konkret faktlara istinad etmədən sülh prosesinin hazırkı şərtlərini qeyri-bərabər hesab edərək, bunun sərhəd məsələlərinin həll olunmamasına işarə edib. Məlumdur ki, bu, kökündən yalandır, sadəcə olaraq iki dövlət vasitəçi olmadan bu məsələni özü həll edir, mövcud durum isə ABŞ-ı razı sala bilməz. Dəvət edilən, birbaşa ermənilərlə maddi cəhətdən bağlılıqları olan və Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən maliyyələşən ekspert adlandırılan, əsasən daşnaklarla əlbir olanlar yalan bəyanatlar səsləndirərək iddia edirlər ki, Azərbaycanın “Dağlıq Qarabağ”a hücumu və Ermənistanın suveren ərazisini işğal etməsi Ermənistanın təhlükəsizliyinə birbaşa təhdiddir.
 
Hətta bir az da irəli gedərək, guya Azərbaycanın Ermənistan ərazilərində hərbi mövcudluğunun gücləndirilməsi və Azərbaycanın növbəti hərbi eskalasiyası qarşısında Ermənistanın zəifliyini müzakirə ediblər. Guya Azərbaycan danışıq prosesini uzadır, Konstitusiya ilə bağlı tələblər irəli sürür və sair. Ən çox canfəşanlıq edən ermənipərəst Konqres üzvləri Anna Eşu və Kris Smit ABŞ prezidenti Co Bayden administrasiyasını Azərbaycanı “Dağlıq Qarabağdakı soyqırım təcavüzünə görə məsuliyyətə cəlb etməyə” çağıran absurd ikipartiyalı qətnamə təklif ediblər”.
 
Arzu Nağıyev xatırladıb ki, bundan fərəhlənən Amerika Erməni Milli Komitəsi (ANCA) avqust ayında Konqresin sentyabrın 19-da “Azərbaycanın artsaxda 2020-2023-cü illər soyqırımı”na (?! - red.) görə cavabdehlik daşıması üçün tədbir keçirəcəyini açıqlamışdı:
 
“Təbii ki, Azərbaycan dövləti bu qondarma bəyanatların absurd olduğunu bilirdi və dünya ictmaiyyətinə də kimin haqlı olduğunu dəfələrlə bildirmişdi. Buna baxmayarq, yenə də 60-a yaxın amerikalı qanunverici dövlət katibi Entoni Blinkinə müraciət edərək COP29 iqlim sammitinə qədər siyasi məhbusları azad etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyi xahiş edib, eyni zamanda Ermənistana qarşı “sülh danışıqlarını pozma riski” daşıyan, onların təbirincə desək, “təxribatçı” bəyanatları pisləməyə çağırıblar”.
 
Komitə sədri qeyd edib ki, bu müraciətlərə Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhər sakinləri ilə görüşdə faktlara söykənən, beynəlxalq hüquq normalarına uyğun verdiyi cavab mükəmməldir:
 
“Prezident bidirdi ki, “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.
 
Dövlət başçısı deyib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri-özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
 
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ABŞ nə vaxt lazım olanda, Azərbaycana qarşı sanksiyalar tətbiq edir və dayandırır. ABŞ Azərbaycana qarşı hələ 1992-ci ildə sanksiyalar tətbiq etdi, lakin doqquz ildən sonra dayandırdI. Çünki Əfqanıstanın işğalına başladılar və Azərbaycan onlara lazım idi. Onlar Əfqanıstanda qaldıqları müddətdə ABŞ prezidenti hər il bu sanksiyaları dayandırırdı. Oradan qaçan kimi - bütün dünyanın gözü qarşısında yenə bizə qarşı sanksiyalar tətbiq etdilər. Yəni bizə ehtiyacları olanda bu sanksiyaları qaldırır, ehtiyacı olmayanda yenidən bərpa edirdilər. Cənab Prezidentin dediyi kimi Vaşinqton Bakı ilə dost olmaq istədiklərini deyir. Belə olduğu halda “Hansı dostluqdan danışırıq?”
 
Yaxın bir tarixə baxsaq, Azərbaycana qarşı yeni sanksiyalar 2023-cü ilin sentyabrında Bakının Qarabağda lokal antiterror tədbir keçirməsi, nəticədə 2024-cü il yanvarın 1-də tanınmamış separatçı bir qurumun mövcudluğunu dayandırması ilə bağlı müzakirələrə başlanılıb. Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ABŞ prezidentinə müraciət edərək Azərbaycana qarşı sanksiya tətbiq edilməsi xahişi ilə müraciət edib. Bundan başqa, 2024-cü ilin aprelində ABŞ konqresmeni Dina Titus bildirdi ki, o, Bakının Qarabağda hərəkətlərinə və “siyasi müxalifətə qarşı amansız repressiyaya” görə 44 Azərbaycan rəsmisinə qarşı sanksiyalar layihəsi hazırlayıb.
 
Yəni bunlar hamısı Azərbaycanın həyata keçirdiyi müstəqil daxili və xarici siyasəti həzm etməməkdən irəli gəlir, eyni zamanda Ermənistanı vasitə seçərək Cənubi Qafqazda nüfuz sahibi olmağa çalışırlar. Üstəlik, Cənubi Qafqaz ABŞ üçün Rusiyanın təsirini azaltmaq baxımından vacibdir”.
 
Ermənistana gəlincə, Arzu Nağıyev bildirib ki, xüsusən də problemlərin həlli baxımından ABŞ-ın bu ölkə ilə bağlı heç vaxt məqsədyönlü siyasəti olmayıb, bu gün də yoxdur:
 
“Çünki ermənilər nə qədər özlərini qərbpərəst aparmağa çalışsalar da, Rusiyanın vassalıdırlar. Bundan da doğan təzahürlər ondan ibarətdir ki, hər ölkədə faktiki olaraq milli təhlükəsizlik strategiyası müxtəlifdir, burada əsas prioritet Rusiya və Çinin siyasətinə qarşı durmaqdır. Məhz bu məntiqlə ABŞ bizim regionda da fəaliyyət göstərir.
 
Vaşinqtonun Cənubi Qafqazın ayrı-ayrı dövlətləri, o cümlədən Azərbaycan, Ermənistan və ya Gürcüstanla ciddi problemi yoxdur. Çünki Cənubi Qafqaz Yaxın Şərq deyil, burada ABŞ-ın İsrail kimi ciddi strateji müttəfiqi də mövcud deyil. Ona görə də qarşılıqlı səfərlərə ABŞ-ın regional maraqları kontekstində baxmaq lazımdır. Aydın məsələdir ki, ABŞ-ın Ermənistanda çox böyük təsiri olsa da, Azərbaycan və Gürcüstandan kənarda, tək Ermənistanla heç nə edə bilməyəcəklər.
 
Azərbaycanla diktə yolu ilə danışmaq, əsassız, heç bir beynəlxalq sənədlərə istinad etmədən itiiham etmək, lüzumsuz sanksiyalar tətbiq etməyə çalışmaq, bunu məhz özlərinin seçkiqabağı kampaniyasında piar kimi istifadə etmək mümkün olmayacaq. Çünki Azərbaycanın əsas məqsədi suverenliyini və ərazi bütövlüyünü qorumaq, istənilən təhdidin qarşısını almaq və hər bir vətəndaşımızın rifahını təmin etməkdir”.
 
Link kopyalandı!
Son xəbərlər