Filoloq alim: “Arxasınca ortaq dərsliklər, ortaq pul vahidi, ortaq ordu və s. gələcək”
Xəbər verildiyi kimi, sentyabrın 11-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Türk Dünyası Ortaq Əlifbası Komissiyasının 3-cü iclası başa çatıb. Bu sahədə əldə edilən məlumatlardan və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün əlifba layihəsi elan edilib. 34 hərfdən ibarət və bütün türk dillərinin fonemlərini əks etdirən ortaq türk əlifbası layihəsi razılaşdırılıb.
Məlumata görə, əlifba ilə bağlı ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən təşəbbüs irəli sürülüb. Latın əlifbası əsasında Ortaq Türk Əlifbası layihəsinin hərtərəfli nəzərdən keçirildiyi və komissiya üzvlərinin bu əlifba layihəsində hazırlanması lazım olan məsələlərlə bağlı uyğun qərarlar verildiyi vurğulanıb.
Açıqlamada aşağıdakılar qeyd edilir: “Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir”.
Bildirilib ki, əlifba Türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edir.
Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov qeyd edib ki, vahid əlifbanın tətbiq olunması türk xalqları arasında əlaqələrin inkişafını sürətləndirəcək, türk birliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək, mədəni əlaqələr daha da genişlənəcək.
Ramin Əhmədov: “Vahid əlifbanın tətbiq olunması türk xalqları arasında əlaqələrin inkişafını sürətləndirəcək”
“Vahid əlifbanın qəbul olunması, sözsüz ki, Türk Dövlətləri Təşkilatının siyasi perspektivlərinə də öz müsbət təsirini göstərəcək. Vahid əlifba Türk dövlətləri, türk xalqlarının birliyinin növbəti bəyanıdır” - deyə TAİB təsisçisi vurğulayıb.
Bəs qərarın konkret davamı nədən ibarət olacaq, hansı işlər görüləcək? Ortaq Türk əlifbası Türk dünyasına nə verəcək? Azərbaycan əlifbası ortaq əlifbaya uyğunlaşdırılacaq, yoxsa...?
Sabiq təhsil naziri, vaxtilə ortaq əlifba məsələsi ilə məşğul olmuş türkoloq, filoloq alim Firudin Cəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Firudin Cəlilov qeyd edib ki, Azərbaycan artıq 33 ildir ki, orta türk əlifbasından istifadə edir:
“İndi təsdiqlənən ortaq türk əlifbası elə Azərbaycan əlifbasıdır.
Bu, 1991-ci ildə İstanbulda qəbul olunub. Komissiyada mən də olmuşam. Türk ölkələrindən gələn alimlər 34 hərfdən ibarət əlifba qəbul etdilər. Mən də həmin əlifbanı Əlifba Komissiyasının sədri kimi parlamentimizə təqdim etdim. Belliklə də biz artıq 33 ildir ki, bu əlifbanı işlədirik. Hətta Türkiyə kimi dövlət bizdən 33 il geri qalır. Türkiyə 33 ildir hələ də 3 hərfi artıra bilmir ki, ortaq əlifbaya keçə bilsin. Əlifba asan məsələ deyil. Əlifba dövlət atributudur
Türk Dünyası indi həmin, bizim işlətdiyimiz əlifbanı qəbul edib. Tatarlar əlifbadakı 34 hərfin hamısını qəbul ediblər. Onlarda “N” və “U” hərfi işlədilir. Bizim dildə bu səslər yoxdur. Məsələn, biz “dağ” deyirik, qazaxlar, tatarlar “tau” deyirlər. Yəni bu hərflər onlar üçündür, biz işlətməyəcəyik, öz əlifbamızda qalacağıq. 34 hərf hamı üçün qəbul edilib, amma kimdə hansı səs yoxdursa, o hərfi qəbul eləmir. Yerdə qalan hərflərin hamısı eyni olduğu üçün bu, ortaq əlifba sayılır.
Firudin Cəlilov ortaq əlifbanın türk dünyası üçün əhəmiyyətinin bu cür izah edib:
“Türk ölkələrinin birliyi ideyası yeni deyil. Hələ 30 il əvvəl Turqut Özen bizimlə söhbətdə deyirdi ki, türk dünyasının birliyini yaratmaq lazımdır. Artıq bu ideya dövlət səviyyəsində öz yoluna düşməyə başlayıb. Lakin bu ideyanın gerçəkləşməsinə gedən yol var. Bu yolun ilk addımı ortaq əlifbadır. Beləliklə, artıq ilk addım atılırsa, arxasınca ortaq dərsliklər, ortaq pul vahidi, ortaq ordu və sairə gələcək. Bir də gözümüzü açıb görəcəyik ki, 10-15 ilə Avropa ölkələrinin birliyi kimi burada da mərkəzi Azərbaycan olmaqla Türk Dövlətləri Birliyi yaranıb. Sonda Ortaq Türk Əlifbasını reallaşdıranları, onu gündəmə gətirənləri təbrik edirəm".