"Ermənistan Baş naziri Nikol Paşinyan eyni sözləri dəfələrlə səsləndirməklə fikir yayındırmağa çalışır. Amma nəzərə alsaq ki, 2020-ci il 10 noyabr anlaşmasının doqquzuncu maddəsində açıq şəkildə Zəngəzur dəhlizinin iş rejiminin necə olması ilə bağlı hər şey yazılıb. Orada birmənalı şəkildə qeyd olunub ki, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəhlizdə, yüklərin və vətəndaşların hərəkətinin təhlükəsizliyinə Ermənistan təminat verir. Rusiya Sərhəd qoşunları isə nəzarəti həyata keçirir".
Moderator.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, bu baxımdan Paşinyanın son fikirləri manipulyasiya kimi qiymətləndirilməlidir:
“Həmçinin həmin dəhlizdə nəzarətin üçüncü ölkəyə verilməsi ilə bağlı məsələdən Ermənistan yayınmağa çalışır. İrəvan bu öhdəlikləri yerinə yetirmək istəmir. Bu, anlaşılandır, çünki Amerika və Qərbdən də Ermənistana bu məsələdə dəstək var. Bununla bağlı keçən ilin noyabr ayında ABŞ dövlət katibinin müavini Ceyms Obrayn Konqresdəki dinləmələrdə Amerikanın mövqeyini birmənalı ortaya qoymuş və bu dəhlizin İrandan yan keçməsində, o cümlədən Rusiyanın nəzarətində olmamasında maraqlı olduqlarını ifadə etmişdi. Bu baxımdan, Azərbaycan bu məsələdə, ilk növbədə Ermənistanın öz üzərinə düşən öhdəliklərini yerinə yetirilməsini istəyir. Xüsusilə də təhlükəsizlik və nəzarət məsələsində Azərbaycan Ermənistana etimad göstərmir. Azərbaycan bu məsələdə kifayət qədər haqlıdır. Belə ki, Ermənistan cəmiyyətindəki və hüquq mühafizə orqanlarındakı psixologiyanı nəzərə aldıqda İrəvanın təhlükəsizliyə tam şəkildə təminat vermək imkanında olmadığı açıq şəkildə görünür. Eyni zamanda Ermənistan bir dövlət olaraq özünün təhlükəsizliyi ilə bağlı qarantiyaları başqa ünvanlarda axtarır. Bu, açıq şəkildə o deməkdir ki, Ermənistan öz təhlükəsizliyinə təminat verə bilmədiyi halda, Zəngəzur dəhlizinin təhlükəsizliyinə necə təminat verə bilər? Amma Azərbaycan bir formada əsas istəyi ondan ibarətdir ki, Naxçıvanla maneəsiz və təhlükəsizlik əlaqə təmin edilsin”.
Zəngəzur dəhlizindəki iş rejimi və nəzarətin kimdə olması ilə bağlı məsələyə gəlincə, politoloq hesab edir ki, bunu Ermənistan Rusiya ilə həll etməlidir:
“Rusiyanın da mövqeyi ondan ibarətdir ki, Ermənistan 10 noyabr üçtərəfli bəyanata görə, öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Ermənistan indiyə qədər bu prosesdə fərqli təkliflərlə manipulyasiya etməyə çalışır. Bir il öncə Ermənistanda kommunikasiya xətlərinə nəzarəti həyata keçirmək üçün Ermənistan Təhlükəsizlik Xidmətinin tərkibində xüsusi bir bölmə yaradıldı. Onlar kommunikasiyalar üzərində təhlükəsizliyə təminat verməli idilər. Bundan başqa, son dövrlər Ermənistanda dövriyyəyə digər bir variant buraxılıb. Belə ki, hansısa bir xarici şirkətin bu təhlükəsizliyi həyata keçirilməsi ilə bağlı təkliflər də var. Əlbəttə, bunlar da çox güman ki, Amerika və Qərb tərəfindən İrəvana verilən təlimat əsasında səsləndirilən fikirlərdir.
Çünki bu tip şirkətlər Qərbdə fəaliyyət göstərir. Onlar daha çox böyük dövlətlərin təsiri altında olan şirkətlərdir. Eyni zamanda onların siyasətlərini həyata keçirməyə bağlı mükəlləfdirlər”.