İran öz silahı ilə “vuruldu”: Pezeşkian çətin durumda
Siyasət
2527
15 Sep 2024 | 00:37

İran öz silahı ilə “vuruldu”: Pezeşkian çətin durumda

Avropa İttifaqı (Aİ) Rusiyaya ballistik raketlər göndərdiyinə görə İranı ittiham edib və yeni sanksiyaların elan olunacağını bildirib. Aİ-nin xarici işlər komissarı Cozef Borrel Tehrana bu məsələdə dəfələrlə ciddi xəbərdarlıq edildiyini bildirib.
 
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın İrandan aldığı ballistik raketləri yaxın həftələrdə Ukraynaya qarşı istifadə edə biləcəyini açıqlamışdı.
 
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İran – Rusiya əməkdaşlığı hazırda yüksək səviyyədə davam edir: 
 
“Bundan əvvəl də tək Avropa İttifaqının rəsmiləri yox, Ukrayna Prezidenti Volodimir Zelenski də İranı Rusiyaya öldürücü silahlar ötürməkdə ittiham etmişdi. Tehran Moskvanın raket ehtiyatının çoxaldılması istiqamətində addımlar atır. Maraqlı məqam odur ki, İran Rusiya ilə Ukraynada əməkdaşlıq edir, Qərbin ağır sanksiyalarına rəğmən Rusiyanı dəstəkləyir. Lakin buna baxmayaraq rəsmi Cənubi Qafqazda Moskva ilə rəqabətə girərək ona qarşı müxtəlif ittihamlar səsləndirir.
Zeynal Əmrəliyev
 
İranın Ukrayna qarşısında Rusiyanı bu şəkildə dəstəkləməsi ölkə daxilində də narazılıq yaradır. Bir müddət əvvəl keçmiş prezident Mahmud Əhmədinejad ölkə rəhbərliyinin bu siyasətini tənqid etmişdi. İranın Rusiyaya ötürdüyü raketlər həm Brüsselin, həm də Vaşinqtonun diqqətindədir. Buna görə, hətta Tehrana tətbiq olunan sanksiyaların ağırlaşdırılması barədə də fikir mübadiləsi aparılır. Əgər İran bu siyasətindən əl çəkməsə, Qərblə münasibətləri normallaşdırmaq istəyən yeni prezident Məsud Pezeşkian hökuməti bu məsələdə çox çətinlik çəkəcək”.
 
Politoloqun sözlərinə görə, İran faktiki olaraq dünyadakı qütbləşmənin fəal iştirakçısına çevrilib:
 
“Bu, Tehranın özünün ziyanınadır. Onun Rusiyaya silah ötürməsi İsrailin də işinə yarayır. Beləliklə Qərbin İrana qarşı daha sərt cəbhə açmasına səbəb ola bilər. Tehrandan göndərilən silahların Ukraynadakı müharibəyə təsirinə gəlincə, bunun o qədər də ciddi olması gözlənilən deyil. Çünki Qərb Ukraynanı aktiv şəkildə silahlandırır. Onun Kiyevə göndərdikləri Tehranın Moskvaya verdiklərindən daha güclüdür. Buna görə də İranın addımı sadəcə özünə qarşı mənfi münasibət yaradacaq məsələdir”.
Link kopyalandı!
Son xəbərlər