Göründüyü kimi, tərəflər arasında ikitərəfli əlaqələr ziqzaqvari xarakter daşıyır, enib-qalxan tendensiya ilə inkişaf edir. Lakin nəzərə almaq lazımdır ki, müasir geosiyasətdə dövlətlər arasında əlaqələr təkcə ikitərəfli xarakter daşımır, həm də regional və qlobal siyasətə təsir edir.
Çox güman, son zamanlar Türkiyənin Bəşər Əsəd rejimi ilə əlaqələri normallaşdırmağa can atması həm də bununla bağlıdır. Əslində, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunmuşdu. Lakin görünməz əllər işə düşdü. Belə ki, B.Əsəd Türkiyə ilə dialoqdan imtina edib. Bildirilib ki, B.Əsəd dialoq üçün şərtlər irəli sürüb.
O, Türkiyənin Suriya torpaqlarından çıxmasının zəruriliyini ifadə edib. Halbuki bundan əvvəl B.Əsədin Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyi barədə məlumat yayılmışdı.
Rəsmi Ankaranın Bəşər Əsəd hakimiyyəti ilə münasibətlərinin normallaşmasında Rusiya da xüsusi rol oynayır. Çünki münasibətlərin normallaşması həm Ankaranın, həm də Moskvanın maraqlarına uyğundur. Bu, perspektivdə ABŞ-nin Suriyadakı təsir imkanlarının azaldılması və hər iki dövlətə qarşı mümkün təhdidlərin azaldılması deməkdir.
Suriyadakı Bəşər Əsəd rejimi ilə Türkiyə arasındakı münasibətlərin normallaşması həm də Türkiyəyə qarşı Suriyadakı terrorçuların təhdidinin zəifləməsi deməkdir.
Məlum olduğu kimi, uzun illərdir ki, Suriyanın şimalındakı PKK, YPG kimi terror təşkilatları vasitəsilə Türkiyəyə təzyiq edilir. İndiki məqamda rəsmi Ankaranın Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırması həm də terrora qarşı mübarizədə Türkiyənin əlini gücləndirə bilər.
Mümkündür ki, Türkiyənin öz maraqlarını təmin etməsini istəməyən bəzi qüvvələr hazırda "dirijor" rolunu oynayırlar. İstisna deyil ki, məhz görünməz əllər Bəşər Əsəd rejimi ilə Türkiyə arasında münasibətlərin normallaşmasına mane olmaq istəyir.
Xatırlatmaq yerinə düşər ki, son zamanlar ABŞ Suriyadakı terrorçulara dəstəyi artırıb. Oradakı terrorçulara hərbi texnika, o cümlədən silah-sursat göndərilir.
Son zamanlar Suriyadakı terrorçuların silahlandırılması da məhz destruktiv xarakter daşıyır və birbaşa olaraq Türkiyənin maraqlarını təhdid edir. İş orasındadır ki, bu proses Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması dövrünə təsadüf edir.
B.Əsədlə R.T.Ərdoğan arasında görüşün gözlənildiyi bir vaxtda yenidən gərginliyin yaranması təsadüfi deyil.
Görünən odur ki, ABŞ Türkiyə ilə Əsəd rejimi arasında münasibətlərin normallaşmasını istəmir və mümkün qədər bu prosesə mane olmağa çalışır.
Əlbəttə, Ankara mümkün qədər Vaşinqtonun bu oyununu pozmağa çalışacaq. Bunun üçün isə terrorçulara qarşı mübarizə yeni mərhələyə qədəm qoymaqla yanaşı, həm də Əsəd rejimi ilə diplomatik münasibətlərin bərpası istiqamətində səylər güclənə bilər. /Report/