Prezident İlham Əliyevin İtaliyadan dünyaya verdiyi ÖNƏMLİ MESAJLAR
Siyasət
1507
07 Sep 2024 | 16:29

Prezident İlham Əliyevin İtaliyadan dünyaya verdiyi ÖNƏMLİ MESAJLAR

Prezident İlham Əliyev 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edərək mühüm mesajlar verdi.
 
Prezident bildirdi ki, uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər:
 
“Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.
 
Məlumat üçün bildirək ki, Azərbaycan və İtaliya arasında geniş iqtisadi əlaqələr var.  Keçən il Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard  dollar olub ki, bunun da əsasını ölkəmizin ixracatı təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollara çatıb.
 
17256216823951517047_1200x630.jpg (116 KB)
 
Prezident çıxışında qeyd etdi ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır:
 
 “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”.
 
Qeyd edək ki,  "Cənub qaz dəhlizi"nin axırıncı məntəqəsi də məhz İtaliyadır ki, bu da çox önəmli faktordur. Dəhliz Azərbaycandan başlayaraq Gürcüstanın, Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından 3500 kilometr yol keçərək İtaliya torpağına çatır və orada bu ölkənin  "Snam Rete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.
 
"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ölkələrimiz arasında enerji əməkdaşlığını möhkəmləndirən vacib amildir. Bu kəmər 2020-ci il dekabrın 31-dən qaz nəql edir və İtaliyanın enerji təhlükəsizliyinə  öz töhfəsini verir. Təkcə keçən il TAP-la İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub.
 
Ölkə prezidenti çıxışında bildirdi ki, ikitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır:
 
“Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. İkitərəfli münasibətlərimiz qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir”.
 
romada-1140x641.jpg (146 KB)
 
İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlər sırasında olub. Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyev İtaliyaya rəsmi səfər edib. 2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. Bu bəyannamə Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Bu bəyannamə imzalandıqdan sonra İtaliya ilə Azərbaycan arasında olan münasibətlər daha da sürətlə inkişaf etdirməyə başlayıb. İtaliya Ermənistan-Azərbaycan  Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.  2010-cu ildə İtaliya senatı Cənubi Qafqazdakı vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə də dövlətlərin sərhədlərinin dəyişdirilməsi yalnız onların razılığı əsasında baş  tuta bilməsi, münaqişələrin həllində  ərazi bütövlüyünün əsas prinsip kimi götürülməsi qeyd olunurdu.  Həmin ildə də İtaliyanın deputatlar palatasının xarici əlaqələr komitəsi eyni məzmunlu qətnamə qəbul edib.
 
Bu mövzuya da toxunan Azərbaycan prezidenti çıxışında qeyd etdi ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır:
 
“Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var. Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır”.
 
prezident_forum_020922_10.jpg (102 KB)
 
Prezident vurğuladı ki, münaqişəyə nəhayət son qoyuldu:
 
 “İşğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə nail ola bilərik. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər”.
 
Azərbaycan Prezidenti çıxışında dünyaya bir daha öz sülh mesajını verdi. Onu da qeyd edək ki, Azərbaycan 30 illik işğal dövründə də hər zaman sülhdən yana olub. Həmişə biz bəyan etmişik ki, başqa dövlətin torpağında gözümüz yoxdur, ancaq haqqımız olan ata-baba torpaqlarımızı da kimsəyə vermərik. Ermənilər isə illərlə bütün sülh danışıqlarını pozub, beynəlxalq qanunlara məhəl qoymayıblar.
 
Prezident çıxışında bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır:
 
325888_yr1xtvp69u-3.jpg (96 KB)
 
“Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Sözügedən amil Azərbaycana olan etibarın təzahürüdür. Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır. Qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair”.
 
Onu da qeyd edək ki, Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirib.  İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu deyib. Bu xüsusda, İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanın COP nümayəndə heyəti ilə yaxından əməkdaşlığı və Azərbaycanın COP prezidentinin G20 çərçivəsində İtaliyada keçirilən ekologiya nazirlərinin toplantısında iştirakı qeyd olunub. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər